Fərid Qayıbov: "Mehriban xanımın dəstəyi ilə bu uğura imza atdıq" - FOTO
Bizi izləyin

İdman

Fərid Qayıbov: "Mehriban xanımın dəstəyi ilə bu uğura imza atdıq" - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov bir neçə gün əvvəl Avropa Gimnastika İttifaqının prezidenti seçildi. Bununla bağlı bu gün Milli Olimpiya Komitəsində mətbuat konfransı keçirildi.

Publika.az xəbər verir ki, konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və Avropa Gimnastika İttifaqının yeni prezidenti Fərid Qayıbov iştirak edib.

Çingiz Hüseynzadə ölkəmizdə gimnastikanın inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Federasiyanın prezidenti Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin mühüm rol oynadığını vurğulayıb.

O bildirib ki, idman oyunlarında aparıcı rolu əvvəllər əsasən Avropa ölkəri oynayırdı: “Bu gün idmanın inkişafına ən çox töhfə verən Avropa ölkələridir. Odur ki, Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezident seçilməsi Azərbaycan üçün həqiqətən çox şərəfli işdir. İnanıram ki, o, öz işinin öhdəsindən layiqincə gələcək və gimnastikanın inkişaf etməsində əvəzsiz xidmətləri olacaq. Onun bu naliyyəti əslində son 15 ildə görülən işlərin nəticəsidir”.

Altay Həsənov da F.Qayıbovun yeni vəzifəyə təyin olunması ilə bağlı fikirlərini bildirib:

“Bu, həqiqətən respublikamızın ictimai həyatında önəmli hadisədir. Fərid Qayıbovu təbrik edirəm, gələcək karyerasında ona uğurlar arzu edirəm. Azərbaycanda 2002-ci ildən gimnastika aləmində dönüş başladı. Həmin vaxtdan etibarən Azərbaycan idmanın bu növü üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edib və etməkdədir. Bədii gimnastika ilə yanaşı digər idman növləri də inkişaf etməyə başladı. Ən böyük nailiyyətlərdən biri odur ki, biz çox yüksək təşkilatçılığa qadirik. Azərbaycan nümayəndəsinin Avropada belə bir vəzifəyə layiq görülməsi hər birimiz üçün uğurdur. Mehriban xanımın dəstəyi sayəsində federasiyamız bir çox nailiyyətlər əldə edib. Elə federasiyanın girişində də “İdman gimnastika ilə başlayır” sözləri yazılıb".

A.Həsənov daha sonra F.Qayıbovun nailiyyətlərindən söz açıb:

"Fərid Qayıbov öz işini ləyaqətlə və məsuliyyətlə yerinə yetirən, hər şeyi detallarına qədər düşünən insandır. Onun bu sahədə göstərdiyi keyfiyyətləri nəzərə alaraq keçən il qərara gəldik ki, prezidentliyə namizədliyini irəli sürək. Fərid Qayıbovun qarşısında duran vəzifələrinə məsuliyyətlə yanaşmasından şübhə etmirəm. Milli Olimpiya Komitəsi və nazirlik hər zaman Fərid Qayıbovun yanında olacaq”.

Fərid Qayıbov da öz növbəsində təəssüratlarını bölüşüb:

“Danışmaq çox çətindir, bir qədər həyəcanlıyam. İlk növbədə ölkə başçısına və Mehriban xanıma, ailə üzvlərimə, həyat yoldaşıma və övladlarıma minnətdarlıq edirəm. Azərbaycan artıq gimnastika paytaxtına çevrilib. Dünyanın bütün ölkələrindən, hətta digər kontinentlərdən milli gimnastika arenasında məşq etmək üçün Bakıya gəlirlər. Məhz Mehriban xanım Əliyevanın dəstəyi ilə bu uğura imza atdıq. Aydın məsələdir ki, bundan sonra Azərbaycan Gimnastika Federasiyasında baş katib vəzifəmi yerinə yetirə bilməyəcəm. Müraciət etmişəm ki, məni bu vəzifədən azad etsinlər, federasiyanın yeni baş katibinin adını bu yaxınlarda keçirilən iclasdan sonra biləcəksiniz".

Yeni vəzifəyə seçilməsi ilə əlaqədar 2006-cı ildən tutduğu AGF-in baş katibi vəzifəsindən ayrılmağa qərar verdiyini vurğulayan F.Qayıbov bildirib ki, bu ay İcraiyyə Komitəsinin iclası keçiriləcək. Müraciətinə də orada baxılacaq.

Sonda Altay Həsənov AGF-nin baş katibi vəzifəsinə iki namizədin olduğunu deyərək bunları qeyd edib: “Hələlik onların adlarını açıqlamağa tələsməyək. Fərid Qayıbov elə sistem yaradıb ki, özü bu vəzifəni tərk etsə də, iş davam edəcək. Sistemi kiminlə davam etdirməklə bağlı götür-qoy etməliyik”.

Aytən,

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm