Ulduzların sonrakı sənəti- Di-cey, menecer, şərhçi… (II YAZI)
Bizi izləyin

İdman

Ulduzların sonrakı sənəti- Di-cey, menecer, şərhçi… (II YAZI)

Ulduzların sonrakı sənəti- Di-cey, menecer, şərhçi… (II YAZI)

90-cı illərin əfsanəvi qapıçı Fabyen Bartez futbola qayıtmaq qərarına gəlib. İndi o, PSJ-nin qapıçılarla işləyən məşqçisi olacaq. Lap yaxşı.

Fabyenin qayıdışı maraqlı bir sual ortaya çıxartdı-90-cı illərin digər böyük ulduzları hazırda nə işlə məşğuldular? Publika.az 90-cı illərin ulduz futbolçularından bir neçəsinin hazırda nə işlə məşğul olduğunu araşdırıb.

Canluka Palyuka (İtaliya)

Azarkeşlər İtaliya yığmasının bu əfsanəvi qapıçısını yaxşı xatırlayarlar. Onun bic gülüşünü, sərt baxışını və yaddaqalan soyadını unutmaq çətindi. Canluka A seriyasında keçirdiyi oyun sayına görə rekordçular sırasındadı - 592 matç! O, “Sampdoriya”, “İnter”, “Bolonya” və 41 yaşında karyerasını başa vurduğu “Askoli”nin şərəfini qoruyub.

Əlcəklərini mismardan asandan cəmi bir il sonra Palyuka böyük futbola qayıda bilərdi. Zədələnmiş Canluici Buffonu əvəzləmək üçün “Yuventus”la müvəqqəti müqavilə imzalayacağı haqda şayiələr bütün İtaliyanı bürümüşdü. Ümumiyyətlə, Canluka təqaüdə çıxmağa tələsən futbolçulardan deyildi. Rəsmi gedişindən sonrakı bir neçə ildə də məşqlərini davam etdirən qolkiper komandalardan hansınınsa onu heyətinə cəlb edəcəyini gözləyirdi.

Ancaq Palyukanın özü yox, səsi gərəkli oldu. Ona “Skay” televiziyasında oyunları şərh etmək təklif olundu və Canluka “yox” demədi. Bir müddət sonra doğma Bolonyada radiostansiyalardan birində daimi aparıcı kimi fəaliyyətini davam etdirdi. Üstəlik, Palyukanın sevimli italyan futbolunu fəal şəkildə müzakirə və tənqid etdiyi radio-şousu da var.

Qaiska Mendyeta (İspaniya)

90-cı illərdə Mendyeta “Valensiya”nın heyətində xarüqələr yaradır və Avropanın ən yaxşı yarımmüdafiəçilərindən biri sayılırdı. Valideynlərini lap kiçik yaşlarında itirən və uşaqlığını katolik uşaq evində keçirən Qaiskanın meydandakı soyuqqanlığını məhz buna bağlamaq olardı. Bu səbəbdən o, futbol tarixinin ən yaxşı penalti vuranlarından biri hesab edilirdi. Peşəkar səviyyədə onun “nöqtə”dən etdiyi səhvlər bir əlin barmaqları qədər olmaz.

1999/2000 və 2000/01 mövsümlərində Mendyeta UEFA tərəfindən Avropanın ən yaxşı yarımmüdafiəçisi seçilmişdi. Bu illərdə “Valensiya” 2 dəfə ÇL-in finalına çıxmış, ancaq hər ikisində məğlub olmuşdu. “Uçan yarasalar”ı əvvəlcə “Real”, sonra isə oyunsonrası penaltilərdə “Bavariya” məyus etmişdi. “Valensiya”dan sonra Qaiska “Latsio”, “Barselona” və “Midlsbro”da oynamağa imkan tapsa da, “Mestalya”dakı kimi parlaya bilmədi. Buna səbəb ara verməyən zədələr idi və artıq 33 yaşında o, futbol karyerasını bitirməli oldu.

Mendyeta 2009-cu ildə məşqçilik karyerasına başlamaq istədiyini desə də, bu hələ baş verməyib. Qaiska vaxtaşırı “Valensiya” veteranlarının heyətində top qovur, bəzən ispan və ingilis teleşoularına dəvət alır. 2013-cü ildə isə Mendyeta gözlənilmədən di-cey peşəsinin sirlərinə yiyələnmək qərarına gəldi. Hətta fevralda o, ingilis klublarının birində proqramla çıxış da edib.

Fernando Moryentes (İspaniya)

Karyerasını çox tez başa vuran ispan futbolçulardan daha biri. 34 yaşında butslarını təhvil verən Moryentes 17 illik karyerası ərzində çox sayda titul qazana bilib. Fernando üç dəfə ÇL, iki dəfə İspaniya La Liqası çempionluğu, Fransa çempionluğu, İngiltərə, İspaniya, Fransa kubokunda qalibiyyət yaşayıb. 2003/04 mövsümündə “Monako”ya icarəyə verilən forvard həmin il nəhənglər liqasının bombardiri oldu və az qala kuboku da başı üzərinə qaldıracaqdı. O, hələ də İspaniya yığması tarixində 5-ci ən çox qol vuran oyunçudu.

Təbii ki, karyeranın bitməsinə əsas səbəb zədələr oldu. Ancaq bu, yeganə səbəb deyildi. Moryentes xaraktercə qalibdi və “ehtiyat skamyasındakı veteran” statusunu qəbul etmirdi. “Marsel”ə keçəndə Fernando ümid edirdi ki, Didye Deşamın komandasında vacib fiqurlardan biri olacaq. Ancaq əvəzində heyətdəki beş hücumçudan 4-cü ola bildi. Nəticədə qüruru oynayan Moryentes zədələrini də nəzərə alıb, karyerasını bitirmək qərarına gəldi.

O, iki il futboldan kənar duraraq yalnız yerli KİV-ə müsahibələr verməklə kifayətləndi. Ancaq 2012-ci ildə “Urakan”ın təklifini qəbul edərək gəncləri çalışdırmağa başladı. Moryentesin təcrübəsini daha gənc futbolçularla bölüşdüyünü öyrənən kimi, “Real” sabiq ulduzunu dəvət etdi. Hazırda Fernando “kral klubu”nun yeniyetmələrdən ibarət komandasını çalışdırır.

Oliver Birhoff (Almaniya)

Berti Foqtsa 1996-cı ildə Avropa çempionluğu yaşadan şəxs. Karyerasının böyük hissəsini İtaliyada keçirən bu möhtəşəm forvard, 90-cı illərin əvvəllərində “Askoli”nin şərəfini qoruyub və az qala hər iki oyundan bir fərqlənib. Sonra onu “Udineze” aldı. Karyerasının zirvəsi isə onun 1998-2001-ci illərdə “Milan”dakı çıxışı oldu. 1997/98 mövsümündə A seriyasının bombardiri olan Birhoff, 1998-ci ildə Almaniyada ilin futbolçusu seçilmişdi.

2003-cü ildə Oliver “Kyevo” formasında karyerasını bitirdi. Bir çox futbolçular nə işlə məşğul olacaqlarını bilməsələr də, Birhoff arzularının işini çox tez aldı. 2004-cü ilin iyulunda Yürgen Klinsmann Almaniya yığmasının başına keçdi və onun əsas tələblərindən biri millinin idman meneceri postunun təsis olunması idi. Elə bu postu Oliver Birhoff tutdu. Bu günə qədər də eyni işin arxasındadı. Nə işlə məşğul olur? Çətin sualdı. Əsasən mətbuatla işə cavabdehdi, üstəlik, yığmanın baş məşqçisinə kömək edir. Yəqin ki, Birhoffun işi çoxdu. Menecerlik fəaliyyətiylə yanaşı, Birhoff arada alman televiziyasında matçları da şərh edir.

Mark Overmars (Hollandiya)

Bu holland xavbeki birdən-birə iki komanda öz əfsanəsi sayır: “Ayaks” və “Arsenal”. Amsterdamlıların heyətində o, 1992-97-ci illərdə çıxış edib, üç dəfə ölkə çempionu, ölkə kuboku və superkubokunu, Çempionlar Liqası, UEFA superkuboku və Qitələrarası kuboku qazanıb. Bir sözlə, hər şeyi. Overmars 90-cı illərin əfsanəvi “Ayaks”ının əsas üzvlərindən olub.

1997-ci ildə cəmi 5,5 milyon funt-sterlinqə onu alan “Arsenal”, az pula da ulduz almağın mümkünlüyünü göstərdi. “Topçular”ın heyətində üç mövsüm keçirən Mark, bunların hər birində möhtəşəm oynadı, bir çox vacib qollara müəlliflik etdi. 1998-ci ildə İngiltərə kubokunun finalında məhz onun vurduğu top, londonlulara “qızıl dubl” etmək imkanı verdi.

2000-ci ildə “Barselona” Marka görə o vaxt üçün fantastik sayılan rəqəm - 40,6 milyon avro təklif etdi və bu, onu holland futbolu tarixində ən bahalı oyunçu etdi. İspaniyada ona Hollandiya və İngiltərədən daha çətin oldu, ancaq Overmars ciddi rəqabətə baxmayaraq, rəngarəng oyun nümayiş etdirməkdə davam etdi. Yenə zədələr öz işini gördü və Mark 31 yaşında, həkimlərin təkidiylə futbolçu karyerasına son qoydu.

2008-ci ilin iyulunda Overmars Yap Stamın vida matçında elə oyun nümayiş etdirdi ki, ondan peşəkar futbola qayıtmasını istədilər. İlk klubu olan “Qou Ehed İqlz”dan aldığı təklifə müsbət cavab verən Mark, 2008-09 mövsümünü yüksək səviyyədə keçirdi. Heç kim bu adamın dörd ildi futbol oynamadığına inana bilmirdi. Təəssüf ki, mövsümün sonunda Overmars birdəfəlik ayrıldı. Çünki zədələr yenə özünü daha ağır formada xatırlatmağa başlamışdı.

Gedişindən dərhal sonra son komandasında texniki direktor olan Mark, bir neçə ay sonra “Ayaks”da eyni posta dəvət aldı.

Dennis Berqkamp (Hollandiya)

90-cı illər Hollandiya yığmasının daha bir dahi futbolçusu. Berqkamp da “Ayaks” məktəbinin “məhsul”udu. Bu klubda 200-dən çox oyun keçirib, 122 qol vuran Dennisin unikal qol duyumu, yaxşı zərbəsi və inanılmaz texnikası “köhnə dünya”nın nəhənglərinin diqqətini cəlb etdi. “Real”, “Yuventus” və “İnter”in mübarizəsindən sonuncular qalib çıxdılar. Ancaq Berqkampın İtaliyadakı karyerası o qədər də uğurlu alınmadı. Baxmayaraq ki, qollarını sıralamağa ara vermirdi.

1995-ci ildə Dennis “Arsenal”a keçdi və məhz bu komanda ona dünya şöhrəti gətirdi. “Topçular”ın heyətində 400-ə yaxın oyun keçirən və 120 qol vuran forvard, onu canlı izləyənlərə unudulmaz anlar yaşada bilmişdi. Berqkamp həmişə güvəniləsi bir oyunçu idi. Onun hücumdakı partnyoru Tyerri Anri Dennisi “arzuların hücumçusu” adlandırırdı. Fransızı başa düşmək olar. Berqkamp həmişə komandanın maraqlarını özününkülərdən üstün tutardı. Özü vurmaqdansa, “açılan” komanda yoldaşına ötürmə vermək onun üçün daha vacib idi.

Hamı Berqkampın “uçmayan holland” ləqəbini xatırlayır. İş ondadı ki, o, təyyarələrdə uçmaqdan çox qorxurdu və bəzən uzaq səfərlərdən imtina edirdi. 2001-ci ildə Arsen Venger bildirdi ki, onun qatar və maşınla səfərləri oyununa mənfi təsir edir. Buna görə də, “Arsenal” səfər avrokubok matçlarına onu özüylə aparmamaq qərarını qəbul etdi.

Hələ “Ayaks”da çıxış edəndə, Berqkamp maşınqayırma ixtisası üzrə universitet bitirərək bakalavr dərəcəsi ala bilmişdi. Dennis dəfələrlə bildirirdi ki, məşqçi olmaq fikrində deyil və özünü başqa işə həsr etmək istəyir. Hətta o, “Arsenal”ın klubun skautu olmaq təklifini belə qəbul etmədi. Ancaq məlum oldu ki, Dennis futbolsuz qala bilmir. 2008-ci ildə futbol akademiyasında təhsil almağa başlayan Berqkamp, “Ayaks”ın yeniyetmələrinin məşqçisi postunu tutdu. 2010-cu ilin dekabrında Frank De Bur amsterdamlıların baş məşqçisi təyin edilən kimi, Dennis onun gənclər komandası üzrə köməkçisi oldu. Bir ildən sonra isə Berqkamp De Burun özünün köməkçisi təyin edildi ki, indi də eyni postdadı.

Fransa

Qanada anadan olan, uşaqlıqda ailəsiylə birlikdə Fransaya köçən Desayinin karyerası 12 il ərzində yüksələn xətlə inkişaf edib. “Nant”, ardınca “Marsel”, “Milan” və “Çelsi”... 2004-cü ildə Marsel anladı ki, gələcək haqda da düşünmək lazımdı və Qətərə yollanaraq haqq etdiyi böyük pulları qazanmağa başladı. Desayini 90-cı illərin Avropasının ən yaxşı müdafiəçisi hesab edirlər. Klub səviyyəsində iki dəfə - “Marsel” və “Milan”la Çempionlar Liqasını qazanan futbolçu, bir sıra digər nüfuzlu çempionatların qalibi olub. Marsel Fransa yığmasında keçirilən oyun sayına görə rekordçu idi. Onun 116 oyunluq nəticəsini yalnız Lilian Türam arxada qoya bilib.

Desayi Afrika köklərini unudan birisi deyil. Karyerasını bitirəndən sonra Qanaya köçən və indiyə qədər də orda yaşayan Marsel, aktiv ictimai fəaliyyətlə məşğuldu. O, bir sıra xeyriyyə təşkilatlarının - həmçinin YUNİSEF - üzvüdü. Desayi 2011-ci ildə gənc futbolçular üçün əla bir idman kompleksi açıb. Desayi «BBC Sport», «Canal Plus» və «İTV Sport» kimi məşhur kanallara ara-sıra şərhçi kimi də çağırılır. İstisna etmək olmaz ki, onun səsi qarşıdakı DÇ-də də eşidiləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm