Boks üzrə Azərbaycan çempionatı ilk dəfə baş geyimi olmadan keçiriləcək
Bizi izləyin

İdman

Boks üzrə Azərbaycan çempionatı ilk dəfə baş geyimi olmadan keçiriləcək

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında Azərbaycan çempionatına start veriləcək.

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında Azərbaycan çempionatına start veriləcək.

Publika.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yanvarın 30-dək davam edəcək yarışda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 150-yə yaxın dəri əlcək ustasının çıxışı gözlənilir.

Bu il böyüklər arasında dünya və Avropa çempionatı keçirilməyəcəyindən milli komandamızın bir çox liderləri turnirdə iştirak etməyəcəklər. 2 qat dünya çempionu Məhəmmədrəsul Məcidov, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov ölkə çempionatında mübarizə aparmayacaqlar. Soltan Migitinov "Baku Fires" klubunun heyətində Meksikaya yollandığından yarışa qatıla bilməyəcək.

Ötən il Qazaxıstanda dünya çempionu olmuş Cavid Çələbiyev, Avropa çempionatının bürünc mükafatçıları Elvin Məmişzadə, Salman Əlizadə, son dünya çempionatının iştirakçıları Pərviz Bağırov, Elvin İsayev və Rauf Rəhimov da yenidən ölkə miqyasında "birinci nömrə" olduqlarını sübut etməyə çalışacaqlar.

Ümumdünya boks seriyasında yarışan "Baku Fires" klubunun 11 üzvü də Azərbaycan çempionatında gücünü sınayacaq. Onların arasında London olimpiadasının iştirakçısı Məhəmməd Abdulhəmidov (52 kq), WSB liqasında 13 döyüşün 10-da qalib gəlmiş Xaybulla Musalov (75 kq) və Abdulqadir Abdullayev (91 kq) daha tanınmışlarıdır.

Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan çempionatı baş geyimi olmadan keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm