Tərlan Əhmədov: "Bu gün "Zirə" ilə oyunda 2 xal itirdik"
Bizi izləyin

İdman

Tərlan Əhmədov: "Bu gün "Zirə" ilə oyunda 2 xal itirdik"

“Bu gün komandanın oyunundan razı qaldım. Xüsusən də, ikinci hissədə yaxşı oynadıq. Hücum futbolu oynadıq və qolu əks hücumlardan buraxdıq. Qələbə üçün meydana çıxsaq da, heç-heçə etdik. Deyərdim ki, bu gün 2 xal itirdik”.

"Report" xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Nəticə ürəyinizcə oldu?

- Xeyir. Açığı, qələbə gözləyirdim. Amma bununla da razılaşmalıyıq.

“Neftçi” uzun müddətdi “Zirə”yə qalib gələ bilmir. Bunun səbəbi nədir?

- Hər-halda, futbolda qələbə daha önəmlidi. Məni sevindirən komandanın oyunu idi. Bu gün daha istəkli idik, futbolçular istədiyim oyunu oynadılar. Qələbə olsaydı, daha yaxşı olardı. Bir xal qazandığımıza görə sevinmirəm, qələbə qazanmalı idik.

Yeni transferlər özlərini doğrultmurlar. Onları yayda göndərmək barədə düşünmürsünüz?

- Nə yatıb, nə yuxu gördülər ki? Onların komandaya uyğunlaşması üçün vaxta ehtiyac var. Zidan da “Real”a keçəndə azarkeşlər tərəfindən seçilmirdi. İndi isə həmin komandanın baş məşqçisidi. Bu gün rəqib bizim qapımıza yaxınlaşmaqda çətinlik çəkirdi. Əgər belə oynamışıqsa, deməli, onlar komandaya uyğunlaşıblar.

“Zirə”nin əsas oyunçuları oynamırdı, amma yenə qalib gələ bilmədiniz. Üstəlik rəqib də azlıqda qaldı...

- Bəli, hər iki komandanın heyətində itkilər var idi.. Ömər Buludov U-21-in düşərgəsində zədə almışdı. Son 3 gündə məcburiyyətdən onu məşqlərə cəlb etdik. Limitə görə məcburən onu meydana buraxmalı olduq. Petrov zədədən sonra istənilən formada deyil. Bu gün risk etdik. Komandanın oyunu göstərdi ki, gələcəyə ümid var.

Lukas Qomes komandadan ayrılan Daniel Seqoviya və Huqo Barqasdan hansı cəhətlərinə görə fərqlənir ki, onu transfer etmisiniz?

- “Neftçi” Barqas və Seqoviya ilə neçənci pilləni tutmuşdu? Səhv etmirəmsə, yeddinci pillə. Deməli, dəyişikliyə ehtiyac var.

Növbəti oyununuzu “Qəbələ”yə qarşı keçirəcəksiniz. Bu gün “Səbail”ə məğlub olan komanda ilə oyun üçün futbolçuları hazırlamaq çətin olmayacaq?

- Biz öz oyunumuza köklənirik. Hər oyunun, hər rəqibin özünə görə hazırlıq planı var. Bütün oyunlara hazırlaşdığımız kimi, “Qəbələ” ilə matça da hazırlaşacağıq. Hələ kubok uğrunda oyunlarımız da var. Çoxları mənə deyir ki, bir cəbhədə mübarizə aparın. Amma o fikirlərlə razı deyiləm. Həm kubok, həm 4-cü yer uğrunda mübarizə aparacağıq. Buna görə də “Qəbələ” ilə oyunumuz maraqlı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm