Azərbaycan, Norveç və Serbiyanın birgə hazırlığı
Bizi izləyin

İdman

Azərbaycan, Norveç və Serbiyanın birgə hazırlığı

Azərbaycan, Norveç və Serbiyanın birgə hazırlığı

25-27 iyul 2014-cü il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.

Publika.az xəbər verir ki, yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.

Yunan-Roma güləşi üzrə ölkə yığma komandası Olimpiya Güləş Mərkəzində hazırlıq keçir. Təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, Serbiya və Norveç güləşçiləri də iştirak edir. Bu gün turnirə hazırlaşan komandamızın mətbuat üçün açıq məşqi keçirilib.

Milli komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi Dünya Kuboku yarışlarında qazanılan tarixi nailiyyəti xüsusilə vurğulayaraq, güləşçilərimizin qarşıdakı turnirə ciddi hazırlaşdıqlarını bildirib:

“Komandada ümumi ab-hava yüksək səviyyədədir. Yarışlara yaxşı hazırlaşmaq üçün hər cür şəraitimiz var. Buna görə də federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşımızda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirində uğurlu çıxış etmək tapşırığı durur. Ən azından ötən dəfəki nəticəni təkrarlamağa çalışacağıq”.

Milli komandamızın üzvü Rəsul Çunayev də turnir öncəsi fikirlərini səsləndirib:

“Hazırlıqlarımız yaxşı keçir. Məqsədimiz bacardıqca çox medal qazanmaqdır. Bu tapşırığın öhdəsindən gələcək gücdəyik. Şəxsən mənim üçün rəqibin fərqi yoxdur. Onun titullu və ya təcrübəsiz olması böyük önəm kəsb etmir. Hər bir görüşə xüsusi motivasiya ilə çıxıram. Həm qarşıdakı turnirdə, həm də dünya çempionatında bayrağımızı yüksəltməyə çalışacam”.

Yarışda iştirak edəcək Serbiya millisi də hazırlıqlarını Bakıda, güləşçilərimizlə birlikdə davam etdirir. Komandanın məşqçisi Stoyan Dobrev burada yaradılan şəraitə görə Azərbaycan Güləş Federasiyasına təşəkkürünü bildirib:

“Hər şey əladır. Burada özümüzü evdəki kimi hiss edirik. Son vaxtlar ölkənizdə güləşin inkişafı göz qabağındadır. Pəhləvanlarınız bütün turnirlərdə favorit qismində göstərilir. Bizim üçün Azərbaycan güləşçiləriylə birlikdə məşq etmək böyük təcrübədir. Yeri gəlmişkən, 3 il bundan əvvəl də paytaxtınızda olmuşdum. Bakı çox gözəlləşib”.

Qeyd edək ki, iyulun 25-dən 27-dək keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsində dünyanın 40-a yaxın ölkəsindən 400-dək idmançının iştirakı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm