“Neftçi”nin rəqiblərini tanıyaq
Bizi izləyin

İdman

“Neftçi”nin rəqiblərini tanıyaq

“Neftçi”nin rəqiblərini tanıyaq

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəllidir.

Azərbaycan Kubokunun qalibi "Koper" (Sloveniya) - "Çelik" (Çernoqoriya) cütünün qalibi ilə qarşılaşacaq. Publika.az hər iki komanda ilə bağlı məlumatları təqdim edir:

“Koper” Futbol Klubu

Sloveniya klubu 1920-ci ildə yaradılıb. 94 yaşlı klub ev oyunlarını eyniadlı şəhərdəki "Bonifika" stadionunda keçirir. Arenanın azarkeş tutumu 4047 nəfərdi.

"Neftçi"nin potensial rəqibi Yuqoslaviya dövründə aşağı liqalarda çempionluqlar yaşayıb. Komanda 2009/10 mövsümündə Sloveniyanın güclülər dəstəsində çempion olub. "Koper" 2 dəfə Sloveniya Respublika Kubokunu (1989/90, 1990/91), 2 dəfə ölkə kubokunu (2005/06, 2006/07) və 1 dəfə Superkubokunu (2010) qazanıb.

"Koper" indiyədək 8 dəfə avrokuboklarda iştirak edib (2 dəfə İntertoto Kuboku, 1 dəfə Çempionlar Liqası, 5 dəfə Avropa Liqası). Komanda Avropadakı yeganə uğurunu İntertoto Kubokunda qazanıb. Belə ki, "Koper" 2003-cü ildə bu turnirdə 4 mərhələ keçib. "Neftçi"nin potensial rəqibi Çempionlar Liqası və Avropa Liqasında mərhələ adlaya bilməyib.

"Koper"ə Rodolfo Vanoli başçılıq edir. İtalyan mütəxəssis 2012-ci ildən komandanın başındadı. O, əvvəllər İsveçrənin "Mendrisio-Stabio", "Luqano", "Bellinzona", İtaliyanın "Udineze", "Olimpia" və "Pordenone" klublarına başçılıq edib.

"Koper"in heyətində Bosniya və Hersoqovinadan 3, İtaliya və Xorvatiyadan 1 legioner çıxış edir. Onlar vaxtı ilə ölkələrinin aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib.

“Çelik” Futbol Klubu

Çernoqoriyanın Nikşiç şəhərini təmsil edən klub 1957-ci ildə yaradılıb. Komanda ev oyunlarını 2000 azarkeş tutumuna malik "Jelezare" stadionunda keçirir.

Komanda uzun illər aşağı liqalarda çıxış edib. 2011/12 mövsümündə I divizionda çempion olan "Çelik" 2012/13 mövsümündə güclülər dəstəsində debüt edib. Güclülər dəstəsi komanda üçün uğurlu olub. Belə ki, "Neftçi"nin potensial rəqibi hər iki mövsümdə 3-cü pilləni turaraq Avropa Liqasına vəsiqə əldə edib.

"Çelik" avrokuboklarda üçüncü dəfə iştirak edəcək. Belə ki, 2011/12 mövsümündə "Rudar"ı yenərək ölkə kubokunu qazanan komanda Avropa Liqasına vəsiqə əldə edib. I təsnifat mərhələsində Bosniya və Hersoqovinanın "Borats" klubunu mübarizədən kənardlaşdıran "Neftçi"nin potensial rəqibi ardınca Donetsk "Metallurq"una yenilib. Ötən mövsüm isə "Çelik"in qarşısını Budapeşt "Honved"i kəsib.

"Çelik"ə Slavolyub Bubanya başçılıq edir. O, 2001-ci ilin 20 iyulundan bu postu tutur.

Komandanın heyətində iki legioner var. Belə ki, serb futbolçular - Neboyşa Prtenyak və Milanko Raşkoviç komandanın uğurları üçün çalışır. İkinci ikili vətəndaşlıq daşıyır. O, serb olsa da, Çernoqriya yığmasında 6 oyun keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm