Braziliyada qiyməti od tutub yanan ulduzlar – FOTOLAR
Bizi izləyin

İdman

Braziliyada qiyməti od tutub yanan ulduzlar – FOTOLAR

Braziliyada qiyməti od tutub yanan ulduzlar – FOTOLAR

Hazırda hamının diqqəti Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatına yönəlib.

Təbii ki, mundiala gedən 32 komanda dünyanın ən güclüsüdürsə, o zaman həmin komandaların heyətində oynayan futbolçular da ən güclülər hesab olunmalıdır. Baxmayaraq ki, İbrahimoviç, Beyl kimi istisnalar var. Ancaq razılaşın ki, bu istisnalar çox azdır. Hətta, cüzidir.

Ümumilikdə isə dünyanın ulduz futbolçuları hazırda Braziliyada cəmləşib. Məlum məsələdir ki, ən güclülər bir araya gəlibsə, deməli elə ən bahalı futbolçuları da onların sırasında axtarmaq lazımdır. Necə ki biz, axtarıb tapdıq və bu haqda hazırladığımız yazını indi sizə də təqdim edəcəyik. Beləliklə, gəlin, oxuyaq və məlumat əldə edək görək, hazırda davam edən mundialın ən bahalı futbolçuları kimlərdir. Qiymətlər azdan çoxa doğru sıralanıb. Futbolçuların qiyməti isə avro ilə göstərilib.

Hulk

Qiyməti: 48 milyon avro

Milli komanda: Braziliya

Yaşı: 27

Ampluası: Hücumçu

Klubu: “Zenit” (Rusiya)

Sıralamada 10-cu pillədə Rusiyanın “Zenit” klubunda forma geyinən braziliyalı Hulk dayanır. Fiziki cəhətdən kötük kimi olan bu hücumçunun Messi və Ronaldo kimi əlahəddə texnikası olmasa da sürəti və sol ayağı ilə qarşısıalınmaz zərbələri var. “Zenit” iki il bundanq abaq onu “Portu”dan 55 milyon avroya transfer etmişdi. Hazırda Braziliya azarkeşləri ondan çox şey gözləyirlər. Baxmayaraq ki, Xorvatiya ilə ilk tur matçında Hulk ciddi heç nə ilə yadda qalmadı. Ancaq mundial yenicə başladığından hələ onun özünü sübut etmək üçün kifayət qədər imkanı olacaq. Hulkun aktivində Olimpiadanın gümüş və Konfederasiyalar Kubokunun qızıl medalı var. Hələ ki, Rusiyada dünya çempionu adını qazanmış tək braziliyalı oynayıb - Roberto Karlos. Görək Hulk Karlosa şərik ola biləcək.

Sesk Fabreqas

Qiyməti: 50 milyon

Milli komanda: İspaniya

Yaşı: 27

Ampluası: Yarımmüdafiəçi

Klubu: “Barselona” (İspaniya)

Bəlkə də, çoxları nə vaxtsa düşünmürdü ki, “Barselona” məhz Fabreqasa 50 milyon avro xərcləyib onu Kataloniyaya gətirə. Hansı ki, Sesk məhz elə “Barselona”nın yetirməsidir. Amma bu, baş verdi. Bununla belə, Fabreqasın qiymətini daha da artırmaq şansı var. Bunun üçün özünü mundialda ən yaxşı tərəfdən göstərmək lazımdır. Amma Hollandiya ilə oyun göstərdi ki. Belə getsə, İspaniya millisinin futbolçularının qiymıti artmaq əvəzinə azalacaq.

Məsut Özil

Qiyməti: 50 milyon avro

Milli komanda: Almaniya

Yaşı: 25

Ampluası: Yarımmüdafiəçi

Klubu: “Arsenal” (İngiltərə)

Almaniya millisinin üzvünün qiymıti də Fabreqasla eynidir. Yeri gəlmişkən, ötən il “Arsenal” məhz 50 milyon avro ödəyərək, Məsutu “Real”dan transfer etmişdi. Belə deyək, Fabreqasın “barselona”ya satışından gələn gəlir Məsutun “Real”dan alınmasına xərclənmişdi. Ancaq çoxları düşünür ki, Özil bu qiymətə dəymir. Çünki o, 4 il bundan qabaq CAR-da keçirilən mundialdakı oyunun heç 50 faizini də göstərə hilmir. Amma qarşıda Almaniya millisinin oyunlarının olduğunu nəzərə alsaq, Özilin özünü təsdiq üçün kifayət qədər şansı olacaq. Üstəlik, Rosyın zədələnməsindən sonra şübhə yoxdur ki, Portuqaliya ilə ilk matçda Məsut start heyətində meydançaya çıxacaq.

Luis Suares

Qiyməti: 52 milyon avro

Milli komanda: Uruqvay

Yaşı: 27

Ampluası: Hücumçu

Klubu: “Liverpul” (İngiltərə)

Geridə qalan mövsümün bəlkə də ən formada olan futbolçularından biri kimi Suaresi saymaq olar. Təsəvvür edin, “Liverpul”un heyətində Premyer Liqada keçirdiyi 33 oyunda 31 qol və 21 məsuldar ötürmənin müəllifi olub. Yəqin ki, onun qiymətinin niyə 52 milyon avro olmasının səbəbini özünüz də başa düşdünüz. Hazırda Avropanın bir sıra nəhəng klubları onu öz heyətində görmək üçün amansız mübarizə aparır. Ancaq təəssüflə qeyd edək ki, Uruqvay millisinin baş məşqçisi Oskar Tabares mundialın Kosta-Rikaya qarşı keçirilən ilk matçımnda anlaşılmaz qərar qəbul edərək, Suaresə oynamaq şansı vermədi. Bunun əvəzini isə 1:3-lük məğlubiyyətlə ödədi.

Andres İnyesta

Qiyməti: 55 milyon

Milli komanda: İspaniya

Yaşı: 30

Ampluası: Yarımmüdafiəçi

Klubu: “Barselona” (İspaniya)

Andrey İnyesta – Siyahıda yer alan ən yaşlı futbolçu. Vaxt gözləmədənq açır. Onun 19 yaşında İspaniya millisinin heyətində Avropa çempionu olması yəqin ki, bu futbolçunu daha yaxından tanıyanların gözləri önündədir. Budur, artıq onun 3o yaşı var. Amma bu yaşda olmasına baxmayaraq, 55 milyon dəyərə malik olmaq da onu göstərir ki, İnyesta hələ də ideal formadadır.Baxmayaraq ki, fabreqas kimi o da mundialın ilk tur matçında fiaskoya uğradı. Amma istənilən halda bu, onun dünyanın ən yaxşı xavbeklərindən biri olmasına kölgə sala bilməz.

Mario Götse

Qiyməti: 55 milyon avro

Milli komanda: Almaniya

Yaşı: 22

Ampluası: Yarımmüdafiəçi

Klubu : “Bavariya” (Almaniya)

Bax bu, artıq heyrət doğura bilər. Düzdür, iki möğvsüm öncə Götse Dortmund “Borussiya”sının heyətində super mövsüm keçirdi. Amma ötən mövsüm o, “Bavariya”nın heyətində heç nə ilə yadda qalmadı. Heç əsas heyətə də düşə bilmirdi. Bunun müqabilində onun qiymətinin 55 milyon avro olması çox təəccüblü görünür. Yəqin ki, yaşının azlığı burada öz sözünü deyir. Hər halda, Braziliyadakı mundial onun üçün gözəl şansıdr. Götsenin bu şansdan necə istifadə edəcəyini isə zaman göstərəcək. Təbii ki, burada Yoaxim Lövün ona şans verməsi də çox önəmlidir.

Edincon Kavani

Qiyməti: 60 milyon avro

Milli komanda: Uruqvay

Yaşı: 27

Ampluası: Hücumçu

Klubu: PSJ (Fransa)

Uruqvay millisinin heyətində yer alan ən bahalı futbolçu. Ümumiyyətlə, Uruqvay millisinin hücum xətti dünyada ən bahalı hesab oluna bilər. Çünki Suareslə Kavaninin birlikdə qiyməti 112 milyon avrodur. Amma nə qədər maraqlı olsa da “Napoli”də oynadığı dönəmdə Kavaninin qiyməti daha bahalı idi. Təsadüfi deyil ki, PSJ onu İtaliya klubundan 64,5 milyon avroya almışdı. Ancaq hazırda bu qiymət 60 milyona düşüb. Bununla belə, Javani həm oyununa, həm də dəyərinə görə hələ də ən yaxşıların sırasındadır.

Neymar

Qiyməti: 60 milyon avro

Milli komanda: Braziliya

Yaşı: 22

Ampluası: Yarımmüdafiəçi

Klubu: “Barselona” (İspaniya)

Ötən yay “Barselona”ya transfer olunan Neymar hazırda Braziliya millisinin ən bahalı futbolçusudur. Ona ödənən məbləğ isə ağlasığmaz idi. Belə ki, Kataloniya klubu Neymar üçün “Santos”a 90 milyon avro ödəmişdi. Lakin bu gün onun qiyməti 60 milyon avbro dəyərində qiymətləndirilir. Bunu da təbii qarşılamaq lazımdır. Çünki Avropada futbol Braziliya çempionaından daha çətindir. Üstəlik, gəldiyin komandada Messi varsa məlum məsələdir ki, sən onun kölgəsində qalacaqsan və bu, qiymətinə də təsir edəcək.

Kriştiano Ronaldo

Qiyməti: 100 milyon avro

Milli komanda: Portuqaliya

Yaşı: 29

Ampluası: Hücumçu

Klubu: “Real” (İspaniya)

2013-cü il Ronaldonun karyerasında ən yaxşı oldu. Çünki o, nəhayət, Messini qabaqlayıb “Qızıl top”a sahib çıxdı. Bundan başqa, Çempionlar Liqasında da vurduğu qollarla rekorda imza atdı. Baxmayaraq ki, o, ən bahalı futbolçular sırasında ikinci pilləsindıdir, amma futbol tarixində hələ də ən bahalı transferdir. Çünki ilk sırada olan Messi hələ ki, heç bir kluba transfer olunmayıb və peşəkar müqaviləyə qol çəkdiyi gündən “Barselona”da oynayır. “Real” 2009-da Ronaldo “Mançester Yunayted”dən 94 milyon avroya transfer etmişdir. Düzdür, Madrid klubunun Beylə görə “Tottenhem”ə 100 milyon avro ödədiyi deyilir, amma bu, qeyri-rəsmi məlumatdır. Hazırda zədəli olan Ronaldounun mundialdakı durumu hər kəsi narahat edir. Çünki bu, onun karyerasının pik nöqtəsində olduğu son mundialdır. Çünki 4 ildən sonra onun 33 yaşı olacaq...

Lionel Messi

Qiyməti: 120 milyon

Milli komanda: Argentina

Yaşı: 26

Ampluası: Hücumçu

Klubu: “Barselona” (İspaniya)

Nəhayət, ilk sırada 120 milyon avro qiyməti olan Messi gəlir. Bu isə şübhə doğurmayan faktdır. Çünki o, həqiqətən də dünya futbolunun yaşayan əfsanəsidir. Təsadüfi deyil ki, son illər onun transfer qiyməti ilə bağlı gəzən söhbətlər 250 milyon avro ilə 400 milyon avro arasında dəyişir. Baxmayaraq ki, geridə qalan mövsüm Messi və “Barselona” üçün o qədər də uğurlu olmadı, amma istənilən halda, Messi Messi olaraq qalır. ("Komanda" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm