Ya qazanacaqlar, ya da ümidimizi kəsəcəyik
Bizi izləyin

İdman

Ya qazanacaqlar, ya da ümidimizi kəsəcəyik

Ya qazanacaqlar, ya da ümidimizi kəsəcəyik

Braziliyada dünya çempionatının keçirildiyi bir vaxtda Avropada avrokubokların püşkü atıldı.

Azərbaycan azarkeşləri üçün avrokubokların püşkatması mundialın oyunlarından da önəmlidi. Braziliyada biz yoxuq, ancaq avrokuboklarda olacağıq.

Publika.az-da rəqiblərimiz barədə qısa da olsa oxuculara məlumat vermişik. Əvvəlcə onu qeyd edək ki, mətbuat da, mütəxəssislər də, klub rəhbərləri də püşkün nəticəsindən razı görünür. Ancaq unutmayaq ki, bizim püşkdən razı qaldığımız vaxtlar əvvəllər də olub. Sonda isə əlimiz ağzımızda qalıb. Heyrətdən. Uzağa getməyək, ötən mövsüm “Neftçi”nin “Skanderbeu” qarşısında biabır olmasını xatırlayaq. Cəmisi bir il əvvəl avroliqanın qrup mərhələsində oynamış bir komandanın belə fiaskosuna izah tapmaq çətin idi. Əslində bunun izahı var: Qeyri-peşəkarlıq. Məhz bu amilin olmaması Azərbaycan klublarını inkişafdan saxlayır. Pul var, amma səriştə yoxdur. Səriştə isə peşəkarlıqdı.

“Neftçi”də hansı dəyişiklik olub?

Başlayaq elə “Neftçi”dən. Biz püşkü dəyərləndirərkən bir məqamı nəzərə almırıq, futbol inkişaf edir. Futbol inkişaf etdikcə klublar da inkişaf edir. Deməli, rəqiblərimiz də inkişaf ediblər. Avrokubokların hər mövsümündə rəqiblərimizin bizdən daha çox inkişaf etdiyinin şahidi oluruq. Kasad büdcə, amma səriştə ilə.

“Neftçi” ötən il Albaniya təmsilçisinə məğlub olub. Bu mövsüm “ağ-qaralar”ın rəqibi ya Sloveniya, ya da Çernoqoriya təmsilçisi olacaq. Böyük ehtimalla Bakıya Sloveniya klubu gələcək. Sloveniya futbolunun Albaniya futboluna nisbətən daha çox inkişaf etdiyi də bəlli.

Bir il ərzində “Neftçi”də hansı dəyişiklik olub? Komanda “Skanderbeu” biabırçılığından necə nəticə çıxardıb? Heç bir nəticə-zad çıxartmayıblar. “Neftçi” bir il əvvəlki komandadan da zəifdi. Heyət pərən-pərən olub, komanda çempionatı 4-cü pillədə başa vurub. Məşqçi heyəti də “Skanderbeu” biabırçılığını yaşadanlardı. İndi də boş-boş vədlər verməklə məşğuldurlar.

Bu komanda Sloveniya təmsilçisini niyə mübarizədən kənarlaşdırmalıdı?

Baxmayaraq ki, sloveniyalıların büdcəsi “Neftçi”nin xəzinəsindən 4 dəfə kiçikdi. Ancaq əvəzində sloveniyalılarda səriştə var.

Yenə uzağa getməyək, 2 il əvvəl varlı-karlı “Bakı” əyninə geyinməyə forma tapmayan “Mura” qarşısında aciz qalmadımı?

Heç insafdandı?

Keçək “İnter”ə. “Bankirlər”in rəqibi Moldova təmsilçisi, problemələr içində çabalayan “Tiraspol”du. “Tiraspol”un problemləri kasıbçılıqdan qaynaqlanır. Bizim “İnter”in də problemi az deyil. Ancaq bu problemlərin kasıbçılığa dəxli yoxdur. Maşallah, “İnter” pula pul demir. “Bankirlər”in problemi səriştəsizlikdən doğur. Bir neçə gündən sonra avrokuboklarda oyuna çıxacaq bu komanda hələ də hücumçu axtarır. Çox güman ki tapa bilməyəcək. Niyə? Ona görə ki, Tsxadadzenin “İnter”i həmişə bir hücumçu ilə oynayır. O yer də Tsxadadzenin oğluna məxsusdu. Komanda hücumçu tapsa baş məşqinin oğlu Baçana ehtiyatda qalacaq. Heç insafdandı? Ondansa İnter”in maraqları qurban verilsə yaxşıdı.

Bosniyalıların da qapazını yeməyək

Şükür Allaha ki, “Qəbələ” heç olmasa, özünə baş məşqçi tapa bildi. Azərbaycanı avrokuboklarda ilk dəfə təmsil edəcək “Qəbələ”nin infrastrukturuna da büdcəsinə də həsəd aparacaqlar. Bosniyalıları deyirəm. Onlar belə şəraiti, bu qədər pulu harda və nə vaxt görüblər ki? Ancaq mərhələni kimin keçəcəyi sual altındadı. Azərbaycanlı azarkeşi yandıran da budu. Pulun və şəraitin olmasına baxmayaraq, bizdə klublarımıza inam yoxdur, inam. Yenə də gəlirik səriştənin üstünə. Xərclənən vəsaitin nəticə verməsi birbaşa bu amilə-səriştəyə bağlıdır. İnanaq ki, rumıniyalı mütəxəssis “Qəbələ”ni toparlaya biləcək. Ən azı elə Rumıniyadan gətirdiyi futbolçular ona bu işdə kömək etməlidirlər. Etməlidirlər ki, bosniyalıların da qapazını yeməyək.

Ya qazanacaqlar, ya da...

Hə, gəlib çıxdıq “Qarabağ”a. Yenə də ümid bu komandayadı. Ancaq “Qarabağ”ın da ətrafında söz-söhbət səngimir. Komandanın aparıcı futbolçularına gələn dəvətlərlə bağlı məlumatlar mətbuatı başına götürüb. Bu məlumatlar düzdürsə, onda komandanın düşərgəsində ab-hava yaxşı deyil. O futbolçular avrokubok yox, təklif havasındadırlar artıq.

“Neftçi” avroliqanın qrup mərhələsinə vəsiqə qazananda futbol ictimaiyyətində belə bir fikir formalaşdı: Bu uğur inkişafın göstəricisidirsə ardı mütləq gəlməlidir. Ancaq ardı gəlmədi. Futbol ictimaiyyəti ümidini bu mövsümə bağlayıb. Ya qazanacaqlar, ya da... Ya da hamımız Azərbaycan futbolundan ümidimizi kəsəcəyik.

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm