Cəbhəçilərin girov götürdüyü “Ağ akula”nın həyat hekayəti – FOTOLAR
Bizi izləyin

İdman

Cəbhəçilərin girov götürdüyü “Ağ akula”nın həyat hekayəti – FOTOLAR

Cəbhəçilərin girov götürdüyü “Ağ akula”nın həyat hekayəti – FOTOLAR

Braziliyada dünya çempionatı keçirilən ərəfədə dünya futbolu böyük simalarından birini itirdi.

Publika.az xəbər verir ki, "Real"ın əfsanəvi futbolçusu və fəxri prezidenti Alfredo Di Stefano 88 yaşında dünyasını dəyişdi. Bu yazıda dahi futbolçunun həyatı və karyerası ilə oxucuları tanış edəcəyik.

Əsl superatlet

1953-cü ildə formasının zirvəsində olan 27 yaşlı argentinalı bombardir Alfredo Di Stefano anladı ki, Kolumbiya çempionatı səviyyəsini çoxdan aşıb və “Barselona” ilə müqavilə imzaladı. Daha sonra Santyaqo Bernabeu tərəfindən sürətli taktiki keçid və Madriddə 11 unikal il olacaqdı. Bu, “Real”ın tarixində ən yaxşı çağırışlardan biri idi. Titulları “vikipediya” yazacaq, çünki sayları həqiqətən də çoxdu.

Di Stefanonun oyunu Madriddə Ladislao Kubalanın “Barsa”dakı oyunu kimi ajiotaj yaradırdı. Lap Messi və Ronaldo kimi. Onlar 50-ci illərin iki ən böyük ulduzları idi. Tarixi dəyişirdilər. Di Stefanonun gəlişinə qədər “Real” 20 il idi ölkə çempionluğuna həsrət qalmışdı. Argentinalının gəlişi ilə titullar madridlilərin başından yağmağa başladı. Dahi futbolçular haqda söz açanda ümumi sözlərlə kifayətlənirlər. Ancaq Alfredo 40 yaşına qədər yüksək səviyyədə oynamaq imkanı verən xüsusiyyətlərə malik idi: o, öz formasına bu qədər diqqət edən və orqanizmini daim döyüş hazırlığında saxlaya bilən bəlkə də ilk futbolçu idi.

Özü bunu belə izah edirdi: “Hər şey çox sadədi. Mən futbolun hesabına pul qazanıram. Deməli, nə qədər çox oynasam, mənim üçün bir o qədər yaxşı olacaq. Daha uzun müddət oynamaq üçün isə öz orqanizmini dincəltməli, səylə məşq etməli və düzgün qidalanmalısan”.

“Real”ın futbolçuları məşqi bitirib gedəndə Di Stefano qalır, stadionu dövrə vurmaqda davam edir, sonra isə hələ məşq zalında çalışırdı. O, əsl superatlet idi. Lap indiki Ronaldo kimi. Di Stefano geriyə qayıdıb müdafiəçilərə kömək edən ilk forvard idi. Özü də bu fikrə məşqçinin tapşırığı ilə yox, özü gəlmişdi.

“Daş”dan keçən nüfuz

Di Stefano həm də liderlik xüsusiyyətlərinə də malik idi. “Blankos”un paltardəyişmə otağında əsl “dedovşina” hökm sürürdü. Onun siyasətini qəbul etməyənlər isə başqa kluba getməli olurdular. Məsələn, braziliyalı Didi kimi. O, “Ağ ox”la nə meydanda, nə də ondan kənarda dil tapa bilməmişdi (Di Stefano ona “sən məni əvəzləmək üçün həddindən artıq qoca və ləngsən” demişdi). 1958-ci ildə İspaniya paytaxtına dahi macar Ferens Puşkaş gəlir. O da naturaca lider idi və ilk vaxtlarda “Real” rəhbərliyi bu iki böyük futbolçunun öz aralarında rəqabətə girişəcəyindən çəkinirdi. Ancaq macar tezliklə komandada kimin başçı olduğunu anladı ki, bu da Bernabeuya uzun illər futbol tarixinin ən yaxşı hücumçularından olan iki forvardlı irəli xəttdən yararlanmaq imkanı verdi.

Di Stefano deyirdi: “Komandada hər şeyə görə məsuliyyət daşıyan lider olmalıdı. Digər futbolçular da bunu yaxşı anlamalıdılar”. 1960-cı ildə argentinalı forvard hələ də əla oyun nümayiş etdirirdi. Ancaq klub rəhbərliyi yavaş-yavaş 34 yaşlı veterana əvəz axtarmağa başladı. Xuntanın seçimi “Uembli kralı” ləqəbli isveçli Aqne Simonssonun üzərində dayandı. O, bu adı yığmasının heyətində İngiltərəni “Uembli”də 3:2 məğlub edərkən iki qol və bir məhsuldar ötürməylə qazanmışdı. Ancaq “Uembli kralı” “Madrid kralı”nın xoşuna gəlmədi. Di Stefano yenə nüfuzundan yararlandı və isveçli tezliklə “Bernabeu”nu tərk etdi. Cəmi üç oyundan sonra Simonsson “Real Sosyedad”a yollanmalı oldu.

Belə oğurluqdan kim inciyər ki?

1963-cü ildə Di Stefanonu Cənubi Amerikanın ən təhlükəli şəhərlərindən biri - Karakasda oğurlayırlar. Bu yolla Venesuelanın Milli Azadlıq Cəbhəsi (VMAC) dünya ictimaiyyətinin diqqətini ölkədəki vəziyyətə yönəltmək istəyirdi. Artıq sonra, hər şey arxada qalandan sonra Alfredo başına gələnləri danışmışdı:

“Mənə meyvə şirəsi və iki qutu siqaret verdilər. Radionu qoşur, qəzet oxumağa imkan verir, mənimlə domino və şahmat oynayırdılar. Onlar hətta mənə paelyo da hazırlamışdılar. Ancaq mən yalnız hot-doq yeyə bilirdim: mədəm qorxudan sıxılırdı. Bir sözlə: onlar mənə heç bir pislik etmədilər. Hətta həyat yoldaşımın ünvanını soruşdular ki, ona narahat olmaması və məni tezliklə buraxacaqlarını məktubla bildirsinlər”.

İki gündən sonra VMAC Di Stefanonu İspaniya səfirliyinin yanında maşından düşürdü. Buna qədər cəbhəçilərin hər biri bu dahidən avtoqraf da almışdılar.

Di Stefanoya “tikilən torba”

60-cı illərdə Di Stefanonun nüfuzu o qədər güclü idi ki, o, baş məşqçi Miqel Munyosun iş metodunu rahatlıqla tənqid edə bilirdi. Ancaq məhz bu dəfə münaqişənin davamı fərqli oldu. Əvvəllər “Santyaqo Bernabeu” həmişə sevimli forvardının tərəfini tuturdusa, bu dəfə dəstək səsləri qarşı tərəfdən gəldi. Munyos Alfredoya tibbi arayış göstərmişdi.

Orda yazılırdı: Di Stefano köhnə onurğa zədəsi üzündən meydanda tam 90 dəqiqə keçirə bilməz. Əsəbləşmiş Di Stefano əvvəl tibbi arayışı, sonra isə “Real”la müqaviləni cırdı. Dahi forvard son mövsümünü “Espanyol”da keçirdi.

Məşqçilik və seks qalmaqalı

Məşqçiliyə başlayan Di Stefano “Boka Xuniors” və “River Pleyt”lə ölkə çempionu oldu, “Valensiya” ilə İspaniya La Liqasında qızıl medal qazandı, üstəlik, UEFA kuboku və superkubokunu başı üzərinə qaldırdı. 2000-ci ildə “qalaktikos” rəhbərliyi böyük jest edərək Di Stefanonu klubun fəxri prezidenti təyin etdi. Həmin vaxt o, artıq ürək problemləriylə mübarizə aparırdı. Odu ki, Florentino Peresin köməyi lap yerinə düşdü.

Ölkənin ən böyük qəzeti - “Marka” don Alfredonun konferensiyasını (suallara cavab verdiyi guşə) açdı ki, bu bölməni aparmaq kosta-rikalı qadın jurnalist Cina Qonsalesə həvalə olundu. O, həm də dahi forvardın bioqrafik kitabını yazmaqla məşğul idi. 5 may 2013-cü ildə Di Stefano elan etdi ki, Cinayla evlənəcək. Bu isə İspaniyada birmənalı qarşılanmadı. Alfredonun uşaqları bu nikaha qarşı çıxdılar. Onların fikrincə, jurnalist qadın atalarından sırf pul maraqlarına görə istifadə edir və aralarındakı 50 yaşlıq fərq şübhələnmək üçün yetərli faktdı. Tezliklə yeni həyat yoldaşı Di Stefanonun bank hesabından böyük pul çəkərək Kosta-Rikaya uçdu. 87 yaşında seks qalmaqalının mərkəzində yalnız Don Alfredo peyda ola bilərdi.

O, düşməni yendi, düşmən onu

Belə baxanda, məhz evlilik və bununla bağlı böyük həyəcan Di Stefanonun sağlamlığına ciddi zərbə vurdu. 2 oktyabr 2013-cü ildə “Real”ın fəxri prezidenti fəaliyyət qabiliyyəti olmayan biri elan edildi və onun mülkü üzərindəki nəzarət uşaqlarına verildi (maraqlıdı ki, Cina Qonsales cəmi iki gün sonra İspaniya paytaxtına gələrək mülk mübahisəsində iştirak etdi).

O özü isə sevimli klubunun rəsmi tədbirlərində nadir hallarda peyda olur və demək olar ki, yeriyə bilmirdi. İyulun 7-də hər şey bitdi. Onun 1995-ci ildən ən böyük düşməni olan ürəyi birdəfəlik dayandı və dahi futbolçunun rəngarəng həyatında son nöqtəni qoydu.

Belə futbolçular heç vaxt unudulmur. Çünki oyunun özünün simvolu hesab edilirlər. Alfredo Di Stefanonun oyunu böyük ağ akula kimi - tamlıq, dönməzlik, təkrarolunmaz killer instinktli - gözəl idi. Hədəfə can atan, dözümlü biri, anadangəlmə bombardir... O, bütün futbolsevərlərin yaddaşında böyük partlayış - əsl “Ağ akula” kimi, “Real”ın və dünya futbolunun isə ən böyük incilərindən biri kimi qalacaq. (“Komanda” qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm