Avropa fatehləri vətənə qayıtdı - FOTOLAR
Bizi izləyin

İdman

Avropa fatehləri vətənə qayıtdı - FOTOLAR

Avropa fatehləri vətənə qayıtdı - FOTOLAR

Polşanın Katovitse şəhərində gənclər arasında keçirilən Avropa çempionatını uğurla başa vuran yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri vətənə qayıdıb.

Publika.az xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar.

Çempionatın son iki günündə mübarizəyə qoşulan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri 3 qızıl medal əldə edib. İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq) və İslam Abbasov (84 kq) bütün rəqiblərindən üstün olub və fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Ümumilikdə 45 xal toplayan yığmamız komanda hesabında Rusiya və Gürcüstandan sonra 3-cü olub.

Çempionatda güləşçilərimizin çıxışını təhlil edən yığma komandanın böyük məşqçisi Şaban Donat ümumilikdə nəticədən razı qaldığını bildirib:

"Federasiya rəhbərliyi tərəfindən hazırlıq üçün maksimum şərait yaradılıb. Hər bir yarışda çalışırıq ki, bizə göstərilən etimadı ən yüksək səviyyədə doğruldaq. Bu dəfə daha ciddi yarış idi. Avropa çempionatında zəif rəqiblər olmur. Sevindirici məqam odur ki, ən güclü rəqibimiz olan Rusiya yığması bir qızıl medal belə qazana bilmədi, ancaq bizim 3 qızıl medalımız oldu. Təbii ki, medallarımızın sayı daha çox ola bilərdi. Bəzi güləşçilərimiz öz səhvləri, bəzi güləşçilərimiz isə, hakim ədalətsizliyi ucbatından medalsız qaldı. Qarşıdan Dünya çempionatı gəlir. Çalışacağıq ki, o yarışda da Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıraq".

Avropa çempionatını qızıl medalla başa vuran İslam Abbasov yarış haqqında təəssüratlarını bölüşərkən ən gərgin görüşün final görüşü olduğunu deyib:

"Finala qədər bütün rəqiblərimi rahatlıqla məğlub etdim. Yarımfinalda yerli idmançı ilə qarşılaşmışdım. Güclü azarkeş dəstəyinə baxmayaraq onu böyük hesabla məğlub etdim. Final görüşüm isə çox gərgin keçdi. Almaniya güləşçisinə xal hesabı ilə qalib gəldim. Çempion olduğum, ölkəmizin bayrağını yüksəltdiyim, himnimizi səsləndirdiyim üçün çox xoşbəxtəm. Çalışacağam ki, qarşıdan gələn Dünya çempionatında da eyni uğuru təkrarlayım. Hər bir yarışdan əvvəl güclü hazırlıq keçirik. Yaradılan bütün şəraitə görə Federasiyamıza öz təşəkkürümü bildirirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm