“Bankirlər” “köhlən atlar”ı “çapa” biləcək?
Bizi izləyin

İdman

“Bankirlər” “köhlən atlar”ı “çapa” biləcək?

“Bankirlər” “köhlən atlar”ı “çapa” biləcək?

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına start veriləcək.

Publika.az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçiriləcək.

“İnter”in 4 illik həsrəti

Təbii ki, bütün diqqətlər “Qarabağ”-“İnter” qarşılaşmasına yönələcək. Bu oyun Azərbaycan çempionunun müəyyənləşməsi yönündə həllədeci qarşılaşma sayılır. “Qarabağ”ı heç-heçə də təmin edirsə, “İnter”ə mütləq qələbə lazımdı. “Köhlən atlar”la “bankirlər” arasında 6 xallıq fərq var. Bu qarşılama “İnter” üçün məhz 6 xallıq oyundu. “Bankirlər” çempionluq mübarizəsini davam etdirmək üçün “köhlən atlar”ı “çapmağa” borcludurlar. Bu, çempionatda tərəflər arasındakı 39-cu matç olacaq. İndiyədək baş tutan matçlarda “Qarabağ”ın böyük üstünlüyü var. Belə ki, ağdamlılar 17, bakılılar 9 qələbə qazanıb, 12 matçda qalib müəyyənləşməyib. “Qarabağ”ın 42 qoluna “İnter” 25 dəfə cavab verə bilib. 4 ildi rəqibini məğlub edə bilməyən “İnter” son 14 matçda qələbə həsrətindədi. 39-cu duel öncəsi böyük üstünlüyə malik “Qarabağ” cari mövsümdə 3 qələbə qazanıb - 2:1, 2:0, 3:0.

“Qəbələ” “Bakı”nın arzusunu dəfn edəcək?

Son turlar yenidən uğurlu qrafik cızan “Qəbələ” “Bakı”nı qəbul edəcək. Bu qarşılaşmanın da prinsipiallığını artıran məqam var. “Qəbələ” qalib gələcəyi təqdirdə “Bakı”nın avrokubok arzusunu dəfn etməklə yanaşı, özü Avropaya qapını açmış olacaq. Tərəflər çempionatda 24-cü dəfə üz-üzə gələcəklər. İndiyədək baş tutan oyunlarda “Bakı”nın böyük üstünlüyü var - 12 qələbə. “Qəbələ” 6 dəfə 3 xala sevinib, 5 oyunda qalib müəyyənləşməyib. Paytaxt təmsilçisinin 27 qoluna bölgə klubu 19 dəfə cavab verə bilib.

Son 5 oyunda meydanı qolsuz tərk etməyən “Qəbələ” bu matçlarda rəqibinə uduzmayıb. Əyalətdəki son 3 qarşılaşmanın hərəsində iki qol vurulub. Cari mövsümdə baş tutan ilk iki oyunda "Qəbələ" qələbə qazanıb - 2:1, 2:0. Son matç isə 1:1 hesablı qələbə qazanıb.

“Sumqayıt” da eyni aqibəti yaşayacaq?

Daha bir qarşılaşma Lənkəranda baş tutacaq. Bütün iddiasını itirən “Xəzər Lənkəran” elitada yerini qorumağa çalışan “Sumqayıt”ı qəbul edəcək. Cənub klubu ötən tur bu missiya üçün vuruşan “Rəvan”a aman vermədi. “Ağ-yaşıllar”ın “Sumqayıt”a da eyni aqibəti yaşadıb-yaşatmayacağı maraq doğurur. Bu, tərəflər arasındakı çempionatda 10-cu matç olacaq. İndiyədək baş tutan oyunlarda “Xəzər Lənkəran”ın qələbə sayı heç-heçə bitən oyunların sayına bərabərdi - 4. “Sumqayıt” cəmi 1 dəfə 3 xala sevinib. Lənkəranlıların 14 qoluna sumqayıtlılar 9 dəfə cavab verə bilib. Cənublular cari mövsüm hər 3 matçda rəqib qapısına yol tapa bilib. Tərəflər arasında mövsümün ilk oyunu 1:1 hesabı ilə başa çatıb. Növbəti iki oyunda "Xəzər Lənkəran" 4:0 və 1:0 hesablı qələbə qazanıb.

“Neftçi” bu rəqibə də qalib gəlməyib…

Düşərgəsində əhval-ruhiyyə qaydasında olmayan “Neftçi” AZAL-ın qonağı olacaq. “Ağ-qaralar” 3-cü pilləni əldən verməmək üçün bu qarşılaşmada mütləq qalib gəlməlidi. AZAL Tərlan Əhmədovun gəlişindən sonra qələbə üzünə həsrətdi. “Neftçi” bu rəqibə də qalib gəlməyib, kimə qalib gəlməlidi? Tərəflər çempionatda 22-ci dəfə qarşılaşacaqlar. İndiyədək baş tutan oyunlarda “Neftçi”nin böyük üstünlüyü var. Belə ki, “ağ-qaralar” 11, “təyyarəçilər” 4 qələbə qazanıb, 6 oyunda qalib müəyyənləşməyib. “Neftçi”nin 36 qoluna AZAL 18 dəfə cavab verə bilib. Son 9 dueldə heç-heçə etməyən Bakı klublarının hər ikisi bu görüşlərdə meydanı qolsuz tərk etmir. Komandalar sonuncu dəfə 2010-cu ilin 1 oktyabrında meydandan sülhlə ayrılıb - 0:0. Cari mövsümdə “Neftçi” 2 (4:1, 2:1) AZAL isə 1 (2:1) qələbə qazanıb.

Bayılda ölüm-qalım məsələsi

Bayılda baş tutacaq qarşılaşma “Rəvan” üçün ölüm-qalım məsələsidi. Güvənc Kurtarın yetirmələri iddiasız “Simurqa da qalib gələ bilməsələr, böyük ölçüdə elita ilə vidalaşacaqlar. Bu, çempionatda tərəflər arasındakı 10-cu matç olacaq. “Simurq” “Rəvan”la oyunlarda böyük üstünlüyə malikdi. Belə ki, 9 matçdan 5-də Zaqatala təmsilçisi qələbə qazanıb, 4-də heç-heçə qeydə alınıb. Bakılılar rəqib qapısına 3 dəfə yol tapa bilib. Zaqatala klubu isə buna 12 topla cavab verə bilib. Son 4 qarşılaşmada “Rəvan” qol da vura bilməyib. Mövsümün hər 3 matçında “Simurq” qalib gəlib - 2:0, 3:0, 2:0.

7 may

Qəbələ - Bakı

Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Teymur Fərhadov.

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Abbas Hüseynov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

Qəbələ şəhər stadionu. Saat 17.00.

Rəvan - Simurq

Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, İsgəndər Əliyev, Ramil Diniyev.

AFFA nümayəndəsi: Telman Əzizov.

Hakim-inspektor: Rövşən Əhmədov.

“Bayıl Arena”. Saat 18.00.

AZAL – Neftçi

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Fərid Məmmədov.

AFFA nümayəndəsi: Sakin Məmmədzadə.

Hakim-inspektor: Gülağa Cabbarov.

“AZAL Arena”. Saat 18.00.

Xəzər Lənkəran – Sumqayıt

Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Rahil Ramazanov, Xəlil Hüseynli.

AFFA nümayəndəsi: Vaqif Davudov.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

“Xəzər Lənkəran” mərkəzi stadionu. Saat 18.00.

Qarabağ – İnter

Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mehman Mahmudov, Ramil Əhmədov.

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Asim Xudiyev.

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm