• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Böyük yalan-Kişinyovda vurulan qol və Azərbaycana ünvanlanan tərbiyəsiz jest

  • İdman
  • 22 Yanvar 2014 16:43
  • 866 Baxış
Böyük yalan-Kişinyovda vurulan qol və Azərbaycana ünvanlanan tərbiyəsiz jest

Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadovun Sankt-Peterburqda nəşr olunan “Sport den za dnyom” qəzetinə müsahibə verdiyi barədə məlumat yaymışdıq.

Cavadov müsahibəsində 50 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən danışarkən ziddiyyət təşkil edəcək açıqlama vermişdi: “Yaxşı bayram baş tutdu. Yubileyimdə ölkə prezidenti məni “Şöhrət” ordeniylə təltif etdi. Ertəsi gün isə yerli və SSRİ veteranları arasında matç baş tutdu.

Bütün uşaqlara minnətdaram. Onlar Moskvadan, Kiyevdən, Tbilisidən gəlmişdilər. Və əlbəttə oyun heç-heçə başa çatdı. Bu qarşılaşmada yığmanın heyətində “Neftçi”yə bir qol vurdum və həyatımda ilk dəfə doğma komandamı məyus etdim”.

İsgəndər Cavadovun “həyatımda ilk dəfə doğma komandamı məyus etdim” fikiri ziddiyət yaradan faktdı. Belə ki, Publika.az-ın apardığı araşdırmalar nəticəsində ortaya olduqca ilginc faktlar çıxdı. Məlum oldu ki, İsgəndər Cavadov “Neftçi”nin qapısına qol vurub, özü də rəsmi matçlarda. Ancaq nədənsə İsgəndər Cavadov yaxın tarixdə baş verən bu olayın üstündən keçib.

Veteran futbolçunun yaddaşının zəif olduğunu güman etmirik. Çünki Cavadovun “Neftçi”nin qapısına vurduğu qol, onun SSRİ çempionatında Azərbaycanı təmsil edən bir komandaya nifrətinin təzahürü idi. İndi zaman dəyişib, daha o qolu, həm də nifrəti xatırlamaq İsgəndər Cavadova əl vermir.

Ancaq tarixi saxtalaşdırmaq olmur axı...

Belə ki, Cavadov 1988-ci ildə “Neftçi”dən ayrılaraq Moldovanın “Nistru” komandasına keçib. Həmin vaxt “Neftçi”də oynayan adının çəkilməsini istəməyən futbol veteranlarından biri Publika.az-a bildirdi ki, Cavadov “Neftçi”dən qalmaqallı şəkildə ayrılıb. 1989-cu ildə “Neftçi” SSRİ Çempionatının 1-ci dəstəsində çıxış edib. “Nistru”da həmin dəstədə oynayıb. Cavadov “Neftçi”nin qapısına qolu Kişinyovda baş tutan oyunda vurub.

Hakim “Neftçi”nin qapısına penalti təyin edib. Cavadov təkidlə penaltini özünün vuracağını bildirib. O, penaltini qola çevirəndən sonra “Neftçi”nin ehtiyat oyunçular skamyasına yaxınlaşaraq orda oturanlara əli ilə tərbiyəsiz jest də edib. Stadionda olan 15 min moldovalının gözləri qarşısında. Həmin vaxt Cavadovun bu jesti ehtiyat oyunçular skamyasında oturanlara yox, Azərbaycana yönəlmişdi.

Güman ki, veteran futbolçu o vaxt necə qəbahətə yol verdiyini indi anlayır. Ona görə də həmin qolu yaddaşından silməyə çalışır. Yaddaşdan nəyisə silmək olar. Ancaq tarixdən əsla... Publika.az Moldovada baş tutan həmin qarşılaşmanın protokolunu da təqdim edir. Bu da bir tarixdi:

52-ci SSRİ çempionatı

1-ci dəstə

“Nistru” (Kişinyov)- “Neftçi” – 2:4

Heyətlər:

Nistru: Botnaraş, Şulayev, Kojanov (Fink), Sırbu, Savalyev, Seku, V. Karatayev, Sırotyuk, Nani, Skala (Vasilyev), Cavadov.

Neftçi: C.Əliyev, N.Əzimov, Ə.Abdullayev (Y.Vahabzadə), A.Əsədov, Y.Esaulov, R.Abuşov, V.Sadıqov, V.Qasımov (N.Süleymanov), S.Ələkbərov.

Qollar: İ.Cavadov(p.), Karatayev - N.Süleymanov, V.Qasımov, S.Ələkbərov(2).

Vərəqə: Seku- sarı

Hakim: V.Butenko(Moskva)

Kişnyov. Respublika stadionu. 17 avqust. 15000 tamaşaçı.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR