Əlil idmançıların məşq etdiyi klub yerlə yeksan edildi – FOTOLAR
Bizi izləyin

İdman

Əlil idmançıların məşq etdiyi klub yerlə yeksan edildi – FOTOLAR

Əlil idmançıların məşq etdiyi klub yerlə yeksan edildi – FOTOLAR

Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədəki bina uğrunda baş verən mübahisə əlil idmançıların başında “çatlayıb”.

Əlil idmançıların məşq etdikləri təlim-məşq bazası yerlə-yeksan edilib. Publika.az xəbər veriri ki, bu məlumatı virtualaz.org saytına “GoldMasters PHA Club” və “Qələbə” Ağır Atletika İdman Klubunun rəhbəri Elnur Şıxəliyev verib.

Elnur Şıxəliyevin sözlərinə görə, Zərdabi prospekti, 593-cü məhəllədə “GoldMasters PHA Club” və “Qələbə” Ağır Atletika İdman Klubunun təlim-məşq bazası yerləşib: “2012-ci ilin noyabrında “İlin dörd fəsli-F” MMC-nin direktoru Fərhad Nəbiyevlə bağladığımız icarə müqaviləsi əsasında binanı icarəyə götürmüşük. Bizimlə bağlanan müqaviləyə görə, həmin bina 2016-cı ilədək bizim sərəncamımıza verilib. Buna görə də klubun əsaslı yenilənməsi və avadanlıqlarla təminatı, eləcə də fiziki qusurlu idmançıların məşqləri üçün avadanlıqlarla təmin etməyə 60 min manat vəsait xərcləmişəm.

Klubda olimpiya və paralimpiya idman növləri peşəkar məşqçilər tərəfindən tədris olunub. Həmçinin klubumuzun tərkibində uşaq ağır atletika məktəbi və paralimpiya bölməsi fəaliyyət göstərib. İdmançılarımız müxtəlif idman növlərində Azərbaycan, Avropa və dünya çempionatlarında yüksək nəticələr əldə ediblər”.

E.Şıxəliyev deyir ki, ötən ilin mayında isə “İlin dörd fəsli-F” MMC-nin direktoru Fərhad Nəbiyev obyekti satdığını bildirib: “Klub tam yenilənəndən sonra icarə müddəti başa çatmadan obyekt satılıb. Buna görə də məsələ ilə bağlı 1 saylı İnzibati İqtisad Məhkəməsində iddia qaldırmışıq. 1saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Qurban Abbasov “İlin dörd fəsli-F” MMC-nin direktoru Fərhad Nəbiyevə dəfələrlə xəbərdarlıq göndərsə də məhkəməyə gəlmədi. Hakim Qurban Abbasov klubun fəaliyyətinə qarşı yönələn maneələrin aradan qaldırılması barədə qiyabi qətnamə çıxardı”.

Bundan sonra isə üçüncü tərəf - “Əşrəfoğlu” istehsalat şirkəti məhkəməyə müraciət edib: “Həmin şirkət binanın onlara məxsus olduğunu bildirdi və məhkəməyə Yasamal Rayon İcra Hakimiyyətinin 688 saylı, 30 dekabr, 2008 ci il tarixli sərəncamının surətini təqdim etdi. Həmin sərəncamda 2700 kvadratmetr sahədə gölün ətrafının abadlaşdırılması və göl ərazisinin çirkab sulardan təmizlənməsi “Əşrəfoğlu” istehsalat şirkətinə həvalə olunub. Lakin firma bunu etməyib. Bina “Əşrəfoğlu” şirkətinə məxsus olubsa, “İlin dörd fəsli-F” MMC binanı bizə necə icarəyə verib? Bu məsələyə aydınlıq gətirilməsi üçün dəfələrlə müraciət etsəm də heç kim aydınlıq gətirmir”.

Şikayətçi Ali Məhkəmədə iddia qaldırdığını söylədi: “Məhkəmə “Əşrəfoğlu” firmasının xeyrinə qərar çıxarıb. Lakin qətnamədə göstərilir ki, klub üzvlərinin binadan istifadəsinə qadağa qoyulur. Çünki məsələ Ali Məhkəmənin icrasındadır, məhkəmə tamamlanmayıb”.

Şikayətçi deyir ki, bina mayın 31-də Yasamal Rayon Mühafizə Polisinin əməkdaşlarına təhvil verilib: “Həmin gecə “Əşrəfoğlu” şirkətinin nümayəndələri mühafizə polisinin əməkdaşları binada ola-ola binanın tavanını və divarlarını uçuraraq kluba ciddi zərər vurublar. Üstəlik idman avadanlıqları dağıdılıb, bəziləri isə oğrlanıb. “Əşrəfoğlu” şirkətinin nümayəndələri klubun yerləşdiyi binanı zorakılıqla söküb uçurublar və bununla da məhkəmənin qərarını saymayıblar”.

Məsələ ilə bağlı ölkə prezidentinə müraciət edən klub rəhbəri hazırda əlil idmançıların məşq etməyə zallarının olmadığını, beynəlxaql müsabiqələrə idmançı hazırlayan klubun haqsızlıqlarla üzləşdiyini deyir: “Mən dəymiş zərərin ödənilməsi üçün iddia qaldırmışam. Məhkəmə sonuclanmadan klubun sökülməsi və avadanlıqlarımızın oğurlanması ilə dəymiş 60 min manatın ödənilməsini tələb etmişəm. Müqavilənin müddəti bitmədən binadan zorla çıxarılması təkcə klubumuza deyil, əlil idmançılara da zərər vurdu. İndi onların məşq etmələri üçün qapı-qapı gəzib yer axtarırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm