BŞH peşəkar fotoqraflar üçün təlim keçirdi
Bizi izləyin

İdman

BŞH peşəkar fotoqraflar üçün təlim keçirdi

Bu gün “Nizami” kino mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) dəstəyi ilə noyabrda Azərbaycanda ilk dəfə keçiriləcək “Milli Mobil Fotoşəkil” müsabiqəsi çərçivəsində yerli peşəkar fotoqraflar üçün praktiki təlim baş tutub.

Publika.az xəbər verir ki, “Red Bull Illume” beynəlxalq müsabiqəsinin qaliblərindən biri olan Denis Kleronun verdiyi təlimə 20-dən çox media nümayəndəsi qatılıb. Təlimdə Denis Klero peşəkar idman foto-jurnalistikası ilə əlaqədar öz təcrübəsindən danışıb, iştirakçılara ekstremal idman növlərinin fotoşəkillər vasitəsilə effektiv işıqlandırılması, hərəkətli obyektlərin fotoşəkillərinin düzgün çəkilməsi və fotoşəkil çəkən zaman idmançılarla səmərəli ünsiyyətin qurulmasına dair üsullar haqqında ətraflı məlumat verib.

Ekstremal idman növlərinin fotoçəkilişi üzrə böyük təcrübəyə malik Denis Klero təlim iştirakçılarının yeni üsullara marağını yüksək qiymətləndirib: “İlk dəfədir Bakıda təlim keçirəm. Təlimdə yeni texnikalardan danışdıq və azərbaycanlı fotoqraflar təlimə böyük maraq göstərdilər. Onların peşəkarlığı təlimin daha səmərəli keçməsinə öz töhfəsini verdi”.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə baş tutan təlimə öz münasibətini bildirən şirkətin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli media nümayəndələrinin peşəkarlıq baxımından inkişafında onlara davamlı dəstək göstərəcəklərini bildirib: “Bakı şəhəri 2018-ci ilin 27-29 aprel tarixlərində artıq 3-cü dəfə Formula 1 yarışına ev sahibliyi edəcək və biz bu ötən hər il ərzində yarışın daha yüksək keyfiyyətdə işıqlandırılmasını təmin etməyə çalışırıq. Həmçinin bu il media ilə daha sıx və daha yaxından işləməyi qarşımıza məqsəd qoymuşuq. Bu gün baş tutan praktiki təlim də həmin silsilə tədbirlərin bir hissəsidir”.

Qeyd edək ki, “Milli Mobil Fotoşəkil” müsabiqəsi çərçivəsində həvəskar fotoqraflar üçün mobil telefonlarla uğurlu şəkil əldə etməyin yollarına dair təlim də keçirilir. Yalnız mobil telefon vasitəsilə çəkilən fotoşəkillərin təqdim olunacağı bu müsabiqənin qalibləri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən 2018 Formula 1 Azərbaycan Qran Prisinə olan biletlərlə mükafatlandırılacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm