Kasıb ailənin övladına bütün dünya hansı sehrbazlığına görə təşəkkür etdi? – VİDEO
Bizi izləyin

İdman

Kasıb ailənin övladına bütün dünya hansı sehrbazlığına görə təşəkkür etdi? – VİDEO

Kasıb ailənin övladına bütün dünya hansı sehrbazlığına görə təşəkkür etdi? – VİDEO

1972-ci il iyunun 23-də Fransanın Marsel şəhərində kasıb əlcəzairli ailəsində dünyaya gəlib.

Sonralar məşhurlaşan əfsanə mətbuata verdiyi açıqlamada keçmişi ilə qürur duyduğunu bildirmişdi: "Hər gün haradan gəldiyimi düşünürəm və hələ də özümlə qürur duyuram. Öncə La Kastellane adlı bir qəbilədənəm, sonra Marseldən və son olaraq bir fransızam”.

Publika.az “II taym” layihəsi çərçivəsində dünyanı özünə heyran qoyan Zinəddin Zidan haqqında məlumat verəcək.

Əsil adı Zinəddin Yazid Zidan olub. Zizu ləqəbi ilə tanınıb. O, futbol camiəsinə 14 yaşında “Kan” klubunda qədəm qoyub. 1994-cü ildə ilk dəfə milli formanı geyinib.12 il boyunca Fransa millisinin şərəfini qoruyub.

Vurduğu ilk qol

1991-ci ilin fevralın 8-də ilk qolunu vurur və hədiyyə kimi “Kan” fk-nın prezidentindən avtomobil alır. 1995-ci ildə “Blekbern Rovers”in məşqçisi Kenni Dalqliş Zidanla maraqlanıb. Köməkçisi Cak Valkerin bir sözü ilə (bizim Tim Şervud kimi futbolçumuz ola-ola o nəyimizə gərəkdir?) məşqçi fikrindən yayınıb. 1996-cı ildə Zizu “Yuventus”a 3 milyon avroya transfer edilir.

Ən böyük rəqibini geridə qoydu“İlin oyunçusu”

1998, 2000 və 2003-ci illərdə FİFA-nın versiyasında “ilin oyunçusu” seçilib. 2003-cü ildə La liqa super kubokunu qazanıb. Bundan əlavə, 1998-ci ildə "Ballon d'or" ("Qızıl Top") mükafatının sahibi olub. “France Football” jurnalı tərəfindən iki dəfə dünya tarixinin ikinci “ən yaxşı fransalı futbolçusu” seçilib. 15 May 2002-ci ildə Zidan futbolun ən yaddaqalan görüntülərindən birinə imza atdı. Belə ki, Çempionlar Liqasının finalında "Bayer"lə oyunda hesab 1-1 olarkən sol ayağı ilə vurduğu möhtəşəm qolla komandasına Çempionlar Liqasında qələbə qazandırdı.

Platininin varisi

“Real” (Madrid) və "Yuventus" kimi prestijli Avropa klublarında oynayıb. Bu kulublarla çox sayda yerli və beynəlxalq kuboklar qazanıb.

Fransa milli komandasının heyətində 1998-ci ildə dünya çempionu olub. 2000-ci ildə Avropa çempionatında karyerasının zirvəsini yaşayıb. Beləliklə də, yüksək səviyyəli futbolçu olduğunu sübut edib. Möhtəşəm top sehrbazı kimi tanınan Zizu “Yuventus”da oynadığı dövrlərdə Platininin varisi olaraq qəbul edilib.

Ən bahalı futbolçu

Zidan “Yuventus”a 3 milyon avroya transfer edildiyi halda, “Real”a 76 milyon avroya transfer edilib. 2001-ci ildə “Ən bahalı futbolçu” kimi yeni rekorda imza atıb. “Real”la 5 illik müqavilə bağlayıb.

Zizu "Real" formasıyla 200-dən çox matçda meydana çıxıb.

“Santiyaqo Bernabeu”da son matçını "Villareal"a qarşı keçirib. Bu matçda başla qol vurub. Bu da onun “Real”da son qolu olub. Bu matçda maraqlı bir görüntü diqqətlərdən yayınmamışdı. Belə ki, stadionda olan bütün azarkeşlər Zidanın 5 nömrəli formasını geyinmişdi və “Gracias por tu magia” (sehrbazlığın üçün təşəkkürlər) yazılı böyük bir pankart açmışdılar.

Milliyə yenidən qayıdır

2004-ci ildə Fransa milli komandasında çıxışını başa vurur. Lakin milli komandaya lazım olduğunu düşününcə yenidən qayıdır. 2004-ci ildə Pelenin hazırladığı "FIFA 100" lahiyəsində ən yaxşı futbolçular sırasında yer alır.

Ən çox qazanan fransalı

“Le Monde” qəzetinin 2005-ci ildə yazdığına görə, Zidanın illik qazancı 14,6 milyon avronu keçirdi. Bu gəlirin də 44 faizini sponsorlardan alırdı. O, basketbolçu Toni Parkerdən sonra ən çox qazanan fransalı idmançıdır. “Adidas”ın siması olub.

Son “şou”

Fransa 2006-cı ildə keçirilən dünya çempionatında finala yüksəldi. Təbii ki, Raymond Domenekin təkidi ilə yenidən milliyə qayıdan Zizunun bunda əməyi böyük idi.

Final görüşünə – İtaliya ilə oyuna isə Zidan damğa vurdu. Final qarşılaşmasının əlavə vaxtında Marko Materatsi Zidanı söyür, qarşılaşmanın əhəmiyyətinə baxmayaraq, bu hərəkətə laqeyd qala bilməyən Zizu italyan futbolçunun sinəsinə kəllə vurur və meydandan qovulur. İtaliya penalti seriyasında qalib gələrək dünya çempionu olur.

Bu olay hələ də gündəm movzusudu. Hələ də Materatsinin Zidana nə dediyi dartışılır. Zidanın kəllə atdığı an isə bir neçə ölkədə heykəlləşdirilib.

Xeyriyyəçilik fəaliyyəti

Zizu 2007-ci il fevralın 24-də Tayilandda QİÇS xəstəliyindən əziyyət çəkən uşaqlara yardım üçün yenidən yaşıl meydanlara (xeyriyyə matına) qayıdır. Görüşdən əldə edilən gəlir xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə və məktəblərin tikintisinə xərclənib ( 260 min dollar). 2008-ci il noyabrın 19-da isə Zidan Malaqada təşkil olunan "5-ci İspaniya Yoxsulluqla Mübarizə Matçı"na qatılır.

İki illik xeyriyyə tədbiri olan “Soccer Aid”lə əməkdaşlıq edir. 2010-cu ildə Zinəddin Zidan xeyriyyə matçında iştirak edir. Oyunun təşkilindən əldə olunan vəsait Haitidəki zəlzələdən əziyyət çəkənlərə göndərilir. Zidan indi də xeyriyyə matçlarında böyük məmnuniyyətlə top qovur. 2001-ci ildən BMT-nin Xoş Məramlı Səfiridir.

Onu da qeyd edək ki, Zidan “Yoxsulluğa Qarşı Mübarizə Fondu”nu fəallaşdırmaq məqsədi ilə Afrikanın qərbində yerləşən Nigeriyaya xeyriyyə səfəri edib. BMT-nin İnkişaf Proqramının layihəsi çərçivəsində bütün ailə üzvləri ilə birlikdə Nigeriyaya gələn Z.Zidan vaxtilə sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına yardım etdiyi ölkənin 30 minlik əhalisi olan Tessa şəhərində yerli sakinlərə kömək məqsədi ilə futbol yarışı təşkil edib.
Fransa futbolunun ulduzu Nigeriya prezidenti ilə görüşüb, 2005-ci ildə istifadəyə verilmiş Niemida Futbol Texniki Mərkəzinə baş çəkib. Zidan kasıblığın son həddində yaşayan ölkələrə yardım məqsədi ilə braziliyalı həmkarı Ronaldo ilə birlikdə 2003-cü ildə yaratdıqları "Yoxsulluğa qarşı matç" cəmiyyəti çərçivəsində hər il dünya futbol ulduzlarının yarışlarını keçirir. Bu yarışlardan əldə edilmiş 2 milyon dollar gəlir Afrika, Asiya və Latın Amerikasının 24 ölkəsində 25 layihənin həyata keçirilməsinə sərf olunub. Bundan əlavə, Zidan əldə etdiyi gəlirin müəyyən faizini Əlcəzairdə yaşayan kasıb ailələr və uşaqların təhsili üçün məktəblərin tikintisinə xərcləyir.

Ən böyük arzusu

Zinəddin Zidan məşqçilik karyerası ilə bağlı mətbuata açıqlamasında bir gün Fransa milli komandasını çalışdırmaq istədiyini bildirib və bunun ən böyük arzusu olduğunu bildirib: "Gələcəkdə Fransa millisini çalışdırmaq istəyirəm. Bu, ən böyük arzularımdan biridir".

Ən duyğusal anı

Zidan verdiyi müsahibələrin birində həyatının ən duyğusal anından danışıb: “Həyatımın ən duyğusal anı, şübhəsiz ki, 1998-ci ildə hakimin final fitinin çalması idi. Öz evimizdə kuboku qazanmışdıq. Bu, bütün oyunçuların ən böyük xəyalıdır”.

Saçları tökülməyə başlayan zaman

Əfsanəvi futbolçunun saçları tökülməyə başlayan zaman hələ 24 yaşında idi. Özü bununla bağlı belə danışıb: “Həyat yoldaşım məni bu halımla da sevir, bu səbəbdən problem yoxdur”.

Hazırda...

2006-cı ildə futbolçu karyerasını bitirdikdən sonra "Real" klubunda prezidentin müşaviri, idman direktoru vəzifələrində çalışıb. Hazırda klubda baş məşqçinin asisstentidir. Zidan həmçinin müxtəlif xeyriyyə oyunlarında iştirak edir və böyük şirkətlərin reklam çarxlarında çəkilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm