Onlar qəmin, qalan dünya dəmin yükünü çəkəcək
Bizi izləyin

İdman

Onlar qəmin, qalan dünya dəmin yükünü çəkəcək

Onlar qəmin, qalan dünya dəmin yükünü çəkəcək

Düz 64 il idi ki, bütün Braziliya o məğlubiyyətin əzabını çəkirdi.

1950-ci ildə, əfsanəvi “Marakana”da Uruqvaydan alınan məğlubiyyəti deyirəm. Ta o vaxtdan “Marakana”da Uruqvayın bayrağının rəngləri hakim idi. Hər dəfə o rənglərə baxdıqca braziliyalıların yarasının qaysağı qopurdu.

Almaniya və Hollandiya teoremi necə isbat etdi?

64 ildən sonra Braziliya növbəti dəfə mundiala ev sahibliyi edirdi. Əfsanəvi “Marakana” da təmir olundu. Uruqvayın bayrağının rənglərini sildilər. Tam ağ rəngə boyadılar stadionu. Braziliyalılar stadionun bəzədilməsini mundialdan sonraya saxladılar. Onlar əmin idilər ki, bu dəfə “Marakana”da Braziliyanın bayrağının rəngləri hakim olacaq. Braziliyanın çempion olacağına hamı inanırdı. 64 ildən sonra Braziliya çempion olmadı, 64 il aldığı əzabın yükünü artırdı. Allah bilir neçə qat.

Mundialın yarımfinalında Almaniyadan alınan 1:7 hesablı məğlubiyyət bütün Braziliyanı depressiyaya saldı. 64 ilə əvvəl Braziliya həqiqətən də çempionluğa layiq idi. 64 il sonra Braziliya çempionluğa layiq deyildi. Braziliyalılar reallığı qəbul etsələr, üzülməzlər Almaniyadan, Hollandiyadan alınan məğlubiyyətə. Amma braziliyalılar üçün futbolda cəmi cümlətanı bir reallıq var: Braziliya futbolda hamıdan güclüdür.

Braziliya nə vaxt çempion olubsa, həmin vaxt heyətdə lider funksiyasını üzərinə götürən 3-4 futbolçu olub. Pele-Qarrinça, Bebeto-Romario, Ronaldo-Ronaldinyo-Rivaldo - hələ digərlərini demirəm. İndiki Braziliyanın heyətində isə təkcə Neymar var idi. O da inanılmaz təzyiq altında. Braziliyada oyun sistemi də məhz onun üzərində qurulmuşdu. Neymar da zədələnincə o sistem dağım-dağım oldu.

Hələ qrup mərhələsinin oyunları zamanı Braziliyanın zəif olduğu sezilirdi. Xorvatiya hakimin köməyi ilə məğlub edildi. Kamerun hamıya, o cümlədən Braziliyaya da özü məğlub oldu. Meksikanın dizini bükmək mümkün olmadı. Elə 1/8 finalda Çilinin də. Çili Braziliyaya yox, bəxtə məğlub oldu. Penalti seriyasında məğlubiyyətin izahı budur. Bircə ona təəccüb edirəm ki, Braziliya Kolumbiyaya necə qalib gəldi... Qalanı aydındır. Yarımfinalda Almaniya, 3-cü yer uğrunda qarşılaşmada isə Hollandiya teoremi isbat etdi – Braziliya zəifdir. İndi qalır braziliyalıların bu isbatı qəbul edib, reallıqla barışması. Braziliyada istedadlı nəsil futbolçuların qıtlığı yaşanır. Zəif Rusiya çempionatında çıxış edən futbolçu Braziliya millisinin heyətinə düşürsə, dünya çempionluğunun sevinc yükünün əvəzinə əzabın yükünü çəkməlidir braziliyalılar.

Messi Maradona ola bilmədi

Almaniyanın çempion olmasını kimsə ədalətsizlik hesab edə bilməz. Heç Argentina da çempion olsaydı onların bostanına daş atan olmayacaqdı. Hər iki komanda futbolu ayaqla yox, başla oynayırdı. Amma bir fərq vardı, Almaniyada ağıllı başlar daha çox idi. Argentina isə Messiyə arxayın olmuşdu. Arxayın olmuşdu ki, Messi Maradona olacaq. Messi Maradona ola bilmədi. Messi bəlkə də Maradona olardı. Amma bunun üçün Hiquaynın, Aqueranın da Valdano, Burruçaqa olması vacib idi. Ola bilsin ki, Hiquayn, Aquera yaxşı futbolçudurlar. Amma böyük futbolçu deyillər. Böyüklər olmadığı üçün Messi də Maradona ola bilmədi. Heyf...

Məşqçidəki iddiaya bax ey...

Almaniyadan çox danışmağa lüzum yox. Bu ölkə istedadlı futbolçular istehsal edən ən mükəmmələ fabrikdir. Nəsil dəyişməsi zamanı baş verən boşluğu nəzərə almasaq, zaman-zaman istedadlı futbolçular nəsli Almaniyaya uğur qazandırıb. Hələ 2 il əvvəl, Avropa çempionatında hiss olunurdu ki, bu nəsil futbolçular Almaniyaya nəsə verəcəklər. “Nəsə” də nə olsa yaxşıdır? Dünya çempionluğu. Halaldır.

Bilirsiz Yohaim Löv Mario Götseni meydana buraxarkən onun qulağına nə pıçıldayıb? “Çıx, Messidən yaxşı olduğunu göstər” deyib. İddiaya bax ey. Belə iddiası olan niyə çempion olmasın ki?

Kosta Rika da çempiondur

2014-cü il çempionatı təkcə Braziliya, Argentina və Almaniya ilə yaddaşlarda qalmayacaq ey. Hollandiyanın haqqını niyə verməyək ki? Çempionatı məğlub olmadan tərk etdi bu komanda. Lap elə çempion olsaydı belə, Hollandiyaya “gözün üstə qaşın var” deyən olacaqdı? Qətiyyən. Ləyaqətlə mübarizə apardılar axı. İndi durub “Braziliyada təkcə Almaniya yox, Hollandiya da çempion olub” desəm nə cavab verəcəksiz mənə? Hələ bir az da üzə dursam “Kosta Rika da çempiondur” deyə bilərəm. Zarafat deyil ey, bu kiçik ölkənin dizini bükən tapılmadı orda. Elə çempion saydığım Hollandiya yalnız penalti seriyasında dayandıra bildi bu ölkəni. Yadınızdan belə tez çıxarda bilməzsiz Kosta Rikanı.

Hələ Meksikanı, Çilini demirəm. Hələ Kolumbiyadan danışmıram. Falkaonun dünya çempionatına getməyəcəyi məlum olanda kolumbiyalı azarkeşlər onu zədələyən türk əsilli fransızı ölümlə hədələyirdilər. İndi yəqin ki, azarkeşlər Falkaonu zədələyən coğrafiya müəllimini bağışlayarlar. Falkao olsaydı Rodriges olmayacaqdı. Dünya çempionatının “Qızıl buts” mükafatını alan kolumbiaylı forvardın mundialda parlaması məhz Falkaonun zədələnməsinə bağlıdır. Təsdüf heç nə olmur axı deyəsən...

Bəlkə Əlcəzair millisinin oyununu unudubsuz? Undua bilməzsiz. Az qalmışdı, az qalmışdı ki, indi çempion olan Almaniyanı evə erkən yola salsınlar. Bir azca təcrübə çatmadı. Bir azca..

Dünya çempionatı başa çatdı. Yuxusuz gecələr keçirmişi, indi getin yatın.Əmin olun ki, hələ bir müddət də röyalarda futbol görəcəksiz. Hələ çox danışacağıq bu mundialdan. Braziliyalılar isə yəqin ki, unutmayacaqlar bu çempionatı. Onlar qəmin, qalan dünya dəmin yükünü çəkəcək. Təşəkkürlər, Braziliya. Baxımlı, rəngarəng, yaradıcı mundiala görə. Təkcə meydanda oynanılan futbol yox, tribunalarda, stadiondan kənarda yaşanan həyatın özü də bir yaradıcılıq nümunəsi idi. Belə azarkeşləri harda görmüşdük ki? Belə azarkeşliyi bir də harda görəcəyik ki?

Natiq Muxtarlı

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm