• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Hər şeyi açıqladı: “O, mənə deyirdi ki, 7 ildi türmədəyəm”

  • İdman
  • 22 Yanvar 2014 17:58
  • 1 382 Baxış
Hər şeyi açıqladı: “O, mənə deyirdi ki, 7 ildi türmədəyəm”

“Neftçi”nin sabiq baş məşqçisi Nazim Süleymanovun istefası ətrafında müzakirələr hələ də davam edir.

Süleymanov futbolinfo.az saytına verdiyi müsahibədə istefası ilə yanaşı karyerasına da toxunub. Publika.az həmin müsahibəni təqdim edir.

- İşləyəndə əhvalınız necəydi, indi necədi? Stresdən bir az uzaqlaşmısınız?

- Stress deyəndə komandadı da. İşləyəndə tam başqa cür olursan, işləməyəndə başqa. Əlbəttə, indi rahatçılıqdı, heç bir təzyiq yoxdu. Sadəcə, indi görürəm ki, bəziləri başqa şeylər yazır, onlara da dərindən fikir vermək lazım deyil.

- "Neftçi"yə 2 dəfə gəlib, 2 dəfə getmisiniz. Bir dəfə futbolçu, bir dəfə məşqçi kimi. Hər ikisində gəlişiniz sevincli olub, gedişiniz çox problemli. Futbolçu kimi Rusiyaya hansı problemlə getdiyiniz yadımdadı. İndi isə başqa situasiya oldu. "Neftçi" niyə belədi?

- Hələ sovet dönəmindən deyirəm – 1983-cü il idi, mən "Neftçi"yə dəvət elədilər. O zaman Mingəçevirin "Avtomobilçi" komandasında oynayırdım. "Neftçi" SSRİ çempionatında oynayan yeganə komandamız idi. Hər bir futbolçu da bu komandada oynamağı arzulayırdı (dərindən ah çəkir). Təəssüflər olsun ki, 8 il şərəfini qoruduğum komandanın içində insana yaraşmayan bəzi hərəkətlər gördüm və axırda da mənə dedilər ki, çıx, get, futbolçu deyilsən. Bəli, onda mənim 25 yaşım vardı, 90-cı il idi.

- Siz də “futbolçu olmadığınızı” Rusiyada çempionluqla sübut etdiniz.

- Niyə də yox? O vaxt "Neftçi" SSRİ çempionatının 1-ci dəstəsində oynayırdı, yüksək liqada yox. Məni bu komandada görmək istəmədilər, "Neftçi"də mənə dedilər ki, futbolçu deyilsən, yeganə insansan ki, tərbiyəli, böyük-kiçik yerini bilən insansan, sənin kimi ikinci adam yoxdu, amma bizə futbolçu lazımdı. O zaman da mən ərizəmi yazdım və komandadan xaric olundum. Ovaxtlar da demişdim ki, mən futbolçuyam və bunu gedib Rusiyada sübut etdim. Mən Moskva "Spartak"ında oynamaq istəyirdim. Təəssüf ki, işimi yenə də bəzi insanların təsiri ilə Bakıdan yubatdılar.

- Onlar kimdi, deyəsən, indi həyatda deyillər. Mənim bildiyimə görə…

- Allah rəhmət eləsin. Həyatdı, belə şeylər olur. Həyatın gedişi bunu göstərir. Əgər belə insanlar olmasa, insanlar yəqin ki, yaxşını pisdən, pisi yaxşıdan seçə bilməzdi və güclü olduğunu göstərə bilməzdi.

- Ad çəkmədiz….

- Bilirsiniz necədi. Məni "Neftçi"dən Ruslan Abdullayev çıxardı. Birinci dövrə qutardı, mövsümün qalan hissəsində məni ikinci dəstəyə göndərmək istəyirdilər, Gəncəyə. Mən də bunu istəmədim. Bəlkə başqa yerə getmək istəyirəm, burada başqa amillər vardı. Mən də ərizə yazdım, xaric olundum. Ona görə bir balaca belə şeylər var.

- "Neftçi"də bəyənilməyən futbolçu "Spartak"a getdi - güclülər dəstəsinə…

- Bəli, "Spartak"da bir məşq etdim. Bir məşqlə də mənə dedilər ki, get, sənədlərini götür, gəl, səni komandaya götürürəm. Məndən nə istədiyimi soruşdular, dedim yeməyimi, içməyimi verin, çıxım oynayım. Meydanda nəyə qadir olduğumu göstərəndən sonra siz mənə layiq olduğum pulu verərsiniz. Elə də oldu, təssüflər olsun ki, Bakıdan məni yubatdılar. Transfer vərəqəsini göndərmək lazım idi, göndərmədilər və axıra 3 oyun qalmış bunu etdilər və o vaxt "Spartak" 20 min rublu "Neftçi"nin hesabına keçirdi.

- Ona görə də oynamadınız…

- Mən orda əvəzedici heyətdə oynayırdım, 3 oyuna 2 top vurdum. Valeri Karpin sağda oynayırdı, mən solda. Əvəzedici heyətdə pis təsir bağışlamadım. Mən Oleq Romansevə dedim ki, heç olmasa, 1 dəqiqə burax, əsas komandada oynayım, o da mənə deyirdi ki, tələsmə. Amma mən tələsirdim. Sonra Vladiqafqaza gedib “Alaniya”da oynadım, Rusiya çempionu oldum. Bəlkə də “Spartak”da səbr edib qalsaydım, daha böyük uğurlara imza atardım.

- Məşqçiliyə isə Soçidə başladız…

- "Jemçujina"da əvvəlcə aşağı yaş qruplarında çalışdım, sonra əvəzedicilərdə oldum. Daha sonra əsas heyətdə. Məşqçilik məktəbini Moskvada qurtarmışam və məşqçilik fəaliyyətinə də 2001-ci ildən başlamışam. "Neftçi" elə klubdu ki, hər kəs orada oynamaq istəyər. Elə adamlar var ki, tapşırıqla gəlir və s. Amma mənə təklif gələndə çox sevindim, təəssüf ki, bu sevincim çox çəkmədi. Hər kəsin öz dünyagörüşü var. Kluba gələndə hamı bilirdi ki, mütləq transfer lazımdı. Heç mən olmasam da. İndi edirlər-etmirlər, öz işləridi. Mənim fikrimcə, mütləq 2 transfer etmək lazım idi.

- Onu gedəndə razılaşdırmışdınızmı? Yəni gedəndə rəhbərliyə demişdiniz ki, transfer lazımdı? Deyək ki, onda “transfer pəncərəsi” bağlı idi, amma məşqçilər heyətini formalaşdırmaq üçün şans var idi...

- Təbii ki, mən çəkinmədən ad da çəkə bilərəm. Səmədağa Şıxlarov və Əfqan Talıbovu özümə köməkçi götürmək istəmişdim. Talıbov məsələsində dedilər ki, 2 həftə gözləyək. O 2 həftə 2 ay çəkdi. Mən yadınızdadısa, mətbuata demişdim. Burada həm qapıçı, həm fiziki hazırlıq məşqçisi var. Hələ ki, 2 məşqçi ilə başlayacaqdıq, daha sonrasına baxacağımızı düşünmüşdüm.

- Gəray Qarayevlə bağlı məsələdə həqiqət var idi?

- Yox, Gəray Qarayevlə bağlı məsələ yox idi. Talıbovu gətirə bilmirəmsə, Qarayevi hara gətirim?

- Bəs bu söhbətlər haradan çıxırdı?

- Ehtiyac yoxdu o haqda danışmağa. Qapıçı məşqçisi serbdi, o, mənə deyirdi ki, 7 ildi türmədəyəm.

- "Neftçi"də?.. Türmədə?..

- Bəli, 7 ildi. Mən ona deyirdim ki, əşyalarını götür, get, deyirdi vəziyyət çətindi. Dedim onda ailəni gətir bura, bir şey fikirləşərik. Deyir yox, qızım böyükdü.. Əgər məşqçi bunu deyirsə, onu komandada saxlamağın nə mənası var?

- Hər halda istəyiniz yerinə yetirilmədi…

- Bəli, şərtlərim yerinə yetirilmirsə, niyə işləməliyəm? Məni maraqlandıran odu ki, əgər mən Antalyada olsaydım, indi bu futbolçular belə danışa biləcəklərdi? Çox maraqlıdı…

- Futbolçular deyəndə konkret olaraq kimlər?

- Kimlər ki, danışır.

- Mahir Şükürov, Flavinyo, Rəşad Sadiqov danışır…

- Mahir, Flavinyo, Rəşad. Kimlər danışırsa, bu, birinci peşəkarlığa sığışmayan hərəkətdi. Birincisi, belə don geyindirməzlər. İkincisi də, quru palçıq divara yapışmır. Əgər mən Antalyaya getsəydim, bu söz-söhbətlər olacaqdı?

- Bəlkə onda onlar komandada olmayacaqdı? Bu, mümkündü? Biri elə ehtiyatda qalan İqor Mitreski

- Bilirsiniz, gərək işin içində olasan. Mən Şükürovla Mitreskini komandada görmək istəmirdim. Mitreski yaşlıdı, təcrübəli oyunçudu, onun təcrübəsindən istifadə olunub. Komanda Avroliqaya da düşüb. İndi ağır olduğunu görə getməlidi. Mən komandadan xaric edə bilmərəm, sadəcə, bunu rəhbərliyə deyə bilərəm. Çıxartmaq klub prezidentindən asılıdı, məndən yox.

- Bəs konkret olaraq Mahir Şükürov niyə?..

- Mahir intizamsız futbolçudu. Meydanda qırmızı vərəqə almasını necə başa düşək? Hakim rəqib qapısına doğru cərimə zərbəsi təyin edir, bu gəlib futbolçunu vurur. Bu o deməkdi ki, hakim, mənə ikinci “sarı”nı ver, meydandan qov.

- Yəni bunu bilərəkdən etdi?

- Nəticəyə gəlib çatırsan, sonra onlar hamısı açılır, görürsən. Çünki hadisələrin gedişi bunu göstərir.

- Sizə qarşı danışanların əksəri müxtəlif oyunlarda qırmızı vərəqə almış futbolçulardı.

- Deməli, qənaətimdə haqlıyam.

- Amma siz də görürdünüz. Hadisələrin gedişində qərar qəbul etməliydiniz ki, bu futbolçu mənə lazım olmayacaq.

- Baxmayaraq ki, millinin oyunçusudu, kolektiv sağlam olmalıdı. Ona da zaman lazımdı.

- Onda belə çıxır ki, sizin lazımsız bildiyiniz futbolçuların sözü "Neftçi"də daha keçərli oldu...

- Yəqin ki, elədi. Yəqin ki, yox, dəqiq elədi. Əgər mən bu gün orada yoxamsa, deməli, elədi.

- Klub prezidenti Sadıq Sadıqovun müşaviri, əvvəlki baş məşqçi Böyükağa Hacıyevin də istefanızda böyük rolu oldu. Məncə, bunu etiraf etməyin vaxtıdı.

- İndi belə çıxır. Etiraf deyəndə bilirsiniz, mən məşq edirəm, heyət qururam, siz iştirak etmirsiz. Mən sizin haqda nə fikirləşə bilərəm? Amma gedişatda siz oyundan əvvəl, sonra onlarla telefonla danışa, görüşə bilərsiniz. Mən bunu bilmirəm axı. Gedişat belə göstərir.

- Yəqin Böyükağa Hacıyevi nəzərdə tutursunuz?..

- Bəli, tamamilə doğrudu. Bir sual verdiniz. Üzr istəyirəm, ifadəmə görə. Siz Böyükağa Hacıyev ola bilməzsiniz, o sizin səviyyənizdə ola bilməz. Sizinlə onu müqayisə etmək olmaz.

- Amma bu gün ən böyük komandanın baş məşqçisidi...

- Təəssüflər olsun ki, elədi.

- Hacıyev mətbuatda sizə qarşı açıq-aşkar hücuma keçdi. Siz isə susduz və belə bir fikir formalaşdı ki, Nazim müəllim qorxur, kreslosunu itirməmət üçün susur.

- Kimsə artıq-əskik danışırsa, elə danışıb onun səviyyəsinə düşmək lazım deyil. Siz Böyükağa Hacıyevi də yaxşı tanıyırsız, Nazim Süleymanovu da.

- Çox təəssüf ki, indi elədi ki…

- Siz bilirsiniz, bu haqda bir sitat gətirim. "Arxadan vurulan zərbə" filminə baxmısınız?

- Bəli, baxmışam…

- Orada “Qurd Cəbrayıl” olur. “Qurd Cəbrayıl” da Fəttah dayı olur sonra. Mən Hacıyevi Fəttah dayı kimi qələmə verərdim.

- Tərlan Əhmədovla görüşüb söhbət etmişdiniz?

- Xeyr, heç görüşməmişəm.

- Amma işdən çıxmağınızın ortaq nöqtəsi Böyükağa Hacıyevdi, sizi birləşdirən məqam...

- Gedişat hər şeyin doğruluğunu göstərir. Əgər bir insan komandadan xaric edilirsə və komandada saxlanılırsa, deməli, burada nəsə planlar var. Mənə elə gəlir ki, hamısı planlı şəkildə olub.

- Belə çıxır ki, siz Böyükağa Hacıyevi tanımırdınız…

- Tanımırdım deyəndə, salam-sağolumuz olub. Sonra "Bakı"da olan əhvalatı da eşitmişəm…

- "Bakı"dakı hansı əhvalat?

- "Bakı"da hansısa vəzifədə işləyirdi, sonra baş məşqçi Əsgər Abdullayevi çıxartdırdı, özü bu posta keçib komandanı çempion etdi. Orada da nəsə qururdu. Heç bu haqda danışmağa ehtiyac yoxdu. Mən inanırdım ki, mənə dəstək olacaqlar.

- "Neftçi"nin bugünkü heyətini yetərli saymırsınız. Əgər bu komanda mövsüm sonunda çempion olsa, bu, nəyin hesabına olacaq?

- Bəlkə də oldu. İndi hazırda söhbət nədən gedir? Siz rəhbərsiniz, mən sizə deyirəm ki, komandanı gücləndirsək, 2 mövqeni gücləndirsək, daha yaxşı olar. Məşqçi heyətimi də qurmaq istəyirəm. Baş məşqçinin öz komandası olmalıydı. Nə olsun ki, fiziki hazırlıq üzrə məşqçi yaxşıdı və s.

- Futbolçu kimi parlaq karyerası olan, Azərbaycan futbolunu Rusiyada təmsil edən, məşqçilik karyerası olan, AZAL-da çalışdığı zaman onlar üçün uğur sayılacaq tapşırığı yerinə yetirib Avropa Liqasına vəsiqə qazanmış bir məşqçinin sözü türmədə yaşadığını deyən sıradan bir serb çalışdırıcıdan üstün tutulmadı. Halbuki "Neftçi" 2 xal geridədi...

- Yəqin elədi də, fakt odu. Nəticədə mən bu gün o klubda deyiləm, şərtlərimin yerinə yetirilmədiyinə görə istefa verdim.

- Ümumiyyətlə, komandada braziliyalıların qruplaşmasını hiss etmişdiniz?

- Orada braziliyalı qruplaşması yoxdu, çox qruplaşma var. Mənim bunları deməyim düzgün çıxmaz, ancaq susqunluğumu görüb istədiklərini danışırlarsa, mən də susmayacam. “Neftçi”də Mahir Şükürovun, braziliyalıların, makedoniyalı və serblərin, Mirhüseyn Seyidovun təsirində olan gənclərin hərəsinin öz dəstəsi var, Rəşad Sadiqov da ayrıcadı. Hamı ayrı-ayrı qruplaşır. Çox şeyləri açmaq olmur. Bu, Nazim Süleymanov üçün ayıbdı.

- Amma danışmadıqca günahı sizdə bilirlər. Deyirlər sözünü deyə bilmədi, xaraktersizdi, danışmır…

- Yaxşı, mən indi xaraktersizəm, şərtlərimi yerinə yetriməyəndən sonra işləməliyəm? Deməli, qalıb işləsəydim, xarakterli olacaqdım. Deməli, şərtlərim qəbul olunmasa da, işləməliydim ki, desinlər xarakterliyəm?

- İndi bunu çox adam başa düşmür. Hacıyevin açıq hücumuna cavab vermədiz deyə size günahlandırırlar. Hamı deyir ki, Nazim müəllim getdi, amma niyə getdiyini demədi.

- Bəs nəyə görə getdim mən?

- Klub rəsmiləri ilə də danışmışdıq. Onlar açıqlama verdilər ki, “Nazim Süleymanov sadəcə, getmək istədi. Bizə dedi ki, transfer olunmalıdı, məşqçilər gəlməlidi. Amma biz Süleymanova əvvəlcədən bildirmişdik ki, qışda transfer olmayacaq”.

- Elə şey ola bilər? Siz dəfələrlə yazmısınız ki, Melvin Platye düzgün transfer deyil, komandaya lazımsızdı. Mən deyirdim ki, bir az gözləyək, transfer edərik. Əgər belə idisə, mən niyə mətbuatda deyirdim ki, transfer lazımdı? Nəyə görə?

- Bəlkə Platye Tahir Süleymanovun gətirdiyi futbolçu olduğu üçün komandadan göndərmək mümkün deyil...

- Yox, göndərmək deyəndə çıxartmağa ixtiyarım yoxdu.

- Amma rəhbəlrik onu transferə çıxarda bilərdi, bunu eləmədilər.

- Siz çox düzgün qeyd etdiniz. Hələ mən mətbuatdan bir dəfə oxumuşdum ki, Nazim Süleymanov transferdən nəsə güdür. Süleymanov heç vaxt transfer etməyib. Baş məşqçi yalnız hansı mövqeyə futbolçu lazım olduğunu deyir, vəssalam. Bir də futbolçuya baxıb qərar verir. Kor kora kor deməsə, bağrı çatlayar.

- "Neftçi" rəhbərliyi hər dəfə yerli futbolçulara, gənclərə şans verdiyini bildirir. “Bizim Emin Mehtiyevimiz, Tərlan Quliyevimiz var” deyirlər. Onlar gənc futbolçuların oynamamasında məşqçiləri günahlandırır. Mənə elə gəlir ki, məşqçilər ona görə gənclərə şans vermir ki, onlardan nəticə tələb olunur.

- Özünüz özünüzə cavab verdiniz.

- Mən təsdiqini istəyirdim.

- Bəli, tamamilə düzdü. Əgər bir futbolçu meydana çıxıb, istənilən nəticəni verməyəcəksə, kim günahkar olacaq?

- Onu heyətə salan baş məşqçi…

- Tamailə doğrudu. Əgər baş məşqçi futbolçunun yaxşı olduğunu görürsə, onu necə oynatmaya bilər? Siz yaxşı oynasanız, sizi komandadan necə çıxarda bilərlər? Mən təzə gəlmişəm axı, mən də istəyirəm ki, qələbə qazanaq, xallar toplayaq. Əgər futbolçu meydanda zəif oynayacaqsa, o, kimə yaxşıdı?

- Tərlan Əhmədovu da bu səbəbdən günahlandırırdılar, sizi də. Amma hər itirilən xala görə baş məşqçinin kreslosu laxlayacaqsa, o heç vaxt gənc futbolçunu meydana buraxıb, bu riski etməz.

- “Neftçi”dəki təzyiq qarşısında heç kim hazır olmayan gənci məhz gənc olduğu üçün müydana buraxmaz.

- Ümumiyyətlə, o gənclərin nəvaxtsa "Neftçi"nin əsas heyətinə düşə biləcəklərini düşünürsünüz? O perspektiv var?

- Niyə də yox, əgər onlar öz üzərində çalışsalar, düşərlər. Axı, onlar öz üzərlərində işləmirlər.

- Onlar nə qədər də öz üzərlərində çalışmasalar da, intizamsız Mahirin yerinə zəif futbolçunu meydana buraxmaq olmazdımı? Yoxsa həmin vaxt bu addımınız daha böyük fəsadlara səbəb olardı?

- Tamamilə doğrudu. Əgər onu komandadn qıraqda qoysaqdıq, fəsadlar daha da böyük olardı. Mən komandada yoxam, bu söz-söhbətlər var. Mahiri qıraqda qoysam, nələr olardı? Mahirin yerinə başqa futbolçu olsaydı, mən onu heyətə qoymazdım. Bu, güləş deyil, boks deyil, kollektiv oyundu. Sən də oynamalısan, səviyyəni göstərməlisən və “transfer pəncərəsi” açılanda nə fikirləşirsənsə, onları da həyata keçirməlisən. Məşqçi öz fikirlərini nə vaxt həyata keçirə bilər? “Transfer pəncərəsi” açılanda.

- Mahir, Flavinyo və s. futbolçuları sonradan gördünüz. Bəlkə də indi Hacıyevə yarınmaq üçün müəyyən sözlər deyirlər. Siz də təzə gəldiyinizdə tərif kimi eyni sözləri eşidirdinizmi?

- Tərif deyəndə, mən ora tərif eşitməyə yox, işləməyə gəlmişdim.

- Yəni şəxsi münasibətlərdə sizə işləmək üçün kömək edən futbolçular vardı?

- Kömək edən?

- Yəni kollektivə təzə gəldiyinizdə sizə isti münasibət göstərən futbolçular.

- Mən gələndə çox isti münasibət vardı, mənfi heçnə görmədim. Çalışırdım ki, onlara təzə nələrisə izah edəm, öyrədəm. Bir həftə keçmişdi, eşitdim ki, deyirlər "axır ki, biz futbol oynamağı öyrənəcəyik". Buna baxmayaraq, mənim işim var, istəyirəm ki, yaxşı komanda olsun, səhvləri üzə deyim. 8 oyun oynadıq, bunlardan 3-də məğlubiyyət oldu. Mənə deyirdilər ki, sən yalnız 1-ni uduzmusan, 3-nü yox. Amma məğlubiyyət olan yerdə günahkar baş məşqçidi. Nəsə artıq söhbətlər, futbolçunun "lyubimçik"inin olması – bu, peşəkarlığa yaraşmayan işlərdi. Axı, futbolçu baş məşqçi ilə deyil, klub rəhbərliyi ilə müqavilə bağlayır. Hər kəsin öz öhdəliyi var.

- Ümumiyyətlə, "mən artıq "Neftçi"də qalmayacam" qərarını nə vaxt verdiz. Transfer söhbəti çıxanda, ya hadisələrin buna doğru getdiyini hiss etmişdiniz?

- Bilirsiniz, bir dəfə mən bazaya gələndə gördüm Fəttah dayı (Hacıyevi nəzərdə tutur – red.) oturub. Orada Tahir Süleymanov, Səmədağa Şıxlarov, Gündüz Abbaszadə və səhv etmirəmsə, Mübariz Xudiyev idi. Mən onlarla görüşəndə Hacıyevə xitabən dedim ki, bir sualım var: “Siz indiyədək mətbuatda danışmırdız, birdən niyə danışmağa başladınız?”

- O məlum müsahibədən sonra...

- Bəli, o da dedi ki, mən rəhbərlikdən icazə alıb danışıram. Tahirin ona sərt baxmağından sonra sözü dəyişməyə başladı. Onda mən bildim ki, hə…

- …Artıq hər şey hazırdı və yeni baş məşqçi də bəllidi...

- ...Yeni baş məşqçi də bəllidi. Amma özüm qərar vermişdim ki, bu haqda prezidentlə söhbət etməli və qərarımı bildirməliyəm. Ya işləməli, ya da ayrılmalıyam.

- Mənim bildiyimə görə siz prezidentlə görüşüb, ayrılmamısınız... Futbolçulara "mən gedirəm" deyib getmisiniz.

- Xeyr. Yanvarın 7-si axşam Sadıq müəllimlə görüşdük və danışdıq. O dedi ki, transfer etməyəcəyik və məşqçi gətirməyəcəyik. Dedim əgər məşqçi heyəti gətirə bilmirəmsə, komanda güclənməlidi, buna səlahiyyətim yoxdusa, o zaman mən istefa verirəm. Bu, ayın 7-si axşam olmuşdu. Sadıq müəllim dedi ki, tələsmə.

- Söz xatirinə deyilən sözlər...

- Bilmədim, mən sözümü dedim və çıxdım. Axşam 2-3 dəfə Tahir Süleymanovla danışıb, nəhayət, görüşdük. Xeyli söhbət etdik və mənə dedi ki, yaxşı deyil, qayıt. Əl-ələ verib işləyərik. Dedim xeyr, mən qərarımı vermişəm. Səhər də gəldim işə. Səlahiyyətlər məndədi axı, təhvil verməliyəm. Mən o etik normaları gözləyən adamam. Elə şey ola bilər ki, mən o boyda komandanı tullayım və deyim gəlmirəm. Dedim siz baş məşqçi axtarmalısınız, amma axtarmağa ehtiyac yox idi, elə ordaydı. Sonra saat 3-də futbolçularla yığışdıq. Tahir Süleymanov, Mübariz Xudiyev və mən bir yerdə idik. Klub prezidenti Tahir Süleymanova zəng vurub dedi ki, mən istefa ərizəsini qəbul etdim. Hadisə belə olub.

- Əgər Böyükağa Hacıyevin ora gəlişi gözlənilirdisə, Tahir müəllim sizinlə niyə görüşürdü?

- Siz bilirsiniz.

- Bəlkə gözdən pərdə asmaq üçündü?

- İnsanların içinə girib tanımaq çətindi. Hər bir şey sonradan bilinir. İndi təsəvvür edin, mən bu gün Antalyada məşq etsəm, bu qədər söz-söhbət olardı? Əsla! Mənim komandada olmamağım nə qədər söz-söhbət yaradır. Burada səbəb nə ola bilər ki? Mən həmin Nazim Süleymanovam. Məşqçilik fəaliyyətimdə də zaman hamısını göstərəcək. Deyirlər mülayiməm, başa düşmürəm, mülayimlik ərizə yazıb çıxmaqdı?

- Tək siz deyil, bir çox yerli məşqçilərdə ya Böyükağa Hacıyev kimi arxan olmalıdı, ya da işləməməlisən. Yerlər əcnəbilərə verilir. Yerlilərə güvən yoxdu, ya bacarıqsızdılar?

- Burada nə bacarıqsızlıq ola bilər? Əvvəlcə şans verməlidilər, başqasının qurduğu komandada 2 ayda neyləməliydim? İndi nəticə bəlli oldu. Fəttah dayının 23 övladı doğma olandan sonra ögeyi neynirlər?

- Söz Böyükağa Hacıyevin son açıqlamasını nəzərdə tutursunuz? O, “Fənərbaxça” ilə oyundan sonra komandada 23 oğlunun olduğunu bildirmişdi...

- Doğma qala-qala ögeyi neynirlər?

- Onun oğlanlarına məşq keçməyiniz onu narahat etdi?

- Elə çıxır.

- "Neftçi"də neçə artıq futbolçu var?

- Artıq futbolçular çoxdu. Mən sadəcə, ikisini dedim. Deyirlər mən 5-6 nəfərlik siyahı vermişəm. Halbuki heç bir siyahı zad verməmişəm. Cəmi 2 mövqeyə futbolçu lazım olduğunu demişdim – müdafiəyə və hücuma.

- Düşünmürsünüz ki, "Neftçi" Flaviniyodan asılı komandadı?

- Mən bunu çox analiz etmişəm. Burada çox oyunlar gedir. Qoy bunlar məndə qalsın.

- Bəlkə qalmasın?

- Mən istəmirəm ki, nəsə.. "Neftçi"di, qoy oynasın, çempionat qabaqdadı. Futbolçu intizamlı olmalıdı, məşqçinin dediklərinə əməl etməlidi. Futbolçu danışmağa başlayır. Əgər futbolçu danışırsa, o ya məşqçi olmalıdı, ya da gəlib məşqçinin yanında oturmalıdı – ehtiyat oyunçular skamyasında. Bəlkə də bu, onların fikirləri deyil, amma təəssüflər olsun ki, onların dilindən yazılır.

- Müsahibədən əvvəl dediniz ki, Mahir Şükürov sizdən inciyib...

- Hər bir insanın öz fikri olmalıdı. Mən AFFA yığmanın ötən mövsüm üçün ən yaxşı oyunçusunu müəyyənləşdirərkən keçirdiyi sorğuda baş məşqçi kimi Rəşad Sadıqovu dedim. Bunun futbolçunun inciməyinə nə dəxli var? Deməli, mən “Neftçi”də işləyirəmsə, bu klubun oyunçusunu yazmalıyam, öz fikrim olmamalıdı? Rəşad Sadıqov yerini bilir, liderdi və komandanı arxasınca dartır. Ona görə də ən yaxşı seçilmək onun haqqı idi. Mən klubda işləyərkən Mahirin də, Rəşadın da özünü necə apardığını, məşq etdiyini görmüşəm. Rəşad əsl liderdi.

- Tərlan Əhmədov demişdi ki, baş məşqçi hələ mən postumda olanda müəyyən olunmuşdu.

- Hələ Fəttah dayı olmamışdan da bu söhbət vardı. Düzünü düyirəm, çoxdan dəvət almışdım, amma yığmada işləyirdim və heç kimə razılıq verməmiçdim. Mən məşqçi kimi bütün oyunlara gedirdim və Berti Foqtsa məlumat verməliydim.

- Hacıyev demişdi ki, niyə Nazim müəllim hər oyuna gedir?

- Mən köməkçi məşqçi kimi getməliydim də. Neynəməliyəm ki?

- Sizin xəbəriniz varmı ki, siz "Fəttah dayı" ifadəsini mətbuatın dilinə saldınız.

- Yox, baxdım və gördüm ki, bu insan bu işlərlə məşğuldursa, nə ad vermək olar?

- Fəttah dayını sonda tuturlar. Böyükağa Hacıyevin bu işləri nə zaman açılacaq?

- Onu Allah bilər.

- Allah eləməsin, siz özünüzü Fəttah dayının hansı qurbanına bənzədirsiniz? Orada bir neçə obraz var. Biri Tərlan Əhmədov, bir Nazim Süleymanov.

- Filmin sonunda Qəmərli gəlir, deyəsən. Mənə elə gəlir ki, onun işin üstünün açılmasında böyük rolu oldu. Bizim Fəttah dayının kimliyi də mənə görə bəlli oldu.

- Sizə köməkçi məşqçi gətirə bilmərik deyən "Neftçİ" sizdən sonra yeni məşqçilər gətirdi. Yəni imkanları vardı...

- Həmişə imkanları olub, amma nədənsə mənim üçün olmadı. "Neftçi" hamının komandasıdı, amma mən istəyimi həyata keçirə bilməyəndən sonra nə deməliyəm? Kimi istəyərlər gətirərlər, kimi istəyərlər, göndərərlər. Necə deyərlər "qurtarın bu komediyanı".

- Sadıq müəllim hər şeyi görüb sizi geri qaytarmaq istəsə...

- Gəlin bu haqda danışmayaq. Məni komandaya Sadıq müəllim gətirmişdi, niyə istədiklərimi həyata keçirmədi? Məni gətirəndə də öz fikirlərimi demişdim.

- Yaxşı, Böyükağa Hacıyevsiz "Neftçi"də situasiya fərqli olardı?

- Bəlkə də. Amma ehtimallar çoxdu. Fakt odu ki, olan oldu və hamı gördü. Elin gözü tərəzidi. Hələ bəlkə mən komandada işləyə-işləyə məndən çox bilirsiniz.

- Amma siz jurnalistlərdən inciyirsiz. Bizim əməkdaş AZAL-la oyundan sonra mətbuat konfransında sual verəndə "siz mənim getməyimi istəyirsiz?" cavabını vermişdiniz.

- Axı mən də nəsə gözləyirdim. Transferin başlanmasını…

- Biz hər şeyi görürdük axı. Neçə illik müqavilə bağlamışdınız?

- 2 illik.

- Təzminat aldınız?

- Xeyr.

- Niyə?

- Çünki özüm getdim. Bilirsiniz, səmimiyyət var. Siz deyirsiniz, mən inanıram, vəssalam. Burda əlavə nəyəsə ehtiyac yoxdu axı.

- Bəlkə peşəkar müqavilə bağlamaq sırf peşəkarlara xas bir xüsusiyyətdi? Məsələn, əcnəbilər gedəndə çemodanlarla pul aparırlar. Yerli məşqçilər "mən ölüm", "sən öl"ə işləyir.

- Ola bilər. Lakin səmimiyyət var. Ola bilər ki, biz peşəkarlaşmalıyıq. Amma bu da zamanla olan hadisədi.

- Bizim soruşmadığımız, sizin demək istədiyiniz nəsə qaldı?

- Nə deyim ki, mən məşqçiyəm. İşimi davam etdirəcəm. İnşallah, hər şeyi zaman göstərəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR