“Nou Kamp”da son döyüş
Bizi izləyin

İdman

“Nou Kamp”da son döyüş

“Nou Kamp”da son döyüş

İspaniya La Liqasında mövsüm başa çatır.

Publika.az xəbər verir ki, mayın 17-də sonuncu – 38-ci turun oyunları keçiriləcək. "Real" ötən həftə çempionluq şanslarını itirdiyindən mübarizə iki klub - "Barselona" və "Atletiko" arasında gedəcək. Kataloniya və Madrid klubları mayın 17-də "Nou Kamp" stadionunda qraşılaşacaq. Hazırda turnir cədvəlinə 89 xalla "Atletiko" başçılıq edir. İkinci pillədəki "Barselona"nın 86 xalı var. Madrid klubu səfər matçında bir xal qazanmaqla çempionluğunu elan edəcək. Kataloniyalılara isə yalnız qələbə sərf edir.

Önəmli qarşılaşmadan əvvəl komandaların kapitanları iddialı danışıb. "Barselona"dan Xavi Hernandes bir neçə həftə əvvəl çempionluq ümidlərinin tükənmək üzrə olduğunu, amma indi qızıl medallara sahib çıxmaq şanslarının çox olduğunu bildirib: "Hər şeyin bitdiyini düşünürdük. Amma bunu fikirləşməklə səhv etmişik. İndi hər kəs çempionluq üçün şansımızın olduğunu görür. Komanda olaraq çempionluğa layiqik. Amma bunu göstərməliyik. Son matçı evimizdə oynamaq böyük üstünlükdü. İlk qolu vurmaq çox önəmlidi. Bu mövsüm keçirdiyimiz 5 matçda "Atletiko"nu yenə bilmədiyimizi bilirik. Bu dəfə son olmalıdı".

"Atletiko"nun kapitanı Qabi Fernandes da iddialı danışıb: "La Liqa çempionluğu qazanılır və ya qazanılır. Bu, layiq olub-olmama məsələsi deyil. Tarixi bir fürsətlə qarşı-qarşıyayıq. Çünki həm La Liqa çempionluğunu, həm də Çempionlar Liqasını qazanmaq şansımız var. Çempionatda heç-heçə bizim üçün yetərlədi. Ağıllı olmalıyıq və "Barselona"ya qarşı oynadığımızı dərk etməliyik. Komanda olaraq buna hazırıq. Çünki mövsümün 5 matçında bunu göstərmişik. İstənilən nəticəyə baxmayraq bu mövsüm böyük işlər görmüşük. Həm "Real", həm də "Barselona" "Atletiko"nun yerində olmaq istəyər. Hər kəs üçün örnək komanda olduq".

Qeyd edək ki, "Atletiko" artıq 18 ildi çempion ola bilmir. Sonuncu dəfə 1995/96 mövsümündə qızıl medallara sahib çıxan Madrid klubu tarixi ərzində 9 dəfə La Liqanın qalibi olub. "Barselona" isə sonuncu dəfə ötən mövsüm çempionluq sevinci yaşayıb. Kataloniya klubu tarixi ərzində 22 dəfə azarkeşlərini sevindirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm