• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Mistika, yoxsa atla gələn murad?

  • İdman
  • 11 İyul 2014 15:12
  • 541 Baxış
Mistika, yoxsa atla gələn murad?

Heç vaxt astroloji proqnozlara inanmamışam. Hətta bu cür gündəlik proqnozları hər gün yaxından izləyənləri gülüşlə qarşılamışam.

Gündəlik bürclərlə yanaşı, bir də hər ilə bir heyvan adı verilən Çin Zodiak sistemi var. Heç kim “bundan xəbərim yoxdu” deməsin. Çünki biz istədik, istəmədik – hər il təzələnəndə “bu il filan heyvan üzərində qurulub” deyə bar-bar bağıran kanallarımız sayəsində bu heyvanların adını əzbərdən bilirik.

Hətta bu illərin 12 ildən bir təkrarlandığını bilənlərimiz də az deyil. Sadəcə, fərq 12 ildən bir dəyişən heyvanın rəngi ilə bağlı olur. Uşaq vaxtlarımdan hər dəfə eşitdiyim bu rəngbərəng heyvanlar və futbola hədsiz marağım özümdən asılı olmayaraq bu ikisi arasında uyğunluq tapmağıma səbəb oldu. Yuxarıda da vurğuladığım kimi, bu cür astroloji proqnozlara inanmamağım son ana qədər bu yazını yazmağıma mane olurdu.

Ta ki, Almaniya və Argentina yığmaları bu il dünya çempionatının finalına vəsiqə qazanana qədər. Məsələ ondadı ki, hər dəfə at ilinə təsadüf edən dünya çempionatları bu komandalardan hər hansı birinə və yaxud da hər ikisinə uğur gətirib. Bunun doğruluğuna əmin olmaq üçün, sadəcə at ilinə təsadüf etmiş dünya çempionatlarına nəzər salaq:

1930-cu ildə Uruqvayda təşkil edilmiş ilk dünya çempionatı məhs at ilində baş tutmuşdu. Almaniyanın qatılmadığı bu turnirdə Argentina finala qədər irəliləsə də, qarşısını meydan sahibləri kəsmişdi. Dörd ildən bir təşkil edilən dünya çempionatında gümüş medal qazanmaq heç də pis nəticə deyildi.

Növbəti at ilinə təsadüf edəcək çempionat 1942-ci ildə baş tutmalı olsa da 2-ci dünya müharibəsi bu turniri təxirə saldı. Məhz buna görə də bu ilə təsadüf edən növbəti futbol bayramı 1954-cü ildə baş tutdu. İsveçrədə baş tutmuş bu çempionatda bu dəfə Argentina yox, Almaniya iştirak edirdi. Turnir Almaniyanın çempionluğu ilə yekunlaşdı. Finalda isə almanlar həmin dövrün əfsanə komandası sayılan və qrup mərhələsində 3-8 hesabı ilə məğlub olduqları Macarıstanı məğlub etdilər. Əfsanəvi Puşkaşın komandası finalda almanlara 2-3 hesabı ilə məğlub oldu.

1966-cı ildə İngiltərədə keçirilmiş mundialda həm Argentina, həm də Almaniya iştirak edirdi. Argentina turnirin 1/4 finalında meydan sahiblərinə məğlub olaraq mübarizəni dayandırsa da, almanlar finala qədər irəliləməyi bacardılar. Burada isə Tofiq Bəhramovun məşhur qərarı almanları ikinci, ingilislərə isə tarixlərində birinci və hələki sonuncu çempionluğu bəxş etdi.

1978-ci ildə Argentinada təşkil edilmiş turnirdə bu dəfə almanlar uğursuz çıxış etsələr də, meydan sahibləri ilk çempionluğunu qazanmaqla maraqlı ənənəni davam etdirdilər.

1990-cı ildə İtaliyada təşkil edilmiş mundial isə daha maraqlı alındı. Həmişə adını çəkdiyim komandalardan ikisindən birinə uğur gətirən at ili bu dəfə hər ikisinə uğur qazandırdı. İtaliyada finala məhz Argentina və Almaniya qaldı. Sonda almanlar çempion, Maradonalı Argentina isə ikinci oldu.

2002-ci ildə Cənubi Koreya və Yaponiyanın birlikdə ev sahibliyi etdiyi dünya çempionatı isə almanlar üçün uğurlu oldu. Belə ki, Argentinanın qrup mərhələsində mübarizəni dayandırdığı həmin mundialda almanlar yenə də iknci olmaqla bu iki komandanın davam etdirdiyi ənənəyə sadiq qaldı.

Və nəhayət 2014-cü il. Braziliya. Bu il Argentina və Almaniya 1990-cı ildəki qəhramanlığı təkrarlayaraq hər ikisi finala vəsiqə qazandılar. Artıq finalın nəticəsindən asılı olmayaraq adıçəkilən komandalar yenə medalsız qalmayacaqlar.

Elnur Həmidov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR