İngiltərənin fiaskosu - “Tanrı kraliçanı qorusun!”
Bizi izləyin

İdman

İngiltərənin fiaskosu - “Tanrı kraliçanı qorusun!”

İngiltərənin fiaskosu - “Tanrı kraliçanı qorusun!”

Hər dəfə ingilis futbolu haqda danışanda ağıla ilk olaraq klublar gəlir. “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Mançester Siti”, “Tottenhem”...

Siyahını xeyli uzatmaq olar. Bəs milli komanda? “Əşi, boş ver”... Əminliklə söyləmək olar ki, hər iki futbol azarkeşindən biri yuxarıdakı sualı məhz biz dediyimiz kimi cavablandırır. Niyə? Ritorik sual oldu bir az. “Dumanlı Albion”un əsas komandasının Braziliya sahillərindən də əliboş dönməsindən sonra aktuallığını qoruyan cavabı axtaraq.

“Biz ki varıq...”

Əvvəla, işin mentalitet tərəfindən danışaq. İngilislər vaxtiylə dünyanın yarısını zəbt etmiş, yüzilliklər boyu böyük imperiya kimi tanınmış, hazırda da planetin hegemon dövlətlərindən birində yaşayırlar. Onlar üçün planetdə həyat “biz və başqaları” prinsipiylə var. Hətta bütün Avropa avro pul vahidini və vahid Şengen vizasını qəbul edəndə, Böyük Britaniya nə öz pul vahidi, nə də şəxsi vizasından imtina etdi. Bu xalq, bu ölkə tamamilə fərqli, daha böyük özünəvurğunluq və hegemonluq hissinə malikdi. Əsas odu ki, “Tanrı kraliçanı qorusun”. Qalanı boş şeydi.

Sevimli idman növündə də durum eynidi. Müasir futbolun yaradıcılarından olan ingilislər dəridən-qabıqdan çıxaraq öz çempionatlarını dünyanın ən güclüsü etməyə, bu markanı qorumağa çalışırlar. Etiraf etmək lazımdı ki, bu, onlarda yaxşı alınır. Həqiqətən də ortaya qoyulan futbol, yüksək sürət, gərgin və sona qədər mübarizə, əzmkarlıq, hisslərin toqquşması ən yüksək səviyyədədi. Kimsə bunu danmır, dana da bilməz. Ancaq yenə də özünəvurğunluq işi korlayır. Premyer Liqanın statusunun qorunması üçün milli komandanın maraqları qurban verilir. Ulduz futbolçuların transferi üçün ən münbit yer olan “Dumanlı Albion” bu siyasət nəticəsində yerli futbolçuların inkişafına mane olur. Nəticəsi isə göz qabağındadı. Bu barədə bir qədər sonra...

“Futbolu biz yaratmışıq, hamıdan da yaxşı oynayırıq. Diz çökün, bizə itaət edin”. Təxminən belə ifadə etmək olar ingilislərin dünyanın qalan ölkələrinə münasibətini. Tarixi faktdı: bu hisslər o qədər güclü olub ki, adalılar dünya çempionatlarının ilk dördündə çıxış etməyi özlərinə sığışdırmayıblar. Çıxış etdiklərinin digər hamısında isə (təbii ki, Bəhramovlu ev mundialı istisnadı) az qala fiaskoya uğrayıblar. Səbəb isə bir olub: bu ölkənin millisi heç vaxt böyük turnirlərə psixoloji hazır gəlməyib! Ya “onsuz da çempion bizik”, ya da “onsuz da futbolu hamıdan yaxşı biz oynayırıq, mundialdakı çıxışın heç bir fərqi yoxdu” fikri əsas olub. Hər dəfə də gəliblər, burunlarının düz üstündən yumruğu alıb, geri qayıdıblar. Dünyanın ən vəhşi - ingilis mətbuatı isə hər dəfə bu əbləhləri darmadağın edib. Yarışdan əvvəl dağ başına qaldırdığı kimi. Hər dəfə də iş milli komandanın vacib turnirlərdə yaxşı çıxışına gələndə ssenari eyniylə təkrarlanıb. Yəni qapalı dairədi. Hardan başlayırsan-başla, sonda elə həmin nöqtəyə gəlib çıxacaqsan.

Legioner dolu Premyer Liqa

Gələk, futbola daha yaxın səbəblərə. Yuxarıda da qeyd etmişdik ki, Premyer Liqanın zirvədə olması üçün bütün mümkün qurbanlara gedən ingilislər, legionerlərə hər mənada yaşıl işıq yandırırlar. Düzdü, hər futbolçuya burda oynamaq nəsib olmur və bu şansı qazanmaq üçün yetərincə ciddi “bəkqraund”un, yəni tarixçən olmalıdı. Milli komandada filan qədər oyun oynamalısan və s. Yəni bu çempionata çox güclü oyunçular toplaşır və yüksək rəqabət formalaşdırırlar. Kiminlə rəqabət? Bu qədər legionerin qarşısında heç bir yerli məktəb tab gətirə bilməz. Yığ doldur əcnəbini çempionata, sonra da millidən uğur gözlə? Nə tökərsən aşına, o da çıxar qaşığına.

Diqqət yetirin, Premyer Liqanın son mövsümündə ilk dörd yeri tutan komandadan millidə cəmi 11 nəfər var! 23 nəfərdən 11-i! Heç yarısı da eləmir. Qalanları kimdi? Görün iş nə yerə çatıb ki, Roy Hocson “Sautqempton” və mövsümü bərbad keçirmiş “Mançester Yunayted”in “uşaq-muşağ”ının ümidinə qalıb. Lallana, Barkli, Lambert, Şou, Çemberlen, Beyns... Yaxşı futbol azarkeşi olmasan, bu adları tanımaya da bilərsən və bunu sənə irad da tutmaq olmaz. Qapıya qoymağa Hartdan, hücumda oynatmağa Starricdən, cinahlarda xarüqələr yaratmağa Sterlinq və Lallanadan yaxşısı yoxdusa, baş məşqçini qınamaq olmaz. Bəli-bəli, istedadlıdılar, gəncdilər, enerjilidilər. Razıyam. «Starric Suareslə birlikdə «sökürdü» fikirlərini də qəbul edirəm, ancaq... Amma və lakin. Dostlar, İngiltərə yığması rəqibinə təkcə adı yox, həm də gücüylə üstün gəlməlidi. Hocsonun da səhvləri yetərincədi (buna da gələcəyik), ancaq adamın seçməyə «material»ı yoxdu. Ona Starricdən daha yaxşısını - məsələn, bir neçə il əvvəlki Ouen və Şireri verdilər ki, o da oynatmadı? DÇ-nin «ölüm qrupu»ndan çıxmaq üçün jarqon işlətsək, «ölüm futbolçular» lazımdı. Hanı onlar? Hər şeyi Cerrard və Lempard kimi dövrü arxada qalmış, Runi kimi karyerasının yaxşı vaxtında olmayan üç nəfərin çiyinlərinə də yükləmək olmaz. Axır-əvvəl bu çiyinlər dözməyəcək və Suares kimi “qaqaş” çıxıb hər şeyi həll edəcək. Siz də oturub kənardan baxacaqsız. Hər şey bu qədər sadədi.

Zəif məşqçi

“Uduzanda baş məşqçi uduzur” ifadəsi həmişə həqiqət doludu. Hocsonun “çulunu sudan quru çıxarması” üçün yetərincə səbəb olsa da, Roy öz işinin öhdəsindən gələ bilmədi. Adətən əlinin altında nəhənglər olmayanda, məşqçi diqqətini komanda oyununa yönəldir. Nəzərə alsaq ki, heyətdə yetərincə gənc və perspektivli oyunçu var, onları Cerrardın ətrafına toplayıb qələbə ruhlu komanda qurmaq olardı. 66 yaşlı mütəxəssis isə bunu edə bilmədi. Elə bil (son açıqlamalarından məhz belə başa düşülür) Hocson hazırki heyəti oynatmaqla bu yox, gələcək - Rusiyadakı mundialı düşünürdü. Bəli, bu kollektiv o vaxta qədər ciddi təcrübə toplayacaq, daha güclü olacaq. Ancaq Hocson həqiqətən də bunu edibsə, vətənə xəyanətdə günahlandırıla bilər. Çünki bu milliyə ümid edən, ekran qarşısında və tribunada həyəcan keçirən, qələbə, uğur gözləyən milyonlarla həmvətənini aldatmaqdan başqa bir şey deyil. Nə deyək, zəif məşqçinin zəif kollektivi.

Son söz əvəzi

İngiltərə futbolun vətənidi. Burda insanlar bu möcüzəli oyunla nəfəs alır, həyatının bir parçası hesab edir, ona qibtə edirlər, dünyanın qalanına da qibtə etdirirlər. Premyer Liqanın matçlarını izləmək böyük zövqdü və hər bir matçın öz tarixçəsi, hətta zəhmi var. Ancaq mümkün olandan çoxunu istəmələri, mental ifratçılıq bu böyük ölkənin ən böyük komandasına həmişə ziyan verir. On il əvvəl də belə idi, indi də belədi, yanaşma dəyişməyincə on il sonra da belə olacaq. Çıxış yolunu axtarmaq lazımdı. Məsələn, Premyer Liqadakı legioner limiti məsələsinə yenidən baxmaq. Allahın unutduğu Azərbaycan futbolunda belə bunu edirlərsə, “Dumanlı Albion”da niyə edilməsin? (“Komanda” qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm