7 yaşlı azərbaycanlı uşaq Türkiyənin gündəminə necə düşdü? – FOTOLAR + VİDEO
Bizi izləyin

İdman

7 yaşlı azərbaycanlı uşaq Türkiyənin gündəminə necə düşdü? – FOTOLAR + VİDEO

7 yaşlı azərbaycanlı uşaq Türkiyə mətbuatının gündəminə necə düşdü? – FOTOLAR + VİDEO

7 yaşlı Saday Qasımzadə bir müddət əvvəl mətbuatın gündəmini zəbt etdi.

Saday idmanın ən çətin növlərindən olan qaydasız döyüş növü ilə məşğul olur. O, Bolqarıstanda keçirilən qaydasız döyüş növləri üzrə Dünya Kubokunun qalibi olub.

Sadayın qələbəsi təkcə ölkəmizin yox, Türkiyə mətbuatının da diqqətini cəlb edib.

Atası ilə birgə Publika.az-ın qonağı olan balaca qəhrəmanın “döyüş yolu”na nəzər saldıq.

“Hamısını əmisi elədi”

Suallarımızı öncə atası Sadiq Qasımzadəyə ünvanladıq:

- Sadiq müəllim, 7 yaşlı övladınızın bu cür çətin bir idman növünü (qaydasız döyüş) seçməsinə nə əcəb icazə vermisiniz?

- Böyük qardaşım da bu idman növü ilə məşğul olur. Peşəkar idmançıdır. Sadayın idmanla məşğul olmasına o səbəb oldu. Mən əsla uşağın seçiminə təsir edən deyiləm. Saday məşqə nə vaxt gedir, nə vaxt gəlir, necə məşq edir, bunlardan da xəbərim olmur. Bunların hamısı ilə əmisi məşğul olur.

- Əmisini də, bəlkə, təqdim edəsiniz...

- Natiq Qasımov. Saday əmisinə "dədə" deyir, mənə ata. (gülür) Elə kanalların birində “səni bu idmana kim gətirib” sualına da, “dədəm idmançı idi, ona görə bu idmana gəldim” cavabını verdi.

- Bu yaşa görə bu idman növü çox çətindir axı...

- Özü bilər, dədəsi bilər. Natiq mənim böyük qardaşımdı. O dedi, biz də bunu qəbul etdik.

- Anası necə? Razıdırmı oğlunun bu idman növü ilə məşğul olmasına?

- Yoldaşım bu idmandan qorxur. Çətindir deyir. Sadayın qaydasız döyüşlə məşğul olmasına razı deyildi.

- Bəs Saday necə, əvvəlcə qorxmadımı o təpiklərdən?

- Xeyr. Saday “razıyam, gedirəm” dedi. Ürəyincə idi. İdmana çox həvəslidir.

Hətta Dünya Kubokunun finalında özündən həm çəkidə 6 kq ağır, həm də 3 yaş böyük “xaxol” idmançı ilə qarşılaşmışdı. Dədəsi Sadayı psixoloji olaraq hazırlayırdı. Deyirdi onun böyüklüyünə baxma, səndən kiçikdir, səndən güclü deyil, səndən də ağır deyil. Bir növ onu aldadaraq psixoloji hazırlıq keçirdi.

Buna baxmayaraq, o idmançı çox güclü idi. 2 dəfə Ukrayna çempionu olmuşdu. Daha çox yarışlarda iştirak etmişdi. Finalda dədəsi ona qışqırıb ki, “Saday, yumruq atma”. Çünki o uşaq yaxşı da boksçu idi. Dədəsi ona qışqırıb ki, belindən qucaqla, yıx. Saday əmisinin qışqıraraq dediklərini edərək, Allahın köməyi ilə qalib gəlib.

- Bəs dərslərinə qarşı necədir?

- Dərslərini də yaxşı oxuyur. Amma bəzən olur ki, məşqlərini bəhanə edərək dərs oxumağa tənbəllik edir.

- İstərdik, Bolqarıstandakı yarışın ranqı barədə də məlumat verəsiniz...

- Bolqarıstanda keçirilən qaydasız döyüş üzrə Dünya Kubokunun qalibi 4 ildən bir keçirilən qeyri-olimpiya növlərinin Olimpiadasına vəsiqə qazanır. Yarış sentyabr ayında Kanadada keçiriləcək.

- Siz kuboku qaldırarkən yanında idiniz?

- Mən gedə bilməmişdim. Bolqarıstana əmisi ilə yollanmışdı. Amma onu da deyim ki, Dünya Kubokunu qazanmamışdan öncə Azərbaycan çempionatında qələbə qazanıb.

- Bir ata kimi övladınızın gələcəyini harada görürsünüz?

- Daha çox uğurlar qazansın. İdmanla öz həyatını qursun. Öz həyatını yaşaya bilsin, inşallah.

Mən bu yaşda kənddə yaşayırdım, heyvan saxlamaqla məşğul idik. Amma Saday bu yaşında 6-7 ölkə gəzib. Düşünürəm ki, öz üzərində daha çox çalışsa, bundan da yaxşı nəticələr qazanıb bizi sevindirəcək.

- Adətən idmançılar uğur qazanan kimi onlara başqa ölkələrdən təklif gəlir. Övladınızın başqa dövləti təmsil etməsinə necə yanaşarsız?

- Öz dövlətimizin bayrağını dalğalandırmalı, dövlətimizin adını təmsil etməlidir. Amma Türkiyəyədən təklif gələrsə, icazə verərəm. Çünki onlar qardaş ölkədir.
Elə qələbədən sonra kürsüyə çıxdığı zaman Sadayın kürəyində Türkiyə bayrağı, sinəsində isə Azərbaycan bayrağı var idi. Sosial şəbəklərdə də bu şəkili Türkiyədən onlarla insan paylaşdı. Xəbər saytları da bundan yazdı.

“Namiq Abdullayev, Fərid Mansurov kimi ...”

Daha sonra danışmağa utanan kiçik qəhrəmanımı da bir az söhbətə tutdum.

- Saday, əmin deyəndə ki, gəl səni idmana yazdırım, nə dedin?

- Özüm də istədim. Çox xoşlayıram məşq eləməyi.

- Bəs ilk məşqdə vurulan təpiklərdən qorxmadınmı?

- Xeyr. Mən bu idmanda məşhur idmançı kimi bayrağımızı göylərə qaldırmaq istəyirəm.

- Hansı məşhur idmançıları tanıyırsan?

- Namiq Abdullayev, Fərid Mansurov. Onlar kimi olmaq istəyərəm.

- Birinciliyi qazandığın zaman nə etdin?

- Çox sevindim ki, bayrağımızı qaldırıram

Atası Sadiq müəllim söhbətimizə müdaxilə edir:

- “Döyüşə də, kürsüyə də çıxan zaman çox sərbəst olur. Həyəcanlanmır. Sanki evdə anası harasa buyurur, bax elə olur. Kadrlarda da aydın görünür”.

“Direktoru təbrik etdi”

- Sadiq müəllim, eşitmişiniz Saday kimisə döysün, məşqdə öyrəndiklərini dostları üzərində göstərsin?

- Yaşıdlarına görə güclü ola bilər, amma əsla dostları ilə dalaşmaz. Məşqdə öyrəndiklərini dostları üzərində göstərmir.

- Bəs onun qələbəsi oxuduğu məktəbdə necə qarşılandı?

- Sumqayıt şəhərindəki 30 saylı məktəbdə oxuyur. Direktor bütün kollektivin qarşısında onu təbrik etmişdi. Amma Dünya Kubokunu qazanan zaman tətil idi.

Sentyabr ayında da Kanadadakı Olimpiadaya əmisi ilə gedəcək. Əmisi də döyüşəcək orada.

Saday söhbətə qarışır:

- Dədəm 99 kiloda döyüşəcək.

- Sadiq müəllim, uşaq evə zədəli gəldiyi zaman, ağlayaraq deyibmi “daha getməyəcəm, istəmrəm, yoruldum”.

- Yox, əksinə gün keçdikcə daha da idmana bağlanır. Hər gün tezdən saat 5-də biz dənizdə oluruq. O qaçır. Mən də məcburən onunla qaçıram (gülür). Dədəsi ilə birgə jim edir, press edir.

- Siz yarışlarını izləmisinizmi?

- Azərbaycanda olan bütün yarışlarına gedib rinq kənarında izləyirəm.

- Düzgün fənd etməyəndə nə edirsiz?

- O zaman əsəbləşirəm. Bir də mənfi xüsusiyyəti var, əgər yaxşı zərbə vurarsa, o zaman tez ətrafına baxır ki, görüm kim gördü?! Həmişə bunu ona irad tuturam. Onu tərgitsə, yüz faiz Olimpiadada çempionu olacaq.

- Sadiq müəllim, oğlunuz çempion olanda ona ata kimi nə söz vermişdiniz?

- Saday dünya çempionu olanda söz vermişdim siqareti atacam. Demək olar ki, atmışam. Söz vermişdim ki, ona telefon alacam. Hələ telefona ala bilməsəm də, şəxsən öz adına nömrə almışam.

Aygün İlqarqızı

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm