“Gangnam Style”, toyuq qanadı və kolanın zədələdiyi ulduzlar
Bizi izləyin

İdman

“Gangnam Style”, toyuq qanadı və kolanın zədələdiyi ulduzlar

Futbol tarixində qeyri-adi şəkildə zədə alan bir neçə futbolçunu xatırlayaq.

“Trabzonspor”un yarımmüdafiəçisi Olcay Şahan qəribə zədə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Superliqanın XXIII turunda “Karabükspor” üzərində qazanılan qələbənin (1:0) memarlarından olan futbolçu matçdan sonra yerli “kolbastı” rəqsi oynayarkən zədələnib.

Olcay yaşıl meydanlardan kənarda bədbəxt hadisə ilə üzləşən ilk oyunçu deyil. Bu yazıda futbol tarixində qeyri-adi şəkildə zədə alan bir neçə futbolçunu xatırlayacağıq.

Ever Baneqa

Baneqa “Valensiya”da oynayarkən yanacaqdoldurma məntəqəsində avtomobilinin əl əyləcini çəkməyi unudub. Bu diqqətsizlik ona baha başa gəlib. Nəticədə maşın arxaya doğru hərəkət edib və futbolçunun ayağı təkərlə səki arasında qalıb. Topuq nahiyəsində sınıq əmələ gələn argentinalı əməliyyat olunub və 6 ay futboldan uzaq qalıb.

Devid Betti

Karyerası ərzində “Lids”, “Blekbörn” və “Nyukasl”ın formasını geyinmiş Betti öz övladı tərəfindən zədələnib. Belə ki, 2 yaşlı kiçik qızı Toddler üçtəkərli velosipedlə atasının ayağının üstündən keçib. Bu, Bettinin əzələsinin qırılmasına gətirib çıxarıb.

Karlo Kudiçini, Devid Simen, Devid Ceyms

Bəzən evdə istifadə edilən zərərsiz bir əşya futbol dünyasının qorxulu alətinə çevrilə bilir. İngiltərə millisinin sabiq qapıçısı Devid Ceyms ona tərəf atılan televizor pultunu tutmaq istəyərkən zədələnib.

“Arsenal”ın əfsanəsi Devid Simen isə masa üzərindəki pultu götürmək istəyərkən bel əzələsindən xəsarət alıb.

“Çelsi”də “iki nömrə” olmaqla ad çıxaran daha bir qapıçı Karlo Kudiçini də Simen kimi, pultu ələ keçirməyə dizini zədələyərək nail olub.

Santiaqo Kanizares, Deyv Bizent

Deyəsən, qapıçılar meydandan kənarda nəyisə yaxalamaqda heç də uğurlu deyillər. 4 dəfə La Liqanın ən yaxşı qapıçısı seçilən Santiaqo Kanizares üzünü qırxdıqdan sonra losyondan istifadə etmək istəsə də, şüşə əlindən düşərək ayaq barmağını kəsib. Məhz buna görə, DÇ-2002-nin final mərhələsində İspaniya millisinin bir nömrəli qapıçısı İker Kasilyas olub.

İngiltərə Federasiya Kubokunun finalında penalti qaytaran ilk qapıçı kimi tarixə düşən Deyv Bizent isə salat qabını əlindən salaraq ayağını zədələyib.

Devid Bekhem

Əfsanəvi ingiltərəli Devid Bekhem də “Mançester Yunayted”də olarkən qəribə hadisə ilə üzləşib. Baş məşqçi Aleks Ferqyuson “Arsenal”la Federasiya Kuboku matçından sonra paltardəyişmə otağında hirsindən butsu təpikləyib. Bəxtsizlikdən həmin buts Bekhemin üzünə çırpılıb və onun qaşını partladıb.

İvano Bonetti

Toyuq “yeyərkən” zədələnən futbolçu təsəvvür edə bilirsiz? İtaliyalı sabiq yarımmüdafiəçi Bonetti “Yuventus” və “Sampdoriya”dan sonra İngiltərəyə yollanaraq, “Qrimsbi Taun”la anlaşıb. “Lyuton Taun”a 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra baş məşqçi Brayan Lyus bir boşqab toyuq qanadını futbolçuya atıb. Nəticədə Bonettinin almacıq sümüyü qırılıb.

Yari Litmanen

Finlandiya millisindəki və “Fulhem”dəki baş məşqçisi Roy Hocson onu futbol tarixinin ən bəxtsiz adamı hesab edir. “Malmö”də olanda klubun idman direktoru Litmanenin yanında bir qutu kola açıb. Maraqlıdı ki, kolanın biri açılıb və qazı futbolçunun gözünə tökülüb. “Fulhem”də çıxış edərkən isə qapıçı Rikardo Batistanın havaya atdığı kola Litmanenin başını yarıb.

Rio Ferdinand, Dida

Bir insan hərəkətsiz vəziyyətdə necə xəsarət ala bilər? Rio Ferdinand və Dida bunun cavabını yaxşı bilərlər. Ferdinand “Lids”də olarkən 2001-ci ildə ayaqlarını uzadaraq televiziyaya baxıb. Bir neçə saat hərəkətsiz vəziyyətdə oturan İngiltərə millisinin sabiq müdafiəçisinin ayaqları keyiyib. Qalxmaq istəyərkən isə diz bağlarında problem yaranıb.

Dida 2008-ci ildə “Milan”ın “Parma” ilə keçirdiyi çempionat oyununda kürəyindən ağrı hiss edib. Qəribəsi budu ki, hadisə qolkiper ehtiyatda oturduğu vaxt baş verib.

Paulo Dioqo

İsveçrəli futbolçu “Servette”də olarkən oyunların birində 87-ci dəqiqədə qol ötürməsini verib. Qolu qeyd etmək üçün isə tora dırmaşıb. Tərslikdən nişan üzüyü tora ilişib. Qurtulmaq üçün isə əlini çəkəndə barmağının torda qaldığını görüb. Maraqlıdı ki, bunu görməyən baş hakim vaxtı uzatdığını əsas gətirərək Dioqoya sarı vərəqə göstərib.

Dieqo Maradona

Futbol əfsanəsinin DÇ-2010 zamanı saqqal saxlaması hamının diqqətini çəkmişdi. Sən demə, argentinalı bunu məcburiyyətdən edib. Belə ki, turnirin startından 3 ay əvvəl Maradona iti ilə oynayarkən qəribə hadisə ilə üzləşib. Belə ki, iti Dieqonun üzünü dişləyib və baş məşqçinin dodağının üstünə 10 tikiş qoyulub. O isə bunu saqqal saxlayaraq örtməyə çalışıb.

Rüştü Rəçbər

1999-cu ildə mövsümün sonuna yaxın “Fənərbaxça” çempionluq yarışında əsas rəqiblərindən olan “Beşiktaş”la oyuna hazırlaşırmış. Birincilərin əsas qapıçısı Rüştü Rəçbər matçdan bir neçə gün əvvəl həyat yoldaşına qəzəblənərək güzgüyə yumruq atıb və əlini kəsib. Qolkiper bu səbəbdən derbini buraxmalı olub. “Beşiktaş” isə rəqib qapıçısının kobud səhvləri ucbatından səfərdən qalibiyyətlə dönüb (2:1). Həmin mövsümü 3-cü pillədə bitirən “Fənər” bunun səbəbini Rüştüdə görərək, kapitanlığı ondan alıb.

Adil Rami

“Sevilya”nın müdafiəçisi Adil Rami “Valensiya”da çıxış edəndə bir əyləncə mərkəzində “Gangnam Style” mahnısını oynamaq üçün səhnəyə çıxıb. Ancaq bu rəqs ona baha başa gəlib və zədələnərək, 3 oyunluq sıradan çıxıb.

apasport.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm