Olimpiya çempionumuz bütün yarışlardan uzaqlaşdırıldı - BİR İLLİK
Bizi izləyin

İdman

Olimpiya çempionumuz bütün yarışlardan uzaqlaşdırıldı - BİR İLLİK

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Əsgərovun adı Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozduqları üçün cəzalandırılan idmançılar siyahısına düşüb.

Yarışlardan kənarda götürülmüş dopinq-test nəticəsində onun orqanizmindən higenamin preparatı tapılıb. Bu preparatın ABŞ və Avropa Birliyi ölkələrində istifadəsi qanuni sayılır. Çəkini qorumaq məqsədilə istifadə olunan dərman vasitəsi bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunub. Onun Əsgərovdan nə vaxt və hansı şəraitdə tapıldığı barədə məlumat verilmir. Yalnız o məlumdur ki, 25 yaşlı idmançı 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub. Bu səbəbdən, Əsgərov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək güləşçilər arasında yer almayacaq.

Siyahıya Azərbaycanın daha 3 güləşçisi də düşüb. Yeniyetmələr arasında dünya çempionatında orqanizmindən furosemid aşkarlanan Fail İsgəndərov 2 il - 9 noyabr 2018-ci ilədək, gənclər arasında dünya çempionatında stanozolol metabolites tapılan Zubair Dibilov 4 oktyabr 2020-ci ilədək, 2015-ci il yeniyetmələrin Avropa çempionatında dopinq-testdən imtina edən Turxan Qurbanov 27 avqust 2019-cu ilədək bütün yarışlardan kənarda qalacaq.

Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmin il Avropa çempionu, 2015-ci ildə isə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olub. (report)

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov heç bir dopinq preparatından istifadə etməyib.

Bunu azvision.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib. Onun sözlərinə görə, T.Əsgərov yanvar ayında Hindistanda keçirilən 2-ci Peşəkar Güləş Liqasında iştirak edərkən orada ekzotik meyvələrdən yeyib.

“Həmin meyvənin tərkibində isə bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunan higenamin maddəsi var. Yoxlama zamanı Toğrulun orqanizmində qara siyahıya düşmüş maddə tapılıb. Lakin özü bildirib ki, orada olarkən hər hansı başqa maddə və ya tibbi preparat istifadə etməyib. Həmin maddə Cənub Asiya ölkələrində bitən ekzotik meyvələrin tərkibində olur. O da bilməyərəkdən həmin meyvəni yeyib”.

M.Musayev bildirib ki, Federasiya bunu Antidopinq Agentliyinə yazışmalarla sübut edib: “Biz bildirdik ki, bilməyərəkdən meyvəni istifadə etdiyi üçün orqanizmindən həmin maddə tapılıb və heç bir dərmandan istifadə etməyib. Nəticədə Agentlik Toğrulu ən minimal həddə cəzalandırıb və bir il müddətinə bütün oyunlardan kənarlaşdırıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm