AFFA, “Qəbələ”dən ibrət götür
Bizi izləyin

İdman

AFFA, “Qəbələ”dən ibrət götür

AFFA, “Qəbələ”dən ibrət götür

Elxan Məmmədov və Bernhard Lippertin şərikli, eləcə də Berti Foqtsun da müəyyən pay sahibi olduğu U-21 komandası Norveçə uduzdu.

Bununla da ilinə 1,5 milyon dollar qazanan Lippertin baş məşqçisi olduğu komanda qrupda sonuncu pilləyə düşdü. AFFA-nın geydirmə “Caspian Cup” turniri isə hələ ki davam edir. Özü də boş tribunalar önündə. Kimə nə xeyri olacağını bilmirəm, amma özü üçün davam edir də. Bu turnirlə eyni gündə start götürən (daha doğrusu, Elxan Məmmədovun eyni günə təyin etdiyi) “Gabala Cup” turniri isə artıq başa çatdı. Məncə, futboldan az-çox başı çıxan adam üçün bu iki turniri müqayisə etmək qətiyyən çətin olmaz. Əslində bu müqayisənin özü də müqayisəyəgəlməzdir. Elə mavi ekrandan hər turnirdən bir oyuna baxmaq kifayət edir ki, aradakı fərqi görəsən.

Birincisi, “Qəbələ”nin keçirdiyi turnir 100-200 metrdən öz gözəlliyi ilə adama gəl-gəl deyən təbii örtüklü, xalça kimi meydançalarda, AFFA keçirdiyi turnir isə 100-200 metrdən zəhər saçan rezin iyi ilə adam “get, ağlın olsun buralara gəlmə” deyən, süni olan meydançalarda keçirilir.

İkincisi, “Gabala Cup”da “Liverpul”, “Udineze”, “Fənərbağça”, “Lokomotiv”, “Anderlext” kimi komandalar çıxış etdiyi halda, “Caspian Cup”da çıxış edən komandaların siyahısına baxın: Tacikistan, Qırğızıstan, Özbəkistan, Əfqanıstan, Qazaxıstan. Nisbətən babat rəqib Türkiyədir ki, onların da bura gəlməsinin səbəbi məlumdur. AFFA yaxşı münasibətdə olduğu Türkiyə Futbol Federasiyasından xahiş edib, onlar da bunların sözünü yerə salmayıb komandalarını bura göndəriblər.

Üçüncüsü, Qəbələyə gələn bütün komandalar mükəmməl infrastrukturdan, xalça kimi meydançlardan ağız dolusu danışırlar. “Caspian Cup”a gələn komandalar isə süni örtüklü meydançalardan aşkar narazılıq ediblər. Qazaxıstan millisinin baş məşqçisi aparıcı oyunçusunu məhz bu meydançaların ucbatından itirdiyi üçün Türkiyə ilə oyundan sonra hirsindən dilini-dodağını çeynəyirdi. Türkiyə millisinin baş məşqçisi də çəkinmədən bu cür meydançaların futbola zərbə vurduğunu bildirdi.

Bir sözlə, “Qəbələ” rəhbərliyi təşkil etdikləri turnirlə AFFA-nı sözün hər mənasında mat qoydular. Hansı ki, Elxan Məmmədov “Caspian Cup”u “Gabala Cup”la eyni vaxtda salmaqla rəqibi "vurmaq" istəyirdi. Necə ki, bir neçə il bundan qabaq “Sabahın ulduzlrı”nı "vurmuşdu". Bildiyiniz kimi, “Sabahın ulduzları” keçirilməyənə qədər AFFA heç bir yaş qrupunda turnir keçirmirdi. Məhz yuxarıda qeyd etdiyimiz turnirin get-gedə yüksək reytinq yığmasından və bütün ölkəni əhatə etməsindən sonra əl-ayağa düşən AFFA rəhbərliyi qısa müddət ərzində uşaqlar arasında Azərbaycan çempionatını keçirməklə “Sabahın ulduzları” yarışında çıxış edən komandaları məcburi surətdə öz çempionatlarına cəlb etdilər.

İndi də “Gabala Cup”ın reytinqini salmağa çalışırlar. Amma ağılları kəsmir ki, Əfqanıstan, Qırğızıstan, Tacikiqsan kimi komandalarla, “Dalğa Arena”da keçirilən turnir heç vaxt “Liverpul”, “Fənərbağça”, “Anderlext” kimi komandaların qatıldığı turnirə rəqib ola bilməz.

Gəlim əsas məqama. Bildiyiniz kimi, AFFA bu ildən öz hesabına xaricdən “mütəxəssislər” dəvət edərək, məcburi şəkildə onları klublara idman direktoru kimi təyin edib. Guya ki, onlar klublarda uşaq futboluna nəzarət edib öz məsləhətlərini verməlidir. Halbuki, dünyanın heç bir yerində belə praktika yoxdur ki, federasiya xaricdən mütəxəssis dəvət edib onu zorla klublara sırısın. Çünki bu, birbaşa klubların daxili işinə müdaxilədir. Amma bizdə belə şeylər artıq heç kimi təəccübləndirmir.

Sözüm bu deyil. Az öncə iki turnir arasındakı fərqləri və onların reytinqləri haqda fikirlərimi yazdım. Hamı da razılaşar ki, “Qəbələ”nin təşkil etdiyi turnir AFFA-nın təşkil etdiyi turnirdən qat-qat səviyyəlidir. Elə isə mənə maraqlıdır, özünün məsləhətə ehtiyacı olan AFFA hansı məntiqlə “Qəbələ”yə, yaxud digər klublara məsləhətçi göndərir? Mövcud durum deyir ki, bu gün “Qəbələ”nin AFFA-nın yox, AFFA-nın “Qəbələ”nin məsləhətinə ehtiyacı var. Ona görə mən də Elxan Məmmədova məsləhət görərdik ki, gətirdiyi “mütəxəssilər”ə boş yerə külli miqdarda vəsait xərcləməsin, ondansa “Qəbələ”dən örnək götürsün. (rekord.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm