“Qəbələ”dən cavab: “Yaxşı olardı ki, bükə bilmədikləri əli öpsünlər”
Bizi izləyin

İdman

“Qəbələ”dən cavab: “Yaxşı olardı ki, bükə bilmədikləri əli öpsünlər”

“Qəbələ”dən cavab: “Yaxşı olardı ki, bükə bilmədikləri əli öpsünlər”

Azərbaycan kubokunun finalında “Qəbələ” rəhbərliyinin gördüyü təbliğat-təşviqat işi öz bəhrəsini vermişdi.

Stadionda olan azarkeşlərin 90 faizi bölgə klubuna azarkeşlik edirdi. Bu mənzərə mətbuatın da diqqətindən yayınmadı. Mətbuat “Neftçi”ni azarkeşlərlə iş aparmamaqda, qeyri-peşəkarlıqda qınadı. “Neftçi” rəhbərliyi tənqidlərdən nəticə çıxarmaq əvəzinə “Qəbələ”nin gördüyü işi ləkələməyə çalışıb. Publika.az xəbər verir ki, futbolinfo.az saytına açıqlama verən “Neftçi”nin mətbuat xidmətinin rəhbəri “Qəbələ”nin azarkeşləri stadiona zorla gətirdiyini deyib. Guya, azarkeşlər buna görə hətta Abbaszadəyə şikayət də ediblər:“Heç kimi stadiona məcbur gətirmək olmaz. Biz stadionda komandanı sevən, ürəkdən dəstəkləyən azarkeş istəyirik. Təəssüf ki, "Qəbələ" azarkeşləri arasında biz bunun şahidi olduq. Ad çəkməyəcəm, amma onların elə azarkeşi var idi ki, stadiona məcbur gətirilmişdilər. Onlar mənim özümə dedilər ki, bizi bura istəmədən gətiriblər”.

“Neftçi” rəsmisinin bu ittihamlarına “Qəbələ” tərəfinin mövqeyini öyrəndik. Komandanın marketinq üzrə meneceri Səməd Nəsibov Publika.az-a açıqlamasında Gündüz Abbaszadəyə sərt şəkildə cavab verdi:“Sosial şəbəkərdə də özünüz görə bilərsiz ki, bütün “Qəbələ” azarkeşlərinin dünənki görüntüləri paylaşılıb. Sizcə, orada məcburən saxlanılmış bir ab-hava varmı?

Biz oyunla bağlı Qəbələdə çox yaxşı təbliğat apardıq. Həmçinin televiziyalar vasitəsi ilə azarkeşlərimizə səsləndik. Bütün rayonu bu qarşılaşmaya köklədik. Azarkeşləri klubumuza dəstək üçün final oyununa səslədik.Bundan sonra azarkeşlərimiz üçün avtobuşlar təşkil etdik. Demək olar ki, 70-ə yaxın iri tutumlu avtobuslar təşkil etmişdik. Bundan əlavə şəxsi maşınları və özlərinin təşkil etiyi avtobuslarla oyuna baxmaq üçün gələnlər də az deyildi. Hətta rayon icra hakimiyyətinin dəstəyi ilə oyuna gələ bilməyənlər üçün Qəbələ şəhərinin mərkəzində böyük ekran quraşdırılmışdı. İnsanlar meydana yığışaraq qarşılaşmanı ordan da seyr etdilər.

Yaxşı olar hərə öz işi ilə məşğul olsun. Onlar bizi uddular, kubok aldılar. Biz də onları təbrik etdik.Yaxşı olar ki, Gündüz bəy fikirləşsin ki, nəyə görə, onların azarkeşləri stadiona, oyunu izləməyə gəlmədi. Öz də çıxışında deyib ki, “Bakıda əyləncə mərkəzləri çoxdur. Bizim də azarkeşlər əyləncəyə getmişdi. Yaxşı olar ki, düşünsünlər, necə ola bilər ki, komandalarının oyunu zamanı azarkeşlər özləri üçün alternativ əyləncə mərkəzləri seçir, çayxanalarda oturmağı daha üstün tuturlar? Biz öz işimizlə məşğuluq, onlar da öz işləri ilə məşğul olsunlar.

Stadiona 15 minə yaxın azarkeşimiz gəlmişdi. Biz 15 min adamın başının üstündə necə dura bilərik ki, getməsinlər. Yaxşı olardı ki, Gündüz Abbaszadə küçəyə çıxıb azarkeşlərimizin sırasının hara qədər uzandığını görərdi. Biz oyundan sonra qələbə münasibətilə onları təbrik etdik. Bu, alicənablıqdı. Onlar isə bizim gördüyümüz işə ləkə yaxmaq istəyirlər. Yaxşı olardı ki, bükə bilmədikləri əli öpsünlər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm