ABŞ-a “satılmış” alman almanlara, portuqal hamıya qarşı – FOTOLAR
Bizi izləyin

İdman

ABŞ-a “satılmış” alman almanlara, portuqal hamıya qarşı – FOTOLAR

ABŞ-a “satılmış” alman almanlara, portuqal hamıya qarşı – FOTOLAR

Braziliyaya turist axını başlayıb. Təxminən bir həftədən sonra okeanın o tayında bayram bayrama qarışacaq.

Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara mundialda iştirak edəcək komandalar barədə məlumat verir. Sırada G qrupudur.

Onun bəhanəsi qalmayıb

G qrupunda qərarlaşan millilərdən biri həm də mundialların ənənəvi favroitlərindən sayılır. Osuz da Almaniya millisi dünya çempionatlarının daimi, eyni zamanda ən titullu iştirakçılarındandı. İkinci dünya müharibəsindən sonra 1950-ci ildə Braziliyada keçirilən turnirə buraxılmayan almanlar, digər 18 mundialın hamısında iştirak edib. Bundestim 7 dəfə final həyəcanı yaşasa da, bunlardan yalnız üçündən (1954, 1974 və 1990) qalib ayrılıb. DÇ-2002-də finalda Braziliyaya (0:2) məğlub olan almanlar nəticədən razı qalsalar da, komandalarının oyunu onların ürəyincə deyildi. Həmin turnirdən sonra alman futbolunda köklü dəyişikliklər başladı. Dörd il sonra ölkələrində keçirilən mundialda “tanklar”ın gözəl oyunla üçüncü olması azarkeşləri sevindirdi. Amma nəticə daha da yaxşılaşdırılmalı idi. CAR-da da nəticə dəyişmədi. Hər dəfə uğura yaxın olarkən məğlub olan bundestimdən bu dəfə ancaq və ancaq dünya kubokunu qazanmaq tələb edilir. Başqa bir nəticə qənaətbəxş hesab edilməyəcək.

2006-cı ildən bəri komandanın “sükanı arxasında” əyləşən Yoahim Lövün uğur qazanmamaq üçün hansısa bəhanəsi qalmayıb. Son illər ərzində Almaniya klublarının beynəlxalq turnirlərdəki uğurları və yetişdirdikləri futbolçular belə deməyə əsas verir. 4-5-1 taktiki sxeminə üstünlük verən 54 yaşlı mütəxəssisin ixtiyarında xeyli sayda, özü də istedadlı futbolçu var. Onların böyük hissəsi yerli çempionatda - xüsusilə də “Bavariya” və Dortmund “Borussiya”sının heyətində çıxış edir. Bütün bunlar Lövün xeyrinə olan amillərdəndi. Lam, Mertezaker, Hummels, Şvaynştayger, Özil, Kroos, Kxedira, Getse, Podolski, Müller, Roys və Kloze kimi təcrübəli oyunçulara sahib olan bir komandanın dünya kubokunda uğur qazanmaması baş məşqçinin postundan uzaqlaşdırılmasına səbəb ola bilər.

Seçmə mərhələdə Farer adaları, Qazaxıstan, Avstriya, İrlandiya və İsveçlə eyni qrupda yer alan almanlardan təkcə isveçlilər xal qopara bildi. Berlində baş tutan görüşün ilk hissəsində 4:0 hesabı ilə öndə olan Lövün yetirmələri 62-ci dəqiqədən sonra kabus yaşadılar. Belə ki, Zlatan İbrahimoviç və komandası yarım saat ərzində hesabı bərabərləşdirməyə nail oldu. Maraq üçün qeyd edək ki, ikinci qarşılaşmada da qapılara 8 qol vurulmuşdu. Ancaq bundestim budəfəki qarşılaşmadan qalib ayrıla bilmişdi - 5:3.

Pley-offda etdiklərini mundialda da təkrarlamalıdı

Portuqaliya millisi 6-cı mundiala tam hazırdı. İlk dəfə DÇ-1966-da iştirak edən pireneylilər ən böyük uğurlarına məhz həmin turnirdə imza atıblar. Eysebionun lideri olduğu komanda ilk mundialdaca bürünc medal qazandı. Növbəti dünya çempionatını 20 il gözləyən portuqallar qrup mərhələsini adlaya bilmədi. DÇ-2002-də də eyni aqibəti yaşayan Portuqaliya millisi dörd il sonra Almaniyada yarımfinala qədər irəliləsə də, uğurlu çıxışın davamı gəlmədi və yekunda titulsuz qaldı.

Paulu Bentunun baş məşqçi postuna gəlişindən sonra komanda daha yaxşı çıxış edir. Ənənəvi 4-3-3 taktiki sxeminə üstünlük verən Bentunun ixtiyarında dünyanın ən yaxşı oyunçularından biri Ronaldo və xeyli sayda hücumameylli futbolçu olduğundan, daha çox müdafiəyə diqqət ayırır. Onun fikrincə, arxa xətdəki problemləri aradan qaldırarsa, komandası böyük turnirlərdən birinin qalibi ola bilər.

Seçmə mərhələdə millimizlə eyni qrupda mübarizə aparan portuqallar xeyli çətinliklərlə üzləşdi. DÇ-yə birbaşa vəsiqə verən ilk pilləni Rusiyanın ələ keçirməsindən sonra ikinci yer uğrunda İsraillə mübarizə aparmalı oldular. Amma bu mübarizə çox çəkmədi. Təl-Əvivdə israillilərin Azərbaycan millisinin badalağına tuş gəlməsi Bentunun komandasının pley-offda mübarizə aparacağını rəsmiləşdirdi. Ancaq bu mərhələdə portuqallar yağışdan çıxıb yağmura düşmüşdülər. Püşk onları İsveç millisiylə üz-üzə qoymuşdu. Dillərdə dastan olan Ronaldo - İbrahimoviç duelindən birinci qalib ayrıldı (4-2).

Ronaldo pley-offda etdiklərini mundialda da təkrarlamalıdı. O, komandanın kapitanı, eyni zamanda lideridi. Kriştianodan əlavə Bruno Alveş, Pepe, Koentrao, Meyreleş, Moutinyo, Varela, Nani kimi futbolçular Bentunun ixtiyarındadı. Son zamanlar əla formada olan Rikardo Kuareşmanın milliyə cəlb olunmaması Portuqaliyada etirazlara səbəb olub. Amma Kuareşmanın mundialda iştirak ehtimalı hələ də qalır. Belə ki, Ronaldonun dizaltı vətərində zədənin aşkarlanması onun mundialda iştirakını sual altına salıb.

Ağası gülüm olanın…

Şimali Amerikanın ən güclü iki komandasından biri olan ABŞ millisi doqquz dəfə mundialda iştirak edib. Amerikalılar ən yaxşı göstəricilərinə Uruqvayda keçirilən ilk dünya çempionatında bürünc medal qazanmaqla imza atıblar. Sonrakı illərdə seçmə mərhələni aşmaqda əziyyət çəkən “yankilər” DÇ-1990-dan etibarən mundialların daimi iştirakçısına çevrilib.

Yürgen Klinsmannın gəlişiylə toparlanmağa çalışan amerikalıların əsas problemi heyət üzvlərindən bir çoxunun beynəlxalq təcrübəsinin az olmasıdı. Eyni zamanda, ABŞ millisinin simvoluna çevrilən Lendon Donovanın mundiala aparılmaması Klinsmanna baha başa gələ bilər. “Kapitan”ın yoxluğunda Dempsi, Bredli, Bekerman və Hovarda böyük ümidlər bəslənilir. Klinsmann daha çox 4-4-2 taktiki sxeminə üstünlük verir.

ABŞ-ın seçmə mərhələdəki çıxışı barəsində əlavə şərhə ehtiyac yoxdu. Meksikanın zəif çıxışı fonunda daha da qüdrətlənən Klinsmannın komandası rəqiblərinə aman verməyərək KONKAKAF zonasının lideri kimi dünya kubokuna vəsiqə qazandı.

Onu da qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ABŞ millisinə məsləhətçi təyin olunub. Bu yerdə məşhur atalar məsələni xatırladaq və keçək digər komandanın təqdimatına: “Ağası gülüm olanın, başına külüm olar”.

“Qara ulduzlar”ın qarçuxası oyaq olsa…

Uzun illər İngiltərənin müstəmləkəsində olan Qana 1950-ci ildə müstəqilliyini elan etdi. Qana millisi də elə həmin vaxtdan beynəlxalq arenalarda çıxış etməyə başladı. Amma onlar ilk mundial həyəcanını 56 il gözləməli oldular. Afrikalılar Almaniyada özlərini yad kimi aparmadılar. İtaliya, ABŞ və Çexiya ilə eyni qrupda yer alan “qara ulduzlar” 6 xal toplayaraq qrup ikincisi kimi 1/8 final mərhələsinə adladı. Bu mərhələdə Braziliya ilə qarşılaşan qanalılar təcrübəsizliyin qurbanı oldu - 0:3. Dörd il sonra qonşu CAR-da keçirilən turnir isə onların yaddaşından uzun müddət silinməyəcək. Almaniya, Serbiya və Avstraliya kimi komandalarla mübarizədə dörd xal toplayan Qana millisi Okeaniya təmsilçisini top fərqində qabaqlayaraq 1/8 finala yüksəldi. Budəfəki rəqib köhnə tanış ABŞ idi. Asamoa Qyanın fədakarlığı nəticəsində qalib gələn (2:1) “qara ulduzlar” növbəti mərhələdə Uruqvaya rəqib oldular. Bu dramatik oyunu isə futbol azarkeşləri yaxşı xatırlayar. Oyunun əsas vaxtı heç-heçəylə (1:1) yekunlaşdı. Əlavə yarım saatın son dəqiqələrində qanalı futbolçular qola yaxın olsalar da, Luis Suares topu qapı xəttində əliylə saxlayır. Uruqvaylı forvard meydandan qovulur, Musleranın qapısına penalti təyin edilir. Turnir boyunca sərgilədyi oyunla afrikalıların qəhrəmanına çevrilən Qyanın zərbəsi qapı dirəyinə tuş gəlir. Və beləcə, qanalılar əllərinə düşən tarixi şansı qaçırırlar. Penaltilər seriyasında isə bəxt cənubi amerikalıların üzünə gülür - 4:2.

Ceyms Kvesi Appyanın baş məşqçisi olduğu komanda əla formadadı. Seçmə tsikldəki uğurlu çıxış belə deməyə əsas verir. Qrup mərhələsində Sudan, Lesoto və Zambiyanı üstələyən “qara ulduzlar” pley-offda iki oyunun nəticəsinə görə Misiri (6:1, 1:2) məğlub etdi.

Appyanı sevindirən məqam Kevin-Prins Boatenq, Qyan, Muntari, Kvadvo Asamoa, Andre Ayyu və Essyenin mundialda çıxış etmələrində hansısa problemin olmamasıdı.

G qrupu

Almaniya

Portuqaliya

ABŞ

Qana

Təqvim

16 iyun

21:00 Almaniya - Portuqaliya (Salvador)

17 iyun

03:00 Qana - ABŞ (Natal)

22 iyun

00:00 Almaniya - Qana (Fortaleza)

23 iyun

03:00 ABŞ - Portuqaliya (Manaus)

26 iyun

21:00 ABŞ - Almaniya (Resifi)

21:00 Portuqaliya - Qana (Brazilia)

Almaniya

Qitə: Avropa

FİFA reytinqi: 2

Baş məşqçi: Yoahim Löv

Yaranma ili: 1900-cü il

FİFA üzvü: 1904-cü il

Ölkə ərazisi: 357021 kv km

Əhalisi: 80,4 milyon nəfər

Paytaxtı: Berlin

DÇ-lərdə: 17

Qalib: 3 (1954, 1974, 1990)

Finalçı: 4 (1966, 1982, 1986, 2002)

AÇ-lərdə: 11

Qalib: 3 (1972, 1980, 1996)

Finalçı: 2 (1976, 1992)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Lotar Matteus (150), Miroslav Kloze (130), Lukas Podolski (111).

Ən çox qol vuranlar: Herd Müller, Miroslav Kloze (hər ikisi 68), Rudi Föller, Yürgen Klinsmann (hər ikisi 47), Lukas Podolski (46).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Miroslav Kloze (130), Lukas Podolski (111), Filipp Lam (103).

Ən çox qol vuranlar: Miroslav Kloze (68), Lukas Podolski (46), Mario Qomes (25).

DÇ-2014. Seçmə tsikl

C qrupu

2012-ci il

7 sentyabr. Almaniya - Farer adaları 3:0

11 sentyabr. Avstriya - Almaniya 1:2

12 oktyabr. İrlandiya - Almaniya 1:6

16 oktyabr. Almaniya - İsveç 4:4

2013-cü il

22 mart. Qazaxıstan - Almaniya 0:3

26 mart. Almaniya - Qazaxıstan 4:1

6 sentyabr. Almaniya - Avstriya 3:0

10 sentyabr. Farer adaları - Almaniya 0:3

11 oktyabr. Almaniya - İrlandiya 3:0

15 oktyabr. İsveç - Almaniya 3:5

İştirak ərizəsi

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Roman Vaydenfeller (“Borussiya” Dortmund), Ron-Robert Zieler (“Hannover”)

Müdafiəçilər: Jerom Boatenq (“Bavariya”), Erik Durm, Kevin Qrosskroytz (hər ikisi “Borussiya”, Dortmund), Benedikt Hövedes (“Şalke”), Mats Hummels (“Borussiya”), Filipp Lam (“Bavariya”), Per Metezaker (“Arsenal”)

Yarımmüdfiəçilər: Julian Draksler (“Şalke”), Mattias Qinter (“Frayburq”), Mario Qötze (“Bavariya”), Sami Xedira (“Real”, Madrid), Toni Kroos (“Bavariya”), Məsut Özil (“Arsenal”), Marko Roys (“Borussiya”, Dortmund), Andre Şürrle (“Çelsi”), Kristofer Kramer (“Borussiya”, Münhenqladbax), Bastian Şvaynştayger (“Bavariya”)

Hücumçular: Kloze (“Latsio”), Lukaş Podolski (“Arsenal”), Tomas Müller (hər ikisi “Bavariya”)

Portuqaliya

Qitə: Avropa

FİFA reytinqi: 3

Baş məşqçi: Paulu Bentu

Yaranma ili: 1914-cü il

FİFA üzvü: 1923-cü il

Ölkə ərazisi: 92212 kv km

Əhalisi: 10,5 milyon nəfər

Paytaxtı: Lissabon

DÇ-lərdə: 5

Ən yaxşı nəicəsi: 3-cü yer (1966)

AÇ-lərdə: 6

Finalçı: 1 (2004)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Luiş Fiqu (127), Fernando Koutu (110), Kriştiano Ronaldo (109).

Ən çox qol vuranlar: Kriştiano Ronaldo (49), Pauleta (47), Eysebio (41).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Kriştiano Ronaldo (110), Simao (85).

Ən çox qol vuranlar: Kriştiano Ronaldo (49), Elder Poştiqa (27).

DÇ-2014. Seçmə tsikl

F qrupu

2012-ci il

7 sentyabr. Lüksemburq - Portuqaliya 1:2

11 sentyabr. Portuqaliya - Azərbaycan 3:0

12 oktyabr. Rusiya - Portuqaliya 1:0

16 oktyabr. Portuqaliya - Şimali İrlandiya 1:1

2013-cü il

22 mart. İsrail - Portuqaliya 3:3

26 mart. Azərbaycan - Portuqaliya 0:2

7 iyun. Portuqaliya - Rusiya 1:0

6 sentyabr. Şimali İrlandiya - Portuqaliya 2:4

11 oktyabr. Portuqaliya - İsrail 1:1

15 oktyabr. Portuqaliya - Lüksemburq 3:0

İştirak ərizəsi

Qapıçılar: Ruy Patrisio, Beto, Eduardo.

Müdafiəçilər: Andre Almeyda, Bruno Alveş, Fabio Kuentrao, Joa Perreyra, Neto, Pepe, Rikardu Koşta.

Yarımmüdafiəçilər: Joa Moutinyo, Migel Veloso, Raul Meyreleş, Ruben Amorim, Villiam Karvalyo, Nani, Rafa, Varela, Vieyrinya.

Hücumçular: Kriştianu Ronaldo, Eder, Elder Poştiqa, Uqo Almeyda.

ABŞ

Qitə: Şimali Amerika

FİFA reytinqi: 14

Baş məşqçi: Yürgen Klinsmann

Yaranma ili: 1913-cü il

FİFA üzvü: 1914-cü il

Ölkə ərazisi: 9826675 kv km

Əhalisi: 316,5 milyon nəfər

Paytaxtı: Vaşinqton

DÇ-lərdə: 9

Ən yaxşı nəticəsi: 1/2 final (1930)

KONKAKAF kuboku: 14

Qalib: 5 (1991, 2002, 2005, 2007, 2013)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Kobi Cons (164), Lendon Donovan (153), Ceff Aqus (134).

Ən çox qol vuranlar: Lendon Donovan (57), Klint Dempsi (36), Erik Vinalda (34).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Lendon Donovan (153), DaMarkus Bisli (111), Klint Dempsi (101).

Ən çox qol vuranlar: Lendon Donovan (57), Klint Dempsi (36), Jozi Altidor (20).

DÇ-2014. Seçmə tsikl

2012-ci il

2-ci qrup mərhələsi

A qrupu

9 iyun. ABŞ - Antiqua Barbuda 3:1

13 iyun. Qvatemala - ABŞ 1:1

8 sentyabr. Yamayka - ABŞ 2:1

12 sentyabr. ABŞ - Yamayka 1:0

13 oktyabr. Antiqua Barbuda - ABŞ 1:2

17 oktyabr. ABŞ - Qvatemala 3:1

2013-cü il

3-cü qrup mərhələsi

A qrupu

6 fevral. Honduras - ABŞ 2:1

23 mart. ABŞ - Kosta-Rika 1:0

27 mart. Meksika - ABŞ 0:0

8 iyun. Yamayka - ABŞ 1:2

12 iyun. ABŞ - Panama 2:0

19 iyun. ABŞ - Honduras 1:0

7 sentyabr. Kosta-Rika - ABŞ 3:1

11 sentyabr. ABŞ - Meksika 2:0

12 oktyabr. ABŞ - Yamayka 2:0

16 oktyabr. Panama - ABŞ 2:3

İştirak ərizəsi

Qapıçılar: Bred Quzan (“Aston Villa”, İngiltərə), Tim Hovard (“Everton”, İngiltərə), Nik Rimando (“Real Solt Leyk”).

Müdafiəçilər: DaMarkuz Bizli (“Puebla”, Meksika), Mett Besler (“Sportinq Kanzas Siti”), Con Bruks (“Herta”, Almaniya), Geoff Kameron (“Stok Siti”, İngiltərə), Timmi Çandler (“Nürnberq”, Almaniya), Omar Qonzales (“Los-Anceles Qeleksi”), Fabian Conson (“Hoffenhaym”, Almaniya), DeAndre Yedlin (“Sietl Saunders”);

Yarımmüdafiəçilər: Kayl Bekerman (“Real Solt Leyk”), Alexandro Bedoya (“Nants”, Fransa), Maykl Bredli (“Toronto”, Kanada), Bred Devis (“Hyuston Dinamo”), Miks Diskerud (“Rusenborq”, Norveç), Julian Qrin (“Bavariya”, Almaniya), Cermeyn Cons (“Beşiktaş”, Türkiyə), Qrehem Zusi (“Sportinq Kanzas Siti”);

Hücumçular: Cozi Altidor (“Sanderlend”, İngiltərə), Klint Dempsi (“Sietl Saunders”), Aron Yohansson (“Alkmar”, Hollandiya), Kris Vondolovski (“San-Hose Ertkveyks”).

Qana

Qitə: Afrika

FİFA reytinqi: 38

Baş məşqçi: Ceyms Kvesi Appya

Yaranma ili: 1957-ci il

FİFA üzvü: 1958-ci il

Ölkə ərazisi: 238537 kv km

Əhalisi: 25,2 milyon nəfər

Paytaxtı: Akkra

DÇ-lərdə: 2

Ən yaxşı nəticəsi: 1/4 final (2010)

Afrika Millətlər Kuboku: 19

Qalib: 4 (1963, 1965, 1978, 1982)

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Riçard Kinqson (90), Con Peyntsil (83), Con Mensa (82).

Ən çox qol vuranlar: Asamoa Qyan (37), Abedi Pele (33), Entoni Yeboa (29).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Riçard Kinqson (90), Con Peyntsil (83), Salli Muntari (78).

Ən çox qol vuranlar: Asamoa Qyan (37), Salli Muntari (19), Maykl Essyen (9).

DÇ-2014. Seçmə tsikl

D qrupu

2012-ci il

3 iyun. Qana - Lesoto 7:0

9 iyun. Zambiya - Qana 1:0

2013-cü il

24 mart. Qana - Sudan 4:0

7 iyun. Sudan - Qana 1:3

16 iyun. Lesoto - Qana 0:2

6 sentyabr. Qana - Zambiya 2:1

Pley-off

15 oktyabr. Qana - Misir 6:1

19 noyabr. Misir - Qana 2:1

İştirak ərizəsi

Qapıçılar: Fatau Dauda ("Orlando Payrets"), Adam Kvarasi ("Stremsqodset"), Stiven Adamsa ("Aduana Starz")

Müdafiəçilər: Samuel İskum ("Platanias"), Daniel Opare ("Standard"), Harrison Afful ("Esperans"), Con Boye ("Renn"), Yonatan Mensa (Evian"), Rəşid Sumayla ("Mamelodi Sandaunz")

Yarımmüdafiəçilər: Maykl Essyen, Salli Muntari (hər ikisi "Milan"), Məhəmməd Rabiu ("Kuban"), Kvadvo Asamoa ("Yuventus"), Emmanuel Aqemanq-Badu ("Udineze"), Afriye Akkua ("Parma"), Kristian Atsu ("Vitess"), Albert Adoma ("Midlsbro"), Andre Ayyu ("Marsel"), Mubarak Bakaso ("Rubin")

Hücumçular: Asamoa ("Əl-Əyn"), Kevin-Prins Boatenq ("Şalke"), Abdul Uoris ("Spartak"), Yordan Ayyu ("Soşo")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm