Ruslar ABŞ-a niyə həsəd aparır?
Bizi izləyin

İdman

Ruslar ABŞ-a niyə həsəd aparır?

Ruslar ABŞ-a niyə həsəd aparır?

Braziliyada keçirilən dünya çempionatının sensasiyaları və sürprizləri haqqında yetərincə məlumatlar vermişik.

Bu haqda futbol ictimaiyyəti də çox deyib, çox danışıb, elə jurnalistlər də çox yazıb. Favorit göstərilən bəzi komandalar - məsələn, İspaniya, İtaliya qrupda qaldı. Rusiyanı isə heç kim favorit göstərmirdi. Yəni heç kim demirdi ki, Fabio Kapellonun rəhbərlik etdiyi komanda çempion olacaq.

Ruslar cəza tələb edir

Amma rusların ən azı qrupdan çıxacağını düşünənlər çox idi. Elə futbol mütəxəssisləri də Belçika, Rusiya, Cənubi Koreya və Əlcəzairin yer aldığı qrupdan məhz avropalıların çıxacağını söyləyirdi. Lakin Əlcəzair bu mülahizələri alt-üst etdi. Düzdü, Belçika qrupdan çıxdı, özü də lider kimi. Amma Rusiya bunu bacarmadı. İlk turda Cənubi Koreya ilə 1:1 oynayan şimal qonşularımız ikinci matçda Belçikaya 0:1 hesabı ilə uduzdular. Əlcəzairlə son turda isə onlar üç xal qazanacaqları halda 1/8 finala vəsiqəni təmin edəcəkdilər. Lakin onlar bunu bacarmadı. Hesabı açsalar da, ikinci hissədə bərabərlik qolunu vuran əlcəzairlilər vəsiqəni Rusiyanın əlindən aldılar.

Millilərinin qrupda qalması Rusiyada heç də xoş qarşılanmadı. Azarkeşlər Kapellonun istefasını, futbolçuların çoxunun isə komandadan qovulmasını tələb etdi. Lakin Rusiya Futbol İttifaqı Kapelloya dəstək olaraq onu postunda saxladı. Media isə sözündə israrlıdı. Onlar əminliklə bildirirlər ki, qrupda qalmaq Rusiya üçün biabırçılıqdı və 150 milyonluq Rusiyanı biabır edənlər mütləq cəzalanmalıdı.

“Qoy, bu işlə məşğul olanlar şouya keçsinlər”

“Eurosport”un əməkdaşı Aleksandr Aksenev isə daha radikal çıxış edərək yazıb ki, futbolu ümumiyyətlə, bir idman növü kimi Rusiyada qadağan etmək lazımdı. Onun fikrincə, rusiyalı futbolçular öz oyunları ilə bunun vacibliyini sübut edirlər. Yəni bu gedişlə 2018-ci ildə vətəndə keçirilən dünya çempionatında ruslar biabır ola bilərlər. Dörd il sonrakı heyətin bünövrəsi indidən qurulmalıdı. Ancaq kiminlə? Hanı o futbolçular? Hazırda Rusiya millisinin heyətində bir nəfər də istedadlı futbolçu yoxdu ki, onu dörd il sonra üçün potensial ulduz kimi təqdim edəsən. Həmkarımız xüsusilə də Belçika və ABŞ arasında keçirilən 1/8 final matçını izlədikdən sonra qərara gəlib ki, bu cür təkliflə çıxış etsin: “ABŞ millisində hər şey var. Hansı ki, biz bunları sadəcə, arzulayırıq. Sözün əsl mənasında komanda, baş məşqçi və atılması vacib olan adekvat addımlar. Biz arzu edirik, amma onlarda bu, var.

Birinci kanal mundialın bütün matçlarını təqdim edir. Düzdü, yayım senzurası səbəbindən ABŞ və Belçikanın dövlət himnləri səslənmədi. Amma bu, adları çəkilən millilərdə forma geyinən futbolçuların kefinə soğan doğramadı. Çünki onlar onsuz da əsl vətənpərvərdilər və meydana çıxıb formasını geyindikləri komanda üçün canlarını qoymaqdan ötrü dövlət himnini eşitmək o qədər də vacib deyildi. Onsuz da onlarda bu hiss var idi.

ABŞ və Belçika. Hər ikisi müxtəlif vaxtlarda müxtəlif ölkələrdən gəlib bu iki ölkədə kök salmış insanların dünyaya gətirdiyi uşaqlardan təşkil olunub. Məsələn, Belçika millisinin ən vahiməli futbolçusu olan Romelu Lukaku konqoludu. Divok Oriqi keniyalıdı. Aksel Vitselin atası martinikalıdı. Yalnız və yalnız qapıçı Tibo Kurtua birinci nəsil belçikalıdı.

Dünya çempionatının ən yaxşı qapıçılarından olan Tim Hovard da əsl amerikalı deyil. O, Amerika-Macarıstan qarışığından dünyaya gəlib. Deandra Yedlinin anası da amerikalı deyil. O, Hindistanda anadan olub və sonradan ərindən boşanaraq ABŞ-a gəlib. Oğlunu da bu ölkədə dünyaya gətirib, tərbiyə edib. Cermeyn Consun anası almandı. Hələ bunlar son deyil. Məsələn, komandanın lideri Klint Dempsinin də amerikalı olmamasını yəqin ki, çoxları bilmir. Ancaq deyək ki, o da yarı amerikalı, yarı irlanddı.

Gördüyünüz kimi, qeyri Belçika və qeyri amerikalılardan təşkil olunan milli komandalar da vətənpərvər ruhda oynadılar. Onlardan fərqli olaraq, demək olar bütünlüklə ruslardan təşkil olunan Rusiya millisində isə nə istək var idi, nə də vətənpərvərlik.

Heç uğur qazanacaq səviyyədə heyət də yox idi. Məsələn, Belçikada olan heyət Rusiyada yoxdu. Bu gedişlə yaxın illərdə bu səviyyədə heyətin olacağı da inandırıcı deyil. Futbolçu yetişdirmək lazımdı. Bunun üçün isə futbolçu yetişdirməmişdən əvvəl bu işə ciddi, sözün əsl mənasında peşəkar yanaşma olmalıdı. Yox, bu cür yanaşma olmayacaqsa, o zaman gəlin, futbolu bu ölkədə qadağan edək. Ya da onu şouya çevirək. Onsuz da Rusiyada yetərincə şou proqramlar təqdim olunur. Futbol da olsun bunlardan biri. Bu ölkədə futbolçudan daha çox yaxşı şoumen futbolçu yetişdirmək çətindi. Akinfeyev də sübut etdi ki, rusiyalı futbolçular futboldan daha çox şou göstərməyi bacarırlar. Bax, elə ona görə də Rusiyada futbolu bir idman növü kimi qadağan etmək lazımdı. Qoy, bu işlə məşğul olanlar şouya keçsinlər. Gedib dünya çempionatında biabır olmaqdansa, elə şou ilə məşğul olmaq daha yaxşı olardı”.

Mənbə: “Komanda” qəzeti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm