“Kopenhagen”in baş məşqçisi sabahkı oyunu şərh etdi
Bizi izləyin

İdman

“Kopenhagen”in baş məşqçisi sabahkı oyunu şərh etdi

“Avropa kuboklarında tarixə və təcrübəyə malik komandayıq. Yeni oyunçularımız olmasa da, sabah istəyimizə çata bilərik. “Vardar”la əvvəlki mərhələ oyunlarında da gördük ki, bu vacib vəzifənin öhdəsindən gələ bilərik”.

Publika.az Sportnet.az-a istinadən bildirir ki, bunu Danimarka “Kopenhagen”in baş məşqçisi Stole Solbakken “Qarabağ”la Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab görüşündən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisi Makedoniya “Vardar”ı müqayisədə uzun müddətdir birgə oynayan futbolçulardan ibarətdir:

“Onların milli komandada çıxış edən çoxlu oyunçusu var. Həmin futbolçular yaxşı çıxış edirlər. Məsələn, yarımmüdafiə xəttindəki 3 futbolçu 2 mövsümdür birgə oynayır. Müdafiə xəttindəki “4-lük” də fikrimcə, inamlı təsir bağışlayırlar. Amma birinci qoldan sonra hər şey əldən gedə bilər”.

“Kopenhagen” “Qarabağ”ı keçə bilməsə, mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. Lakin Solbakken hazırda yalnız Çempionlar Liqasının qrup mərhələsini düşündüklərini vurğulayıb:

“Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik. Bu, hazırda düşündüyümüz yeganə məsələdir. Çempionlar Liqasında bütün dövrlərin ən yaxşı komandası olmasaq da, son 6 həftədə oyun keyfiyyətimizi 30 faiz artırmışıq. Yeni oyunçular almasaq da, vəzifəmizin öhdəsindən gələ biləcəyimizi düşünürəm. Komandamız get-gedə artırır. Zədəsini bərpa edən yeni oyunçular fiziki hazırlıqlarını qaydasına saldıqdan sonra daha da yaxşı olacaqlar. Yaxın həftələrdə daha yaxşı kollektiv formalaşacaq”.

Qeyd edək ki, “Kopenhagen” “Qarabağ”la cavab görüşünü avqustun 23-də Danimarka paytaxtındakı “Parken” stadionunda keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Ötən həftə Bakıda təşkil olunmuş qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm