Qəbələdə su festivalı keçirildi - - FOTOLAR
Bizi izləyin

İdman

Qəbələdə su festivalı keçirildi - - FOTOLAR

Festival su effekti və atəşfəşanlıqla başa çatıb.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 27-də Qəbələ rayonunda davam edib.

Publika.az xəbər verir ki, bu gün axşam saatlarında rayonun Heydər Əliyev parkında möhtəşəm su festivalı keçirilib. Əvvəlcə tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, aprelin 5-də Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Qəbələ sakinlərinə təhvil verməsi görüntüləri təqdim edilib.

Xəzər dənizindən götürülmüş suyun Qəbələ rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən Qəbələ mərhələsinə nəzər salınıb. Məlumat verilib ki, Xəzərdən başlayan səyahət çərçivəsində təşkil edilən su festivallarının keçirilməsində əsas məqsəd xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə yanaşı, eyni zamanda həmrəylik və sevinc hissini bəxş etməkdir.

Sonra “Bakı-2017”-nin misdən hazırlanmış səhəngini bu gün səhər saatlarında Nohur gölündən su ilə dolduraraq Heydər Əliyev parkına gətirən taekvondo üzrə beynəlxalq turnirlərin qalibi Xəyal Əzizov, boks üzrə dünya çempionatının qızıl medalçısı Cavid Çələbiyev, rəsm və rəqs həvəskarı Şəfiqə Bayramzadə səhnəyə dəvət olunub. “Mirvari” rəqs qrupunun, Qəbələnin “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblının çıxışı və musiqiçi Nəcməddin Əliyevin ifası Qəbələ sakinlərində yüksək əhval-ruhiyyə yaradıb. Festival su effekti və atəşfəşanlıqla başa çatıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm