“Terek”in vitse-prezidenti Şahin Diniyevdən niyə inciyib?
Bizi izləyin

İdman

“Terek”in vitse-prezidenti Şahin Diniyevdən niyə inciyib?

“Terek”in vitse-prezidenti Şahin Diniyevdən niyə inciyib?

Syomin “Qəbələ”yə görə “Terek”ə “yox” deyib

Azərbaycan Premyer-Liqa klublarının, həmçinin hakimlərin Antalyadakı təlim-məşq toplanışları yavaş-yavaş başa çatmaq üzrədi. “Qəbələ”nin Rusiya Premyer-Liqası təmsilçisi “Volqa” ilə qarşılaşmasında qol vurulmasa da, oyun maraqlı alındı. İzləyicilər arasında isə yetərincə tanınmış şəxslər vardı. Onlardan birini isə xüsisilə fərqləndirmək olardı, “Terek”in vitse-prezidenti Haydar Alxanovu. Publika.az xəbər verir ki, Alxanov "Komanda" qəzetinə verdiyi müsahibədə “Qəbələ”nin baş məşqçisi Yuri Syomin və vaxtilə “Terək”də işləmiş Şahin Diniyevlə bağlı maraqlı fikirlər səsləndirib. Həmin müsahibəni təqdim edirik:

- Məhz bu oyunu izləməyinizə səbəb nədi?

- Bir neçə səbəb var. Əvvəla, “Volqa” ölkə çempionatında əsas rəqiblərimizdən biridi. Nijni Novqorod komandasını iş başında görmək, durumlarının necə olduğunu bilmək istəyirəm. Düzdü, hələ hazırlıqlar yeni başlayıb, Premyer-Liqada fasilənin başa çatmasına hələ çox var. Ancaq rəqibi tanımaq üçün heç bir şansı qaçırmaq olmaz. “Volqa” ilə yanaşı, Yuri Syominlə də görüşmək istəyirdim. Eşidəndə ki, “Qəbələ”nin matçı var, gəlmək qərarını verdim.

- Syominin komandasının oyununu 45 dəqiqə izləmək imkanınız oldu. İlkin təəssüratlarınız necədi?

- “Qəbələ”nin enerjili, güclü olduğu görünür. Təbii ki, hər şey ideal deyil. Hücumda bir qədər artırmaq olardı. Ancaq ümumilikdə, komanda çox yaxşı təsir bağışlayır. Nəzərə alsaq ki, baş məşqçi Syomindi, buna təəccüblənməmək olar. Komandada məhz məşqçi işinin olduğu aşkar görünür. Yuri Pavloviçə böyük hörmətim var. Onun kimi mütəxəssislə çalışmağı hamı istəyərdi.

- “Terek” də, həmçinin?

- Əlbəttə. Yeri gəlmişkən, sizə bir sirri açım. Bu mövsümün əvvəlində Syominə Qroznıda işləməyi təklif etmişdim. Özüm ona zəng etdim, komandamıza dəvət edib onu baş məşqçi postunda görmək istədiyimi dedim.

Cavabı necə oldu?

- Dəvətə görə təşəkkür etdi, ancaq dedi ki, “Qəbələ” ilə müqaviləm var, ona riayət etməliyəm. Təəssüf. Syomini komandamızın başında görmək çox xoş olardı. O böyük peşəkar və güclü mütəxəssisdi. Ona “Qəbələ”dəki işində uğurlar arzulayıram.

- Haydar bəy, Azərbaycanda ən yaxşı tanıdığınız məşqçi Şahin Diniyevdi. Sizinlə uzun müddət çalışıb, hətta bir müddət baş məşqçi səlahiyyətlərini də yerinə yetirib. Sonuncu dəfə nə vaxt zəngləşmisiz?

- Çoxdan! Ondan incimişəm. İki ildi gedib, ancaq nə zəng edib, nə axtarıb. Elə o getdiyidi. İtib-batıb elə bil. Nömrəsini də xatırlamıram. Ancaq o məni yaddan çıxarsa da, mən onun fəaliyyətini izləyirəm.

- Yaxınlarda böyük fasilədən sonra işə başlamışdı. Ancaq “Rəvan”dakı çalışması uzun çəkmədi...

- Bilirəm ki, özü istefa verib. Yəqin buna məcbur edən səbəblər olub.

- İndi Diniyev boşdadı. Onun yenidən “Terek”də peyda olması üçün azacıq da olsa, şans varmı?

- (gülür) Bunu indi deyə bilmərəm. Əvvəla, Şahinin planlarından xəbərim yoxdu. İkincisi də ki, ayrılanda mən ona “getmə” demişdim. Dedim ki, “sənə “Terek”də işləmək üçün iki dəfə şans vermişəm, üçüncüsü çətin ola”. (gülür) Bunu bir zarafat kimi də qəbul edə bilrəsiniz. Futboldu, hər şey ola bilər. Onun həyatının, bizim işimizin gedişindən çox şey asılı ola bilər. Bu haqda danışmaq tezdi.

- Ümumiyyətlə, Azərbaycan futbolunu nə dərəcədə yaxından izləyirsiz?

- Son illərdə inkişafın olduğu şübhəsizdi. İldən-ilə artım hiss olunur. İnkişaf yavaş-yavaş milliyə də müsbət təsir etməyə başlayır. Artıq yığma komandanız liderlərlə matçlarda gücünü ortaya qoya bilir. Məsələn, Rusiya ilə oyunu xatırlayıram.

- “Rubin”də millimizin üzvü oynayır – Ruslan Abışov...

- Hə, bilirəm. Oyunlarını da izləmişəm, maraqlanmışam. Burdakı matçlarından birinə də baxdım.

- Necə təsir bağışladı?

- Yaxşı. Bu tempdə davam etməsi gərəkdi.

- Ruslan hələ ki, ehtiyat oyunçular skamyasının üzvlərindəndi. İzlədiyiniz qədəriylə deyə bilərsizmi ki, o gələcəkdə əsas heyətdə möhkəmlənə bilərmi?

- Şübhəsiz. Hər şey onun özündən asılıdı. Daha çox çalışsa, daha çox mübarizə aparsa, olacaq.

- Belə bir futbolçunu “Terek”də, heç olmasa icarə əsasında görmək istərdizmi?

- Çox yaxşı, layiqli futbolçudu. Məncə, o, Premyer-Liqanın istənilən komandasında oynamaq gücündədi. Oyununu az görmüşəm, ancaq kənardan eşitdiyim sözlər, onun haqda söylənilən fikirlərdən qərara gəlirəm ki, yaxşı oyunçudu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm