Azərbaycan cüdoçusundan MÖHTƏŞƏM UĞUR
Bizi izləyin

İdman

Azərbaycan cüdoçusundan MÖHTƏŞƏM UĞUR

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir.

Azərbaycan Cüdo Federasiyasından Publika.az-a verilən məlumata görə, mötəbər yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov Yaponiya, İtaliya, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və Zaqrebdə onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Qızların yarışında 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova isə dünya birinciliyinin bürünc medalını qazanıb. Mərakeş, İspaniya, Rumıniya, Monqolustan cüdoçularına qalib gələn Nəzakət yalnız yapon rəqibinə uduzaraq 3-cü yeri tutub.

Xatırladaq ki, yarışın ilk günü Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) gümüş medal əldə ediblər.

Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm