• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Avropa çempionu Əliağa Rzayev: “Diplomlarımı yandırdım”

  • İdman
  • 10 İyun 2014 16:45
  • 1 123 Baxış
Avropa çempionu Əliağa Rzayev: “Diplomlarımı yandırdım”

Onunla söhbətləşmək üçün evlərinə yollandım. Bilirdim ki, yataqxanada yaşayır, vaxtilə idmanın cüdo növündə böyük uğurlar qazanıb. Aradan xeyli vaxt keçdikdən sonra qəfil avtomobil qəzası keçirib və bu bədbəxt hadisə onu idmandan uzaqlaşdırıb.

Qapını həyat yoldaşı açdı. Evləri balaca və görkəmsiz idi. Televizorun səsi gəlirdi. Evdə gözümə idmana aid heç nə dəymədi. Əliağaya yaxınlaşıb, hal-əhval tutduqdan sonra gəlişimin səbəbini açıqladım. Keçmiş idmançı yorğun görünürdü. Hətta onun danışmağa həvəsli olmadığını da hiss elədim. Amma görkəmi insana həyat sevgisi aşılayırdı. Aramızdakı yaş fərqinə baxmayaraq, Əliağa mənimlə öz həmyaşıdı kimi görüşdü və söhbətə başladı.

“İdmana başlayanda cəmi 35 kilo idim”

“İndi Tağıyev kombinatı deyilən yerdə yaşamışam. Məhlə uşaqlarıyla yığışıb idman zalına getdik. Onda mənim yeddi yaşım vardı. Cüdo ilə ilk tanışlığım həmin idman zalında oldu. Cüdo müəllimim, həm də məşqçim Məhəmməd İsmayılov idi. İki il sonra oranı bağlayıb köçürdülər Neftçi İdman Sağlamlıq Kompleksinə. Köhnə “26”lar, indiki Sahil bağı tərəfə. Bu idman növünə maraq göstərən 10-15 nəfər idik. Ancaq qısa müddət sonra 3-4 nəfər qaldıq, onlardan biri də məndim. Sovet vaxtı olduğundan bizdən pul almırdılar. Uşaqları özləri idmana cəlb edirdilər. Heç bir il keçmədi, Bakı çempionu oldum. Ümumiyyətlə, doqquz dəfə Bakı, yeddi dəfə Azərbaycan, SSRİ, Zaqafqaziya və Avropa çempionu olmuşam”...

Əliağa idman həyatında uğurlu çıxışları ilə yadda qalıb. Keçmiş idmançının təbirincə desək, o, rəqiblərə “göz açmağa imkan verməyib”: “1984-cü ilədək uğurlar əldə etmişəm. İdmana başlayanda cəmi 35 kilo idim. Yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa çempionatında birinci yer tutmuşam. İlk görüşdüyüm rəqib də, sonuncu dəfə çıxdığım görüş də - hamısı film kimi yadımdadır. Çempion olduqdan sonra hər bir idmançı kimi sevinirdim, əziyyətimin bəhrəsini görürdüm. Dövlət bizə o vaxtı maaş verirdi, bir də, pulsuz yemək və idman paltarları. Ev, maddi problem söhbəti yox idi”.

“Gözləyirdilər ki, nə vaxt öləcəm...”

Qalibiyyətlərdən sonra Əliağanın başının üstünü qara buludlar alır. Özünün dediyi kimi, bu onun həyatının ən gözəl çağında baş verir: “İdman həyatımda üç il əsas məşqçim Məhəmməd İsmayılov, daha sonra isə bir yəhudi müəllim olub. Həyatımın ən gözəl vaxtlarında bir avtomobil qəzası keçirdim. Mənimçün ilk vaxtlar çox çətin idi. Aktiv həyatdan passiv həyata qədəm qoydum. Təzə-təzə elə bilirdim ki, travma almışam, bir-iki aya keçib gedər, amma təəssüflər olsun ki, belə olmadı. Bakıdakı həkimlər elə deyirdilər ki, öləcəksən, mənə heç bir ümid vermirdilər. Əslində, oxumuşam ki, belə zədə alandan dərhal sonra, 8 saat ərzində onurğa sümüyündən mütləq əməliyyat olunmalıdır, amma bizim həkimlər mənim barəmdə elə ”öləcək” deyirdilər. Gözləyirdilər ki, nə vaxt öləcəm. Sonra Moskvada əməlliyat olundum, ordan da bir nəfərin köməyi ilə müalicə üçün Krıma, Sakir şəhərinə yollandım. Orada sanatoriyada müalicə almağa başladım və anladım ki, zədə nə qədər ciddi imiş”.

“Evə gedib diplomlarımı yandırardım”

Əliağa bu gün də sonra həyat doludur. Bütün olanlar onun yaşam eşqini söndürə bilməyib. Amma qəza ona çox pis təsir edib: “Həyətdə əlil arabası ilə uşaqların futbol oynamasına tamaşa edərdim. Bir dəfə kuboklarımı, medallarımı onlara payladım. Sonra evə gedib diplomlarımı yandırdım. Artıq nə onların mənə, nə də mənim onlara ehtiyacım yox idi. İdman həyatımı yaxşı tərəfə necə dəyişmişdisə, qəza da eləcə hə şeyi pis tərəfə dəyişdi”.

Keçmiş idmançı darısqal bir otaqda yaşayır və onun üçün həyatın özü də darısqal və boğucudur. Aldığı pensiya maddi problemlərini həll eləmir: “Həyat çox çətindir. Dövlət mənə 120 manat təqaüd verir. Əlil arabası üçün 1990-cı ildən növbəyə dayanmışdım. Dedilər ki, ilk növbədə Qarabağ əlillərini arabayla təmin edirik. İyirmi üç il keçir, hələ də Qarabağ əlillərinə arabaları verib qurtara bilmirlər. Gördüyün bu arabanı öz pulumuzla almışıq”.

Onun söhbəti məni kövrəldir. Danışdıqca içi durulur, təmizlənir. Hiss edirəm ki, o öz kədərinə gülə də bilir. Həyat ona ağır zərbələr endirsə də, Əliağa heç vaxt “nokaut” olmayıb. Üstəlik, həyatının bir parçasına çevrilən idmandan da istər-istəməz xilas ola bilmir: “İdmanı daim izləyirəm. Cüdoya, güləşə, futbola maraq göstərirəm, baxıram. Gözümüzü açandan bir yerdə yaşadığımız, böyüdüyümüz uşaqlarla indiyədək dostluq edirəm. Onlar bu gün də yanıma gəlib-gedir, mənə dəstək olurlar”.

“Tanışlığımız Qəzadan sonra baş verdi”

Ağırılı, kədərli söhbətdən yayınmaq üçün xanımıyla tanışlığından sual verirəm. Əliağa sevincli, kədərli günlərini bir-birindən ayırmır. Onun üçün həyat bütövlükdə daha gözəldir. Keçmiş idmançı, xanımıyla bu həyatı yaşamaqdan şikayətçi deyil: “Həyat yoldaşımla tanışlığımız çox rahat baş tutub. Yəni, qonşu idik, bir-birimizdən xoşumuz gəldi. Qəzadan sonra tanış olduq. İlk vaxtlar həyat yoldaşımın ailəsi bu evliliyə razılıq vermirdi, ancaq artıq 17 ildən çoxdur ki, evliyik. Yoldaşımla xoş günlərimiz də, çətin günlərimiz də olur. Bir gün hər şey xoş gözəl olur, səhərsi gün ağrıyırsan, xəstələnirsən. Həyatla birgə mübarizə aparıırıq. İndiki vaxtda ayaq üstə olan adama həyat, dolanmaq çətin gəlir, amma biz özümüz yaşaya bilirik”.

“Əllilər üçün müalicə nəzərdə tutulsa da, heç bir şərait yoxdur...”

Əliağa deyir ki, onun idmanla məşğul olmağına ailəsi mane olmayıb. Səhhəti o qədər də ürəkaçan deyil. Maddi vəziyyəti müalicəyə imkan vermir. Dövlət də yardım əli uzatmır: “Anam həmişə bizə kömək edir, yanımızda olur. Maddi vəziyyətim yaxşı olsa, hər il müalicə alardım. Azərbaycanda əllilər üçün müalicə nəzərdə tutulsa da, heç bir şərait yoxdur. Ailəm mənim idmana getməyimə, yəni cüdo ilə məşğul omağıma mane olmurdu. Atam özü futbolçu olub. Cüdo ilə məğul olandan sonra dərslərə daim gedə bilmirdim. Səkkizinci sinifə qədər əlaçı oxumuşam. Sonra Dəmiryol Texnikumunda maşinist ixtisası üzrə təhsil almışam”.

Əliağa sonda idman sahəsinin çətinliklərindən danışır. İdmana gələn cavanların bir məqsədi, uğrunda savaşdığı bir amalı olduğunu qeyd edir: “İdmançı olmaq çətindir. Ona görə də naliyyət qazanmaq üçün çox çalışmaq lazımdır. Mən yeniyetmə vaxtımda yayın cırhacırında 40-45 dərəcə istidə, camaat dənizə gedəndə, əlimdə idman çantası ilə məşqə yollanırdım. Həmişə hər səhər saat altıda stadionda idman edərdim, qaçardım, turniklə məşğul olardım. İdmana çox həvəsli idim. Əsas odur ki, indiki cavanlar qarşılarına məqsəd qoyub gəlsinlər idmana”.

Oğuz Ayvaz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR