“Məqsədimiz “Qəbələ”ni brendə çevirməkdi”
Bizi izləyin

İdman

“Məqsədimiz “Qəbələ”ni brendə çevirməkdi”

“Məqsədimiz “Qəbələ”ni brendə çevirməkdi”

29 may - 1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında sayca 3-cü Qəbələ Kuboku keçiriləcək.

Artıq beynəlxalq turnirin bütün iştirakçıları da bəllidi. "Neftçi" (Azərbaycan), "Rapid" (Avstriya), "Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə), "Anderlext" (Belçika), "Udineze" (İtaliya) turnirdə yer alacaq komandalar olacaq.

Bundan başqa "Qəbələ"nin əsas komandası mayın 22-də ölkə kubokunun finalında "Neftçi" ilə çətin matça çıxacaq. "Qəbələ Kuboku"nun daha öncə keçirildiyini nəzərə alsaq, demək olar ki, "qırmızı qaralar" bu turnirdə müəyyən bir təcrübəyə sahibdi. Bəs tarixində ilk dəfə ölkə kubokunun final matçında oynayacaq əyalət komandasının hazırlıq planlarına nələr daxildi? Publika.az xəbər verir ki, Futbolinfo.az saytına müsahibə verən "Qəbələ"nin marketinq üzrə meneceri Səməd Nəsibov bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırıb:

- Yaxın günlərdə Türkiyədə səfər etmişdiz. Səfərin məqsədi nədən ibarət idi?

- Səfərin məqsədi "Qəbələ Kuboku" ilə bağlı bəzi məsələlərin həllinə nail olmaq idi. Bu turnirlə bağlı bir çox hazırlıq işlərimizi orada davam etdiririk. Məsələn, kubokları, medalları, komandaların bayraqlarını qardaş ölkədə hazırlatdırırıq. Həmçinin "Qəbələ Kuboku" turnirinin yayımlanması üçün "TRT Spor" kanalına müraciət etdik. Açılış mərasimi, açılış matçı, final oyunu və mükafatlandırma mərasimi sözü gedənkanalda canlı yayımlanacaq. Sabah (bu gün - red.) sənədlər imzalanacaq, məsələ rəsmi qaydada öz həllini tapacaq.

- Ötən mövsüm bu turniri "NTV spor" yayımlamışdı. Bu dəfə niyə məhz "TRT Spor"?

- "NTV Spor" turniri işıqlandırmaq üçün 20 maşın göndərmişdi. Əlavə xərclə yanaşı canlı yayım maşınlarının bir neçə ölkənin sərhəddindən keçməsi problem yaradırdı. Reytinq şirkətlərindən aldığımız rəqəmlərə görə, "TRT Spor" həm də izlənmə sayına görə Türkiyədə "NTV spor"dan daha öndədi. Anlaşmaya əsasən Az.TV buradan çəkiliş edəcək və yayım siqnalı türk kanalına ötürüləcək. Ancaq onlardan bir operator və bir müxbir turnir ərzində Qəbələdə olacaq. Onlar da turnir ərzində buraya təşrif buyurmuş məşhur qonaqlar haqqında məlumat göndərəcək.

- Ümumiyyətlə xarici kanallara üz tutmağınızın səbəbi nədi?

- Bunun bir neçə səbəbi var. İlk növbədə çalışırıq ki, Qəbələni futbol şəhəri kimi tanıdaq. Əlavə olaraq şəhərin, ölkənin tanınması üçün işlər görürük. Ən önəmli məsələ isə "Qəbələ Kuboku"nu UEFA-nın təqviminə daxil etmək niyyətimizdi. UEFA-nın uşaq futbolunda fikir verdiyi məqamlardan biri də yayım məsələsidi. Turnirin yayımlanması həm də yarışın səviyyəsindən xəbər verir. Biz mütəmadi olaraq turnirlərdə iştirak edirik. Keçirilmə şəraitinə, digər bütün məqamlarına görə, "Qəbələ Kuboku" heç bir turnirdən geri qalmır.

- Sözügedən turnirin keçirilməsi "Qəbələ"yə, Futbol Akademiyasına nə dərəcədə xeyir verir?

- Futbol baxımından nə dərəcədə xeyir verdiyini akademiyanın məşqçiləri, rəhbər şəxsləri daha yaxşı bilər. Məqsədimiz "Qəbələ"ni brendə çevirməkdi. Hazırda "Qəbələ" futbol klubunun mövcud marka dəyərinin 50 faiz, bəlkə də ondan çoxu bizim qurduğumuz infrastruktur və Azərbaycanda ilk dəfə yaradılan futbol akademiyası təşkil edir. Ona görə də bu turnirin keçirilməsi marka dəyərimizin formalaşmasına və möhkəmlənməsinə kömək edir.

- Görülən işlər sayəsində "Qəbələ" neçə il ərzində markaya çevrilə bilər?

- Gərək "Qəbələ" Futbol Akademiyasından yaxşı futbolçular çıxsın, əsas komandada oynasın. Bizdə oynamasa da belə, başqa klublarda bizim yetirmələrimiz oynadıqdan sonra "Qəbələ" Futbol Akademiyasının marka halına gəldiyini artıq hiss edəcəksiz. Turnirlərin tez-tez keçirilməsində məqsəd odu ki, top və meydandan başqa, dünyagörüşləri də artsın. Meydandan kənarda da yüksək mədəniyyətə sahib olsunlar. "Barselona", "Liverpul"la oynamaq dildə sadə səslənsə də, o yaşda uşaqlar üçün böyük bir təcrübədi. Çox sevindirici haldı ki, akademiyamızın yetirməsi Müşviq Teymurov "Bakı" ilə vacib oyunda qol vuraraq, komandamızın qələbəsində pay sahibi oldu. Deməli, tədricən hansısa uğurları qazanmağı bacarırıq.

- Əvvəllər matçdan sonra lotereya oyunu təşkil edilirdi. Azarkeşlər müxtəlif hədiyyələr qazanırdı. Son turlarda bunun təşkil edilməməsinin səbəbi nədi?

- Lotereyanın təşkil edilməsi, stadiona daha çox azarkeşin cəlb olunması üçün hesablanmışdı. Ardıcıl uğursuz nəticələrdən sonra hiss edirdik ki, artıq stadiona gələn azarkeş o əhval-ruhiyyədə deyil. Matç başa çatmamış biletini atıb, gedirdi. Ona görə də bunu müvəqqəti olaraq saxladıq. Yeni mövsümdə bu formatda olmasa da, azarkeşlərlə isti münasibətlərin, onların komandanın oyunlarına cəlb edilməsi üçün digər işlər görməyi planlaşdırıq. İnşallah, bunu əvəz edən başqa layihələrimiz olacaq. Bunun nədən ibarət olduğunu isə yeni mövsümdən görəcəksiz.

- Bizdə olan məlumata görə, ölkə kubokunun final matçı ilə bağlı Bakıda bir sıra hazırlıq işləri aparırsız. Bu hazırlıqlar tam olaraq nədən ibarətdi?

- Düzü, Bakıda elə bir hazırlığımız yoxdu. Heç şübhəsiz ki, final matçı ilə əlaqədar paytaxtda da hazırlıq işləri görəcəyik. Çünki Bakıda da "Qəbələ"yə könül verənlər var. Misal üçün, Sumqayıtda bizim azarkeşimiz var. Tez-tez bizimlə əlaqə saxlayır. Özü də çeçen millətinin nümayəndəsidi. Düzü, bunu eşidəndə çox təəccübləndim. Demək olar ki, bütün oyunlarımızı izləyir. Bu cür azarkeşlərimizi final matçına səsləmək üçün videoçarx hazırlayırıq. Ancaq əsas hazırlığımız Qəbələdə olacaq. Ayın 10-dan etibarən elə bir iş görmək istəyirik ki, şəhərdə hiss olunsun ki, buranı təmsil edən komanda kubokun final matçına çıxacaq. Hər bir Qəbələli həmin gün nə işi olursa-olsun, gəlib doğma komandasına dəstək versin.

- Qəbələdən Bakıya təxminən nə qədər azarkeşinizin gəlməsi gözlənilir?

- Konkret say deyə bilməycəm. Öz fanklubumuzla yanaşı, ətraf kəndlərdən də azarkeşlərimiz var. Nəqliyyatı təşkil etmək təkcə klubun öhdəsindən gələ biləcəyi iş deyil. Şəhər İcra Hakimiyətindən, o cümlədən başqa orqanlardan bizə dəstək olmalarını xahiş edəcəyik ki, azarkeşlərimiz komfortlu şəkildə final matçına gedib-gələ bilsin.

- "Qəbələ"nin baş məşqçisi Yuri Syomin 33-cü tur çərçivəsində "Neftçi" ilə oyundan sonra final matçında tribunaların tam dolacağına inanmadığını bildirmişdi. Sizcə, görülən işlər sayəsində rus çalışdırıcını təəccübləndirə biləcəksiz?

- Vallah, Syomini təəccübləndirməyi çox istərdik. Çox böyük danışmaq istəmirəm. Ancaq təxmin edirəm ki, final matçında 5-10 min arası "qırmızı-qaralı" azarkeş tribunada öz yerini alacaq. Mən sadəcə, Qəbələdən gedəcəkləri nəzərdə tuturam. Bakıdan da kimlər gələcəksə, orada bizə qoşulacaq. Rus çalışdırıcını təəccübləndirmək ehtimalı var.

- Bakıda oyunun afişalarını vurmağı planlaşdırırsız?

- Bəli, Bakıda da matçın afişaları vurulacaq. Ümumiyyətlə hazırlanan videoçarxın paytaxtın müəyyən yerlərində yayımlanmasını istəyirik.

- Ölkə kubokunda nominal ev sahibi olmanız sizə hansı üstünlüklərdən yaralanmağa imkan tanıyacaq?

- Demək olar ki, hər şey bərabər sayda bölünüb. Sadəcə, bizim ev sahibi kimi müəyyən öhdəliklərimiz olacaq. Başqa əlavə üstünlüyümüz yoxdu.

- Final matçında "Qəbələ"nin şanslarını necə dəyərələndirirsiz?

- İnşallah, qalib gəlib, kuboku Qəbələyə gətirəcəyik. Başqa bir nəticə haqda fikirləşmirəm. Bu, bizim üçün tarixi bir fürsətdi. "Neftçi" köklü klubdu, tarixi uğurlarla zəngindi. Bunu haradasa başa düşmək olar. Ancaq "Qəbələ"nin tarixində ilk final matçı olacaq. Bu da bizə iki qat motivasiya verir.

- Bir anlıq əksini düşünək. Nəticə sizin əleyhinizə olsa, görülən işlərə görə peşman olmayacaqsız?

- Əlbəttə yox. Gördüyümüz işlər görəcəyimiz işlər üçün bir növ referans olacaq. Bu, bizim ilk finalımız olsa da, axırıncı olacağını düşünmürəm. Uğurlarımızın ardı gələcək və ardıcıl olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm