Gözlənilən, yoxsa gözlənilməz istefa? – SORĞU
Bizi izləyin

İdman

Gözlənilən, yoxsa gözlənilməz istefa? – SORĞU

Gözlənilən, yoxsa gözlənilməz istefa? – SORĞU

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli bu gün istefa verdi.

Ardıcıl ikinci tanınmış mütəxəssislə yollarını ayıran Lənkəran klubunun bundan sonra kiminlə çalışacağı maraq doğurur. Con Benjamin Toşakın ardınca Mustafa Dənizlini də uğursuzluq səbəbindən yola salan "ağ-yaşıllar"a isə qələm əhlinin münasibəti birmənalı deyil.

Rəşad Ergün (“Komanda” qəzeti): "Azərbaycan klublarından danışırıqsa, hər şey gözləmək olar. Amma yəqin ki, bu, Dənizlinin özü üçün gözlənilməz oldu. Toşak, Dənizli kimi mütəxəssislər futbol xarabalığı olan Azərbaycan kimi ölkələrə gəlməməlidi. Gəlib həm özlərini biabır edirlər, həm də bizi. Biz deyərkən klubları nəzərdə tutmuram, bütün bu istefa oyunlarından utanan jurnalistləri deyirəm".

Natiq Muxtarlı (“Publika.az” saytı): "Mustafa Dənizlinin istefası Azərbaycan klub idarəçiliyinin tam qeyri-peşəkar olduğunu bir daha sübut etdi. Azərbaycan futbolunda gözlənilməz heç nə yoxdu, o cümlədən Dənizlinin istefası da. Gözlənilməz olanı da gözlənilən hala gətirilər. Cəmisi bir gün əvvəl mətbuat konfransı keçirən baş məşqçi "getmirəm" deyir. Deməli, istefası ilə bağlı gəzən söz-söhbət də əhəmiyyətini itirir. Amma bir gün sonra gözlənilməzlik gözlənilən hala gətirilir. Eşq olsun bizim intriqabaz futbol idarəçilərinə. Onlar belə oyunları əla oynayırlar".

İlkin Xəlilov (ATV): "Dənizlinin istefası haqda deməyə söz tapmıram. Mətbuat konfransı keçirəsən, gələcək perspektivlər haqqında danışasan və üstündən 24 saat keçməmiş istefa verəsən – bu, anormallığın anormallığıdı. Buna deməyə başqa söz tapa bilmirəm. Nəsə baş verib ki, rəhbərlik belə qərar verib. Çünki "Xəzər Lənkəran" klubu ilə bağlı bu, ilk belə qərar deyil. "Xəzər Lənkəran" o klubdu ki, Zaur Ramazanovu, Emin Quliyevi komandadan göndərib və bir gün sonra yenidən qaytarıb. "Xəzər Lənkəran" rəhbərliyinin anormal qərarları çox olub. İsənilən halda bunu Dənizliyi yaraşdırmıram. Onsuz da "Xəzər Lənkəran" üçün bu, gözlənilən haldı. Mövsümdəki nəticələrə əsasən Dənizlinin gedişi gözlənilən idi. Amma dünənki mətbuat konfransında Dənizli gələcək planlardan danışdı və hamı düşündü ki, artıq istefa məsələsi bağlandı. Bundan başqa vəziyyəti məntiqli izah etməyə söz tapa bilmirəm".

Mahir Rüstəmli (“Futbol+” qəzeti): "Ümumiyyətlə, bu qərar çox müəmmalıdı. Nəzərə alsaq ki, dünən Mustafa Dənizli mətbuat konfransı keçirmiş və orada bütün suallara aydınlıq gətirmişdi. Maraqlısı odu ki, bu gün Mais Mənsimov iddia edir ki, Dənizlinin mətbuat konfransı klubla razılaşdırılmayıb. Hər halda jurnalistləri də mətbuat konfransına klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu dəvət etmişdi. Burada Dənizlinin Mübariz Mənsimovla görüşüb gələndən sonra bu məzmunda mətbuat konfransı keçirməsi, 1 gün sonra isə Mais Mənsimov tərəfindən istefaya göndərilməsi onu göstərir ki, "Xəzər Lənkəran"ın gələcəyinə münasibətdə Bakıdakı və İstanbuldakı rəhbərliyinin fikirləri üst-üstə düşmür. 10 illik yubileyində klubun heç bir hədəfə çatmadığını nəzərə alsaq, bu istefa gözlənilən idi. Lakin dünənki konfransda Dənizlinin nikbin açıqlamalar verməsi bu istefanı gözlənilməz etdi". (Futbolinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm