Cüdo yığmamız “Böyük dəbilqə”də 2-ci yeri tutdu - - FOTOLAR
Bizi izləyin

İdman

Cüdo yığmamız “Böyük dəbilqə”də 2-ci yeri tutdu - - FOTOLAR

Turnirdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparıb.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinin martın 12-də keçirilən sonuncu yarış günündə Azərbaycan cüdoçuları ikisi gümüş, biri bürünc olmaqla üç medal əldə ediblər.

Publika.az xəbər verir ki, Rio Olimpiadasının gümüş mükafatçısı E.Qasımov (100 kiloqram) turnirdəki görüşlərinə dörddəbir final mərhələsindən başlayıb. O, israilli Peter Paltçik ilə qarşılaşmada rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə komanda yoldaşı Elxan Məmmədovu məğlub edən E.Qasımov yarışların finalına yüksəlib. Həlledici qarşılaşmada idmançımız Niderland cüdoçusu Mixael Korrelə “Qızıl xalla” məğlub olaraq turnirin gümüş medalına yiyələnib.

Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz M.Mehdiyev ilk qarşılaşmasına səkkizdəbir final mərhələsində başlayıb. Cüdoçumuz rəqibləri iranlı Vahid Nuriyə, Gürcüstan təmsilçisi Uşanqi Marcianiyə, komanda yoldaşı Əbdülhəqq Rəsulluya qalib gələrək finala yüksəlib. Finalda qazaxıstanlı rəqibi İslam Bozbayeva məğlub olan idmançımız turnirdə gümüş medalla kifayətlənib.

Digər idmançımız E.Məmmədov (100 kq) yarışda ilk qarşılaşmada estoniyalı Qriqori Minaşkinə qalib gəlib. İdmançımız final gedən yolda növbəti rəqibi, komanda yoldaşı Elmar Qasımovla görüşdən məğlub ayrılıb. Bürünc medal uğrunda mübarizədə digər Azərbaycan təmsilçisi Zelim Kotsoyevdən üstün olan E.Məmmədov yığmamıza bürünc medal qazandırıb.

Qaliblərə mükafatları Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, federasiyanın vitse-prezidenti Sadıq Sadıqov, Olimpiya çempionu Nazim Hüseynov və Paralimpiya çempionu İlham Zəkiyev təqdim ediblər.

Xatırladaq ki, turnirin ilk iki yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 3 bürünc medal qazanmışdı.

Beləliklə, “Böyük dəbilqə” turnirini millimiz 1 qızıl, 2 gümüş və 4 bürünc, ümumilikdə, yeddi medalla başa vuraraq komanda hesabında Niderlanddan sonra ikinci yeri tutub. Üçüncü yerə isə Yaponiya təmsilçiləri layiq görülüb.

Turnirdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparıb. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm