Üç nəhəngin qarşıdurmasında kimin başı üzüləcək? – FOTOLAR
Bizi izləyin

İdman

Üç nəhəngin qarşıdurmasında kimin başı üzüləcək? – FOTOLAR

Üç nəhəngin qarşıdurmasında kimin başı üzüləcək? – FOTOLAR

Braziliyada təşkil olunacaq dünya çempionatının startına az qalıb.

20-ci böyük futbol forumuna qatılacaq komandaların iştirak ərizələri hələ tam hazır olmasa da, əsas sütunlar bəllidi. Publika.az “Mundiala səyahət” layihəsi çərçivəsində qrupları təqdim edir. Bu dəfə D qrupundan söz açacağıq. Bir məqam xüsusi diqqət çəkir. Üç dünya çempionu bir arada. Söhbət İtaliya, İngiltərə və Uruqvay millilərindən gedir. Kosta-Rika isə kağız üzərində qrupun autsayderi olmasına rəğmən, rəqiblərinə başağrı olmaq niyyətindədi. Bir sözlə, azarkeşlər maraqlı, gərgin oyunların şahidi olacaqlar. Xüsusilə də qrupun favoritləri arasındakı amansız mübarizə futbolsevərlərin zövqünü oxşaya bilər. Pley-offa vəsiqələrdən birini Uruqvay “oğurlasa”, sensasiya qaçılmaz olacaq...

Ulduzlar toplusu

Uruqvay millisinin adını çəkdiyimiz zaman yada 1930-cu ildə baş tutmuş birinci dünya çempionatı düşür. Cənubi amerikalılar vətənlərində keçirilən mundialda qalib olmaqla adlarını futboluna tarixinə ilk dünya çempionları kimi yazdılar. Uruqvaylılar uğurlarının təsadüfi olmadığını 20 il sonra da sübut etdilər. İkinci dəfə dünya çempionu olan Uruqvay millisi bu uğura imza atan ikinci komanda ünvanına sahib çıxdı. Ümumilikdə 11 mundialda iştirak edən “səma-mavilər” 8 dəfə qrup mərhələsini adlamağa nail olub.

Bu dəfə dünya kubokuna vəsiqə qazanmaq onlara heç də asan başa gəlmədi. Cənubi Amerika zonasında 4+1 vəsiqə uğrunda mübarizə aparan 9 komandadan biri olan Uruqvay millisi, seçmə mərhələni beşinci sırada tamamlamaqla pley-off oyunlarında iştirak etmək hüququ qazandı. Bu mərhələdə İordaniyaya rəqib olan cənublular cütün taleyinə ilk oyundaca aydınlıq gətirdilər. Səfərdəki 5:0 hesablı qələbədən sonra formal xarakter daşıyan cavab qarşılaşmasında uruqvaylılar özünə əziyyət vermədi - 0:0.

Braziliyada keçiriləcək dünya kubokuna ciddi hazırlaşan Uruqvay millisinin adı favoritlər siyahısında olmasa da, təhlükəli rəqiblərdən hesab edilir. Suares və Kavaninin lideri olduğu komandadan uruqvaylı azarkeşlər də çox şey gözləyirlər. Ötən il baş tutan Konfederasiyalar kubokunda nəyə qadir olduqlarını göstərən Oskar Tabaresin yetirmələri əzmkar çıxışları ilə diqqətləri özlərinə cəlb etməyi bacardılar. Tabaresin ixtiyarında Suares və Kavani ilə yanaşı, Muslera, Qodin, Kaseres, Fequli, Qarqano, Alvaro Qonzales kimi futbolçular var. Bu siyahıya təcrübəli Dieqo Luqano və adaşı Dieqo Forlanı da əlavə etmək olar. Hər iki futbolçu əvvəlki formalarından uzaq olmalarına rəğmən, təcrübələri ilə komanda yoldaşlarına kömək etmək iqtidarındadılar. Bu mundial hər iki futbolçunun karyerasında sonuncu olacaq.

Əl-ayağa dolaşa biləcəklər?

Kosta-Rika millisinin bu qrupda əsas məqsədi nə ola bilər? İstər heyət, istərsə də təcrübə baxımından rəqiblərindən açıq-aşkar geri qalan şimali amerikalıların uğur qazanmaq şansı sıfıra bərabərdi. Baxmayaraq ki, seçmə mərhələdə uğurlu çıxışla yadda qalıblar. Şimali Amerika zonasında yalnız ABŞ-dan geri qalan Xorxe Luis Pintonun yetirmələri dünya çempionatına birbaşa vəsiqə qazanmağa nail oldu. Diqqət çəkən məqam isə Kosta-Rikanın sadəcə 2 oyunda meydanı məğlub tərk etməsidi.

Braziliyada keçiriləcək turnir kosta-rikalılar üçün sayca dördüncü olacaq. İlk dəfə 1990-cı ildə İtaliyada keçirilən böyük futbol forumunda iştirak edən şimali amerikalılar ən böyük uğurlarına həmin turnirdə 1/8 final mərhələsinə yüksəlməklə imza atıb. 2002 və 2006-cı illərdə keçirilən dünya çempionatlarında isə qrup mərhələsini aşmaq onlara müəssər olmayıb.

Luis Pintonun ixtiyarında olan futbolçulardan bir neçəsi aparıcı ölkələrin çempionatlarında top qovur. Onlardan biri də komandanın lideri Brayan Ruizdi. PSV-nin şərəfini qoruyan hücumçu ilə yanaşı, müqavilə ilə London “Arsenal”ına məxsus olan, lakin icarə əsasında çıxış etdiyi “Olimpiakos”un heyətində əla mövsüm keçirən Joel Kempbelli də unutmaq olmaz. “Lill”in şərəfini qoruyan 20 yaşlı Con Ruiz və “Everton”da çıxış edən Brayan Ovyedoya da böyük ümidlər bəslənilir.

Narahat ingilislər

İngiltərə millisinin belə bir qrupda yer alması azarkeşləri həyəcanlandırmaya bilməz. İngilislər artıq xeyli müddətdi ki, mundiallarda uğurlu çıxış etmirlər. Hər şeyə rəğmən, futbolun yaradıcıları iştirakçı olduqları turnirlərdə, o cümlədən dünya kubokunda rəqabət yarada bilirlər. Geridə qoyduğumuz bir neçə il ərzində İngiltərə millisində nəsildəyişmə prosesinə start verilib. Roy Hocson Aleks Oksleyd-Çemberleyn, Andros Taunsend, Ross Berkli, Cek Uilşir, Luk Şou, Rahem Sterlinq və başqa gənc futbolçuların xidmətindən yararlanır. Deni Uelbek, Daniel Starric, Tom Kleverli, Yordan Henderson, Kris Smollinq, Hari Kehill və Teo Uolkottun beynəlxalq oyunlarda böyük təcrübə toplamaları onların əsas heyətə yollarını açan məqamlardandı. Sonuncunun zədəli olması Hocsonu narahat etməyə bilməz. Frenk Lempard, Stiven Cerrard və Ueyn Runi triosu komandanın liderləri hesab edilirlər.

İngiltərə futbolun vətəni olmasına rəğmən, dünya çempionatlarında 1950-ci ildən iştirak etməyə başlayıb. İngilislər 1966-cı ildə ölkələrində keçirilən mundialda ilk və hələ ki sonuncu dəfə dünya kubokuna sahib çıxdılar. Sonrakı illərdə uğursuzluğa düçar olan ada təmsilçisi 1/4 final mərhələsini adlamaqda çətinlik çəkirdi. Britaniyalılar şeytanın qıçını İtaliyada (1990) keçirilən turnirdə qırdılar. Kamerunu əlavə vaxtda məğlub etməklə (3:2) yarımfinala yüksələn İngiltərə millisinin qarşısını qərbi almanlar kəsdilər. İngilislər penaltilər seriyasında uduzaraq finaldan məhrum oldular. Üçüncü pillə uğrunda görüşdə isə ev sahibi İtaliya millisini məğlub etmək mümkün olmadı - 1:2. 1/4 final sindromu sonrakı illərdə də davam etdi. DÇ-2010-da İngiltərə millisinin mübarizəni 1/8 finalda dayandırması futbol ictimaiyyətinin təəccübünə səbəb oldu. Sonuncu seçmə mərhələdə Ukrayna, Çernoqoriya, Polşa, Moldova və San-Marino ilə eyni qrupda yer alan ada təmsilçisi qrupu məğlubiyyət acısı dadmadan lider kimi başa vurdu.

Daha bir hekayə yazılacaq?

Püşk İtaliya millisini də D qrupunun iştirakçılarından birinə çevirib. Dördqat dünya çempionları titul sayında Braziliyaya çatmaq niyyətindədilər. Buna nail olmaq üçün italyanlar öncə qrup mərhələsini adlamalıdı. İtaliya millisində də son zamanlar köklü dəyişikliklər baş verib. Buffon, Kyellini, Pirlo və Cilardinodan başqa bir çox futbolçular komandaya yeni cəlb ediliblər. Çezare Prandelli millidə oyun üslubu baxımından köklü dəyişikliklər edə bilməsə də, bəzi yeniliklərə nail olub. Məhz bu yeniliklər nəticəsində Apennin təmsilçisi Avropa çempionatının finalına qədər yüksəlməyi bacarmışdı.

İtalyanların sahib olduğu hazırki heyətin potensialı onlara dünya çempionatında ən azı final oynamağa imkan verir. Qapıda həmişəki kimi təcrübəli Buffon dayanacaq. Müdafiə xətti Kyellini, Abate, Bartsalyi, Bonuççi kimi futbolçulara həvalə edilib. Prandelli Pirlonun liderlik etdiyi yarımmüdafiə xəttində Verratti, Motta, Markizio, Montolivo, De Rossi və Akvilaniyə daha çox güvənəcək. Hücumda isə Cilardino, Balotelli, Kassano, Pablo Osvaldo və Covinkoya böyük ümidlər bəslənilir.

Seçmə mərhələdə Danimarka, Çexiya, Bolqarıstan, Ermənistan və Malta ilə eyni qrupda yer alan italyanlar çətinlik çəkmədən tarixlərində 18-ci dəfə dünya kubokuna vəsiqə qazandılar. Apenninlilərin maraqlı mundial hekayələri var desək, yanılmarıq. İlk dəfə 1934-cü ildə ölkələrində keçirilən mundialda iştirak edən italyanlar titula sahib çıxdılar. 4 il sonra Fransadakı dünya çempionatında da eyni uğuru təkrarlayan “skuadra adzurra” ardıcıl iki dünya çempionluğu qazanmaqla ilki gerçəkləşdirdi. İtalyanlar növbəti zəfəri 44 il gözlədilər. Sonuncu dünya çempionluğu isə 21-ci əsrə təsadüf etdi. 8 il əvvəl Marçello Lippinin rəhbərliyi altında Almaniyada düzənlənən mundiala qatılan İtaliya millisi çoxlarının gözləmədiyi halda kuboku qazandı. Həmin dövrdə A seriyasında baş verən “Kalçopoli” qalmaqalından sarsılan italyanların bu uğuru həqiqətən də gözlənilməz olmuşdu.

D qrupu

Uruqvay

Kosta-Rika

İngiltərə

İtaliya

Təqvim

15 iyun

00:00 Uruqvay - Kosta-Rika (Fortaleza)

03:00 İngiltərə - İtaliya (Manaus)

20 iyun

00:00 Uruqvay - İngiltərə (San-Paulu)

21:00 İtaliya - Kosta-Rika (Resifi)

24 iyun

21:00 İtaliya - Uruqvay (Natal)

21:00 Kosta-Rika - İngiltərə (Belu-Orizonti)

Uruqvay

Qitə: Cənubi Amerika

FİFA reytinqi: 5

Baş məşqçi: Oskar Vaşinqton Tabares

Yaranma ili: 1900

FİFA üzvü: 1923

Ölkə ərazisi: 176220 kv km

Əhalisi: 3,3 milyon nəfər

Paytaxtı: Montevideo

DÇ-lərdə: 11

Qalib: 2 (1930, 1950)

4-cü yer: 3 (1954, 1970, 2010)

Cənubi Amerika kubokunda: 41

Qalib: 15 (1916, 1917, 1920, 1923, 1924, 1926, 1935, 1942, 1956, 1959, 1967, 1983, 1987, 1995, 2011)

Finalçı: 6 (1919, 1927, 1939, 1941, 1989, 1999)

Cənubi Amerikada ilin futbolçusu: Entso Françeskoli (1984, 1995), Antonio Alsamendi (1986), Ruben Pas (1988).

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Dieqo Forlan (107), Dieqo Luqano (91), Dieqo Peres, Maksi Pereyra (hər ikisi - 87).

Ən çox qol vuranlar: Luis Suares (39), Dieqo Forlan (36), Ektor Skarone (31).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Dieqo Forlan (107), Dieqo Luqano (91), Maksi Pereyra, Dieqo Peres (hər ikisi - 87).

Ən çox qol vuranlar: Luis Suares (39), Dieqo Forlan (36), Edinson Kavani (20).

DÇ-2014. Seçmə tsikl

2011-ci il

7 oktyabr. Uruqvay - Boliviya 4:2

12 oktyabr. Paraqvay - Uruqvay 1:1

11 noyabr. Uruqvay - Çili 4:0

2012-ci il

2 iyun. Uruqvay - Venesuela 1:1

10 iyun. Uruqvay - Peru 4:2

7 sentyabr. Kolumbiya - Uruqvay 4:0

11 sentyabr. Uruqvay - Ekvador 1:1

13 oktyabr. Argentina - Uruqvay 3:0

16 oktyabr. Boliviya - Uruqvay 4:1

2013-cü il

22 mart. Uruqvay - Paraqvay 1:1

27 mart. Çili - Uruqvay 2:0

12 iyun. Venesuela - Uruqvay 0:1

7 sentyabr. Peru - Uruqvay 1:2

11 sentyabr. Uruqvay - Kolumbiya 2:0

11 oktyabr. Ekvador - Uruqvay 1:0

16 oktyabr. Uruqvay - Argentina 3:2

Pley-off

13 noyabr. İordaniya - Urunvay 0:5

20 noyabr. Uruqvay - İordaniya 0:0

Kosta-Rika

Qitə: Şimali Amerika

FİFA reytinqi: 34

Baş məşqçi: Xorxe Luis Pinto

Yaranma ili: 1921

FİFA üzvü: 1927

Ölkə ərazisi: 51100 kv km

Əhalisi: 4,7 milyon nəfər

Paytaxtı: San-Xose

DÇ-lərdə: 3

Ən yaxşı nəticəsi: 1/8 final (1990)

KONKAKAF qızıl kuboku: 17

Qalib: 3 (1963, 1969, 1989)

Finalçı: 1 (2002)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Valter Senteno (137), Luis Marin (128), Rolando Fonseka (113).

Ən çox qol vuranlar: Rolando Fonseka (46), Paulo Vançope (45), Alvaro Saborio (30).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Alvaro Saborio (91), Maykl Umanya (74), Brayan Ruis (58).

Ən çox qol vuranlar: Alvaro Saborio (30), Brayan Ruis, Selso Borxes (hər ikisi - 11), Rendall Brenes (8).

DÇ-2014. Seçmə tsikl

2-ci qrup mərhələsi

B qrupu

2012-cil

9 iyun. Kosta-Rika - Salvador 2:2

13 iyun. Qayana - Kosta-Rika 0:4

8 sentyabr. Kosta-Rika - Meksika 0:2

12 sentyabr. Meksika - Kosta-Rika 1:0

13 oktyabr. Salvador - Kosta-Rika 0:1

17 oktyabr. Kosta-Rika - Qayana 7:0

3-cü qrup mərhələsi

2013-cü il

7 fevral. Panama - Kosta-Rika 2:2

23 mart. ABŞ - Kosta-Rika 1:0

27 mart. Kosta-Rika - Yamayka 2:0

8 iyun. Kosta-Rika - Honduras 1:0

12 iyun. Meksika - Kosta-Rika 0:0

19 iyun. Kosta-Rika - Panama 2:0

7 sentyabr. Kosta-Rika - ABŞ 3:1

11 sentyabr. Yamayka - Kosta-Rika 1:1

11 oktyabr. Honduras - Kosta-Rika 1:0

16 oktyabr. Kosta-Rika - Meksika 2:1

İngiltərə

Qitə: Avropa

FİFA reytinqi: 10

Baş məşqçi: Roy Hocson

Yaranma ili: 1863

FİFA üzvü: 1905

Ölkə ərazisi: 130395 kv km

Əhalisi: 53 milyon nəfər

Paytaxtı: London

DÇ-lərdə: 13

Qalib: 1 (1966)

AÇ-lərdə: 8

Ən yaxşı nəticəsi: 3-cü yer (1968)

Qızıl topu qazananlar: Stenli Metyuz (1956), Bobbi Çarlton (1966), Kevin Kiqan (1978, 1979), Maykl Ouen (2001).

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Piter Şilton (125), Devid Bekhem (115), Bobbi Mur (108).

Ən çox qol vuranlar: Bobbi Çarlton (49), Qari Lineker (48), Cimmi Qrivz (44).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Stiven Cerrard (107), Eşli Koul (105), Frenk Lempard (102).

Ən çox qol vuranlar: Ueyn Runi (38), Frenk Lempard (29), Stiven Cerrard (21).

DÇ-2014. Seçmə tsikl

H qrupu

2012-ci il

7 sentyabr. Moldova - İngiltərə 0:5

11 sentyabr. İngiltərə - Ukrayna 1:1

12 oktyabr. İngiltərə - San-Marino 5:0

17 oktyabr. Polşa - İngiltərə 1:1

2013-cü il

22 mart. San-Marino - İngiltərə 0:8

26 mart. Çernoqoriya - İngiltərə 1:1

6 sentyabr. İngiltərə - Moldova 4:0

10 sentyabr. Ukrayna - İngiltərə 0:0

11 oktyabr. İngiltərə - Çernoqoriya 4:1

15 oktyabr. İngiltərə - Polşa 2:0

İtaliya

Qitə: Avropa

FİFA reytinqi: 9

Baş məşqçi: Çezare Prandelli

Yaranma ili: 1898

FİFA üzvü: 1905

Ölkə ərazisi: 301338 kv km

Əhalisi: 59,7 milyon nəfər

Paytaxtı: Roma

DÇ-lərdə: 17

Qalib: 4 (1934, 1938, 1982, 2006)

Finalçı: 2 (1970, 1994)

AÇ-lərdə: 8

Qalib: 1 (1968)

Finalçı: 2 (2000, 2012)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Canluici Buffon (137), Fabio Kannavaro (136), Paolo Maldini (126).

Ən çox qol vuranlar: Luici Riva (35), Cüzeppe Meatsa (33), Silvio Piola (30).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Canluici Buffon (136), Andrea Pirlo (105), Daniele De Rossi (93).

Ən çox qol vuranlar: Alberto Cilardino (19), Daniele De Rossi (15), Andrea Pirlo (13).

DÇ-2014. Seçmə tsikl

2012-ci il

7 sentyabr. Bolqarıstan - İtaliya 2:2

11 sentyabr. İtaliya - Malta 2:0

12 oktyabr. Ermənistan - İtaliya 1:3

16 oktyabr. İtaliya - Danimarka 3:1

2013-cü il

26 mart. Malta - İtaliya 0:2

7 iyun. Çexiya - İtaliya 0:0

6 sentyabr. İtaliya - Bolqarıstan 1:0

10 sentyabr. İtaliya - Çexiya 2:1

11 oktyabr. Danimarka - İtaliya 2:2

15 oktyabr. İtaliya - Ermənistan 2:2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm