• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Mehriban Əliyeva: Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir

  • İdman
  • 10 İyul 2014 11:23
  • 1 421 Baxış
Mehriban Əliyeva: Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir

Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri davam edir. “AzərTac”ın xəbərinə görə, dünən “Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimatı keçirilib.

Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

“Bakı Avropa Oyunları - 2015”in təntənəli təqdimat mərasiminin aparıcısı Azərbaycanın tarixi və mədəniyyəti haqqında mərasim iştirakçılarına məlumat verib. Bildirilib ki, zəngin mədəni dəyərlərə malik olan Azərbaycan təxminən bir ildən sonra ilk Avropa Oyunlarına ev sahibliyi edəcək.

Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard Qafqazın mirvarisi olan Azərbaycan ilə Aralıq dənizinin mirvarisi olan Kann şəhəri arasında dostluq əlaqələrinin getdikcə inkişaf etdiyini bildirib. Mer deyib ki, artıq ikinci dəfədir Kannda Azərbaycan mədəniyyəti günləri təşkil olunur. “Azərbaycan zəngin mədəni dəyərlərə malikdir” - deyən mer bildirib ki, gələn il ilk Avropa Oyunları Bakıda yüksək səviyyədə təşkil olunacaq.

Ardından Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib. Tədbir iştirakçılarını salamlayan M.Əliyeva bildirib ki, Kann şəhərinin Fəxri vətəndaşı olmaq onun üçün çox şərəflidir: “Mən bu fürsətdən istifadə edərək bu gözəl şəhərə, onun bütün sakinlərinə öz hörmətimi çatdırıram. Hər il olduğu kimi, bu il də biz qonaqpərvərliyi və dostluğu hiss edirik və bizim ölkəmizə göstərilən diqqətə, hörmətə görə, tədbirlərimizdə bizə yardım göstərən hər kəsə, xüsusən də Kann şəhərinin meri cənab Lisnarda dərin təşəkkürümü çatdırıram. Bugünkü görüşümüz Azərbaycanın tarixində çox əlamətdar hadisəyə - 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunub.

Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə, böyük dəstəklə qarşılanıb. Məhz bu tarixi qərara görə Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə və prezidentinə dərin minnətdarlığımı bildirirəm. Baxmayaraq ki, Olimpiya hərəkatı Avropada meydana gəlib və sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa Oyunları heç zaman keçirilməyib. Belə oyunları - tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir”.

Azərbaycan dünyada idman məkanı kimi tanındığını vurğulayan M.Əliyeva bildirib ki, idmana, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir: “Biz müstəqilliyimizi bərpa etdikdən sonra Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə ediblər. Oyundan-oyuna qazanılan medalların sayı artır. Son Yay Olimpiya Oyunlarında Azərbaycan atletləri on medal qazanıblar və Avropa ölkələri arasında 15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutublar”

M.Əliyeva bildirib ki, ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır, son on ildə Azərbaycanda 50-dən çox olimpiya mərkəzi inşa olunub. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı son illər artır və bu gənclərin qarşısında yeni perspektivlər və imkanlar açılır: “Ölkəmiz beynəlxalq idman tədbirlərinin keçirilməsində də böyük təcrübə əldə edib. Bakıda idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Ötən ay bədii gimnastika üzrə Bakıda keçirilən Avropa çempionatı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən ən yüksək səviyyədə hazırlanmış çempionat kimi qiymətləndirilib. Məhz bütün bu faktları - idmançılarımızın nailiyyətlərini, mövcud idman infrastrukturunu, dövlət tərəfindən idmana güclü dəstəyi və əlbəttə, ölkəmizin hərtərəfli və sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu Oyunları Azərbaycanda keçirməyə qərar verib.

Avropa Oyunları Avropanın idman tarixində yeni səhifə açacaq və əlbəttə, ilk Oyunlar gələcək yanaşmaların standartlarının səviyyəsini təmin edəcək. Baxmayaraq ki, hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir və Təşkilat Komitəsi səylə çalışır. Biz beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq qurmuşuq. Biz çoxsaylı könüllülərin dəstəyindən istifadə edirik və bütün lazımi işlər həyata keçirilir. Mən ümidvaram ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR