95 min insanın qarşısında səhv edən azərbaycanlı dünyaya necə səs saldı?
Bizi izləyin

İdman

95 min insanın qarşısında səhv edən azərbaycanlı dünyaya necə səs saldı?

95 min insanın qarşısında səhv edən azərbaycanlı dünyaya necə səs saldı?

Eldar Əzimzadə Əməkdar məşqçi, beynəlxalq dərəcəli futbol hakimidir.

O, 3 dəfə-1979, 1980 və 1982-ci illərdə SSRİ-nin “ən yaxşı hakimi” seçilib, 9 dəfə “ən yaxşı 7 hakim” sırasına daxil edilib. Futbol üzrə SSRİ çempionatında 148 matçı idarə edib.

Hakimlik estafetini Tofiq Bəhramovdan alan beynəlxalq dərəcəli hakim Eldar Əzimzadə yüksək peşəkarlığı sayəsində dünyanın məşhur futbol hakimləri sırasında layiqli yer tutub.

Publika.az “II taym” layihəsi çərçivəsində Olimpiadanın final matçını idarə etmiş yeganə sovet hakimi Eldar Əzimzadə barədə məlumat verəcəyik.

Mexiko, Madrid, İstanbul, Paris, Tehran və Barselona kimi şəhərlərdə oyun idarə etmiş Əzimzadə daim yüksək idarəçiliyi ilə seçilib. Hakimlik karyerasını bitirdikdən sonra "Məhəbbətim mənim - futbol" adlı kitabında isə futbolda keçən həyatını qələmə alıb. Eldar Əzimzadə bu kitabda başına gələn maraqlı hadisələri də qələmə alıb.

Şuşalı balasının İçərişəhərdə kəşf olunan bacarığı

Eldar Əzimzadə Muxtar oğlu 1934-cü il mayın 25-də Şuşada anadan olub. Sonralar ailəsi Bakıya köçüb. O, yeniyetmə yaşlarında İçərişəhərin məhəllələrində yaşıdları ilə top qovub. Məhəllələr arasında keçirilən görüşlərdə Eldar Əzimzadə hücumçu kimi oynayırdı.

Qol vurmaq bacarığı ilə yoldaşlarından fərqlənirdi. Onun bu bacarığı idman ustası Naum Naumtsevin diqqətini çəkir. O vaxt “Neftçi”nin əsas müdafiəçilərindən biri olmuş Naumtsev ona yaxınlaşraq çalışdırdığı klubda oynamağı təklif edib. Bununla da E.Əzimovun futbolçu karyerası başlayıb. Eldar Əzimzadə 18 yaşında - 1952-ci ildə Azərbaycanın gənclərdən ibarət milli komandasının tərkibində Daşkənddə keçirilən SSRİ birinciliyində iştirak edib.

Həyatının ən böyük qərarını verir

1957-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Bundan sonra həmin təhsil ocağında əmək fəaliyyətinə başlayıb. Əzimzadə ali məktəbdə qalaraq, futbol üzrə müəllim işləyir. O zaman kafedrada Tofiq Bəhramov, Şamil Rzayev, Boris Zayonts kimi tanınmış mütəxəssislər çalışıblar. Eldar da təcrübəli müəllimlərin biliklərindən bəhrələnib. 12 il futbol kafedrasında çalışıb. 1979-cu ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna direktor müavini göndərilib. Sonralar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində futbol şöbəsinin, 1987-ci ildə Bakı Rabitə Texnikumunda bədən tərbiyəsi şöbəsinin müdiri vəzifələrində çalışıb.

İdman fəaliyyətinə 23 yaşından başlayan Eldar Əzimzadə Bakı birinciliyində hakimlik edib.

Belə ki, Bakı birinciliyi uğrunda yeniyetmələrdən ibarət “Dinamo” və “Spartak” qarşılaşmalı idi. Futbol Federasiyasında işləyən Boris Zayonts çox narahat idi. Nədənsə matçın hakimi gəlib çıxmamışdı. Boriz Zayonts çarə olaraq gənc Eldar Əzimzadəni görür. Ona yaxınlaşaraq bu önəmli matçın hakimliyini etməsini istəyir. Qərar verməkdə tərəddüdlü olan gənc Eldar nəhayət Zayontsun təklifi ilə razılaşmalı olur. Bununla da o, həyatının ən böyük addımını atmış olur. Çünki onun hakimlik karyerası elə bundan başlayır. İki ildən sonra Əzimzadə respublika birinciliyinin oyunlarını idarə edirdi.

Əfsanələrlə birgə adı çəkilir

Vaxt keçdikcə Əzimzadə futbol aləmində ən ədalətli hakim kimi ad qazandı. 1961-ci ildə SSRİ Futbol Federasiyasının Hakimlər Kollegiyası tərəfindən Azərbaycanın bir qrup hakimi - B.Zayonts, T.Bəhramov, T.Vəliyev, Y.Qriqoryev, N.Məmmədzadə ilə yanaşı E. Əzimzadəyə də ölkə çempionatının oyunlarını idarə etmək təklif olunub.

Əzimzadə köməkçiləri Teymur Vəliyev, Yuri Qriqoryevlə birgə karyerasında ilk dəfə ümumittifaq yarışa - Qroznının “Terek” və Riqanın “Dauqava” komandaları arasında keçirilən matçı idarə edib.

E.Əzimzadə SSRİ çempionatının güclülər dəstəsinin (o zaman “A” qrupu adlanırdı) oyunlarında baş hakim kimi birinci dəfə 1967-ci il sentyabrın 25-də Moskvada “Torpedo” və “Zarya” komandaları arasındakı matçı idarə edib. Həmin oyuna nəzarət edən hakim-inspektor E.Əzimzadənin hakimliyini yüksək qiymətləndirmişdi.

Həmin ilin sonunda Əzimzadə “ümumittifaq dərəcəli hakim” adına layiq görülüb.

Səhvini yazdığı kitabda etiraf edir

1968-ci il mövsümündə yerlimizi çempionatın ən vacib matçlarından biri - “Dinamo” (Kiyev) - “Torpedo” (Moskva) görüşünü idarə etmək gözləyirdi. Əzimzadə “Məhəbbətim mənim - futbol” adlı kitabında həmin qarşılaşma haqqında belə bəhs edib:

“Bu xəbəri eşidəndə qulaqlarıma inanmadım. Çünki bu, çox prinsipial oyun idi. 95 min tamaşaçı ilə bərabər, stadiona Ukrayna KP MK-nın birinci katibi Şelest və onun komandası da təşrif buyurmuşdu. Meydana çıxanda yenə də rəhmətlik anamın mənə bağışladığı Quranı öpüb cibimə qoydum. Bu həyəcanlı dəqiqələrdə onun köməyinə ümidim böyük idi. Oyun çox gərgin keçirdi. 35-ci dəqiqədə Streltsov hesabı açdı. Birinci hissə torpedoçuların xeyrinə qurtardı. Fasilədən sonra dinamoçular nəinki bu topun əvəzini çıxdılar, hətta 88-ci dəqiqədə qələbə topunu da vurdular.
Ertəsi gün “Sovetski sport” və digər mərkəzi qəzetlər məni bərk tənqid etdilər. Etiraf etməliyəm ki, bu ədalətli tənqid idi. Çünki kiyevli İ. Sabo kobud oynayırdı. Hətta bir epizodda fit çalınandan sonra özünü çox intizamsız apardı. O, topu götürüb rəqibin üzünə vurdu. Bu hərəkətinə görə Sabo meydandan qovulmalı idi. Mən isə ona sarı vərəqə göstərməklə kifayətləndim”.

Onun bu səhvi heç də cəzasız qalmır. Belə ki, E.Əzimzadə qərara əsasən 6 aylıq cəza alır. Bu müddət ərzində o hakimlikdən uzaqlaşdırılır. Cəza müddəti bitəndən sonra Əzimzadə yenidən SSRİ çempionatının birinci və güclülər dəstəsinin oyunlarını idarə etməyə başladı.

Ən uğurlu il - İlk beynəlxalq matça dəvət

Eldar üçün ən uğurlu il - 1974-cü il olub. Çünki o, həmin ili SSRİ-də “10 ən güclü hakim” siyahısına daxil edilib, beş ildən sonra isə ölkənin bir nömrəli hakimi hesab olunub.

1976-cı ilin fevralında Əzimzadə ilk dəfə beynəlxalq matça hakimlik etmək üçün dəvət alıb.

İranda 12 ölkənin gənclərdən ibarət milli komandasının iştirakı ilə təşkil olunmuş beynəlxalq turnirdə həmyerlimiz önəmli görüşə hakimlik edib.

Ardınca UEFA kuboku uğrunda keçirilən ACA (Rumıniya) - “Srevena Zvezda”(Yuqoslaviya) matçına təyinat alır. Bu görüşdə ona tanınmış hakimlər - kaunaslı K. Andzyülis və riqalı M. Rubenis kömək ediblər. Bu görüş Yuqoslaviya futbolçularının böyük hesablı qələbəsi ilə başa çatıb.

“Qalatasaray” - “Aston Villa” matçı üçün dəvət

ACA - “Srevena Zvezda” matçından sonra bakılı hakim UEFA kuboku çərçivəsində keçirilən “Qalatasaray” -“Aston Villa” komandalarının görüşünü idarə etmək üçün Türkiyəyə gəlir.

1977-ci ildə SSRİ birinciliyinin güclülər dəstəsində 100-dən artıq matça hakimlik etdiyinə görə, Əzimzadə SSRİ Futbol Federasiyasının qızıl medalına layiq görülüb. Dördüncü dəfə ölkənin “on ən yaxşı hakim”i siyahısında öz yerini alıb.

Əzimzadənin bir elanı ilə azarkeşlər intizamlı olur

1978-ci il E.Əzimzadənin karyerası üçün xüsusi olub. FİFA-ya göndərilən SSRİ-nin yeddi ən yaxşı hakiminin siyahısında onun adı dördüncü idi. Bu da ona dünya və Avropa çempionatlarının seçmə matçlarına hakimlik etmək hüququ verib.

Həmin ili Əzimzadə Danimarka-Portuqaliya görüşünü idarə edib. Bu, onun milli komandalar səviyyəsində idarə etdiyi ilk rəsmi oyun idi. Matç zamanı maraqlı hadisə yaşanıb. Qarşılaşmanın ortalarında tribunadan meydançaya daş atılıb. Eldar Əzimzadə oyunu dayandırıb. Matçın komissarını meydana dəvət edərək deyib ki, qoy stadionda elan edilsin, əgər bir də meydana daş atılsa, o, görüşü dayandırıb yerli komandaya məğlubiyyət verəcək. Bundan sonra azarkeşlər özlərini intizamlı aparıblar.

Ürəyində problem olduğunu gizlədir

1979-da futbol mövsümünün yekunlarına görə, Əzimzadə SSRİ-nin 1 nömrəli hakimi seçilib.

UEFA turnirləri çərçivəsində keçirilən prinsipial matçları - “Barselona” - “İpsviç” və “Torino”- “Ştutqart” görüşlərini yüksək səviyyədə idarə etdiyinə görə, FİFA həmin ili E.Əzimzadəyə beynəlxalq dərəcəli hakim adını verib.

Həmin vaxtlarda Eldar müəllim ürəyində ağrılar hiss edir. Lakin peşəsinin vurğunu olan və işini yarımçıq buraxmaq istəməyən Əzimzadə bu problemi hər kəsdən gizli saxlayır. Əzimzadə ailəsinin təkidi ilə həkim müayinəsindən keçdikdən sonra bəlli olub ki, onun ürəyində ciddi problem var. Lakin Əzimzadə iki-üç aylıq müalicədən sonra özünü yaxşı hiss edib və karyerasını davam etdirib.

Blatterin təbriki

SSRİ-nin ən çox güvəndiyi hakimə Moskva Yay Olimpiya Oyunlarının futbol turnirində hakimlik etmək həvalə olunub.

İspaniya - Əlcəzair görüşünü idarə edən həmyerlimiz finala iki gün qalmış o zaman FİFA-nın baş katibi olan Yozef Blatterlə mehmanxanada təsadüfən görüşüb. Bu zaman Blatter onu həlledici oyuna baş hakim təyin olunması münasibətilə təbrik edib.

Olimpiadanın final görüşünə hakim təyinatı müzakirələrə səbəb olmuşdu. FİFA-nın Avropa Hakimlər Komitəsinin sədri Zaypert bu mat üçün Eldar Əzimzadənin uyğun olduğunu bildirir. Komitə sədri qərarına belə aydınlıq gətirir:

“Finalda iki sosialist ölkəsinin komandaları qarşılaşacaq. Elə bu üzdən də həlledici görüşün taleyi Eldar Əzimzadəyə həvalə olunmalıdır”. Həmin matçda onun köməkçiləri isə italiyalı Latanzi və isveçli Erikson olub.

Final matçı 85 min azarkeşin iştirakı ilə “Lujniki”də baş tutub. Turnirin sayca 32-ci, ən axırıncı matçında yarışların ən güclü komandaları - Çexoslovakiya və Almaniya Demokratik Respublikası qarşılaşıblar. İlk dəfə idi ki, belə bir möhtəşəm turnirin final görüşünü sovet hakimi idarə edirdi. Bunu Əzimzadə üçün çətin sınaq saymaq olardı. Gərgin keçən oyunun birinci hissəsi qolsuz başa çatmışdı.

Fasilədən sonra mübarizə daha da qızışmışdı. Matçın qurtarmasına yarım saat qalmış qarşılıqlı kobud oyuna görə hakim alman Ştaynbaxı və çex Bergeri meydandan kənarlaşdırdı. 77-ci dəqiqədə matçın yeganə qolunu Çexoslovakiya komandası vurub.

Amma mətbuat konfransında səslənən fikir daha maraqlı olub. Belə ki, hər iki komandanın məşqçiləri oyundan çox hakimdən danışıb. Hakimin performansının mükəmməl olduğunu, onun futbolçulardan daha yaxşı təsir bağışladığını dilə gətiriblər.

Prezident medalı həmyerlimizin boynundan asır

Olimpiya oyunlarının iştirakçıları üçün verilən ziyafətdə FİFA prezidenti Joao Avelanj final görüşünü əla idarə etdiyi üçün Eldar Əzimzadəyə xüsusi medal və diplom təqdim edib. Oyunun komissarı Zaypert isə hər üç hakimə “Əla” qiymət verdiyini bildirib. Olimpiya oyunları başa çatdıqdan sonra həmyerlimiz yüksək səviyyədə idarə etdiyi oyunlara görə, mövsümün sonunda ikinci dəfə ölkənin “bir nömrəli futbol hakimi” seçilib.

Əfsanənin vida matçı

1983-cü ildə yenidən üçüncü dəfə ölkənin “bir nömrəli futbol hakimi” elan edilib. Elə eyni ildə Respublika Bədən Tərbiyəsi və İdman Komitəsinin futbol şöbəsinə rəis təyin olunan Eldar Əzimzadə 49 yaşında sonuncu dəfə güclülər dəstəsində "Torpedo" (Moskva) - "Jalgiris" (Vilnüs) oyununu idarə edib. Amma Eldar Əzimzadənin hakimliklə vida matçı birinci dəstə komandaları olan “Kolos” və “Kayrat” komandaları arasındakı görüş olub.

Beynəlxalq dərəcəli hakim Eldar Əzimzadə 2003-cü il yanvarın 20-də vəfat edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm