Qəlyana görə millidən qovulan futbolçu: “Nə qadın sevgilim var, nə də...” - FOTOLAR
Bizi izləyin

İdman

Qəlyana görə millidən qovulan futbolçu: “Nə qadın sevgilim var, nə də...” - FOTOLAR

Qəlyana görə millidən qovulan azərbaycanlı qız: “Mənim nə qadın sevgilim var, nə də...” - FOTOLAR

Leyla Solmaz Azərbaycanın qızlardan ibarət U-21 millisinin üzvüdür. 6 yaşından futbol oynayır. Ailəsi ilə Almaniyada yaşayır.

3 dildə danışır. İngilis, alman dillərini mükəmməl, azərbaycan dilini isə orta səviyyədə bilir. Fərqli imici ilə diqqət çəkən futbolçu Publika.az-a müsahibə verdi. Müsahibə zamanı Azərbaycan dilində danışmağı üstün tutdu:

“Devid Bekhem kimi olmaq istəmişəm”

- Özün haqda danışardın...

- 1995-ci ildə Almaniyada Ştutqart bölgəsinin Kalv şəhərində anadan olmuşam. Herrenberqdə isə məktəbə getmişəm. Çox müasir ailədə böyümüşəm. Ailəm mənim istədiklərimi hər zaman normal qarşılayıb, mənə dayaq olub. Çox səmimi, mehriban valideyinlərə sahibəm, yardım etməyi sevərlər. Atam firmalardan birində işləyir, anam isə evdar xanımdır.

Futbola 6 yaşında başladım. İlk dəfə atam apardı. Çünki mən həmişə küçədə oğlanlarla futbol oynayardım. Atam da mənim yaxşı oynadığımı, futbola həvəsli olduğumu görüb, “Sv Kayh” adlı uşaq komandasına yazdırdı. Amma bu komada oğlanlardan ibarət komanda idi. Oğlanların komandasında çıxış etməyə başladım. Çünki qızlar olan klub mənim üçün çox zəif idi. Həmişə Devid Bekhemə bənzəmək istəmişəm.

3 il burada oynayandan sonra qızlardan ibarət komandaya keçməli oldum.

- Bu komandaya necə getdin?

- “Sv Böblingen”də oynamağa başladım. Bu komandaya gəlişim də maraqlı olub. Belə ki, atam öz işinə görə vəkil tanışı ilə görüşə getmişdi. Həmin vəkillə mənim barəmdə danışanda atam ona yaxşı futbol oynadığımı deyib. Vəkil atama təklif edib ki, məni “SV Böblingen” klubunun qızlardan ibarət heyətinə yazdırsın. Bundan sonra atam məni həmin komandaya yazdırdı.

“SV Böblingen”ə getdim, həmin il komandanı çempion etdim. Çünki bir mövsümə 60 qol vurmuşdum.

Daha sonra mənə “VFL Sindelfingen” klubundan təklif gəldi. Keçmiş komandam “SV Böblingen” mənə getməyə icazə vermirdi. Çünki ən yaxşı oyunçuları mən idim. Amma nəhayyət “VFL Sindelfingen”ə gedə bildim. 4 ilə yaxın orada oynadıqdan sonra yenidən 2013- cü ildə “SV Böblingen”ə qayıtdım.

İndi bir müddətdir klubsuzam. Amma məşqlərə ara vermirəm. Yenidən milliyə qayıdacağım vaxtı gözləyirəm. Burda məşq edərkən Azərbaycan millisinin formasını geyinirəm. Onlara Azərbaycanda da qadın futbolunun olduğunu bu yolla da olsa göstərməyə çalışıram.

Hazırda İsveçrədə bir klubla danışıqlar gedir. Güman ki, o kluba keçəcəm. Bir vaxtlar Azərbaycanın U-17 komandasını çalışdıran Sissi Rayt həmin klubda baş məşqçidir.

- Bəs futbol sənin üçün çətin deyildi? Qızlar adətən kuklalarla oynayır, sən isə...

- Düzdür, bir az çətin olurdu. Amma elə uşaqlıqdan qızlarla evcik-evcik oynamağı sevmirdim. Onlar kuklalarla oynayarkən mən oğlanlarla maşınlarla oynayırdım, məhəllədə futbol oynamağı sevirdim.

“Anam istəmirdi, atam arxamda idi”

- Anan heç hirslənirdi sənin futbol oynamağına?

- Bəli, çox hirslənirdi, futbolu seçdiyim üçün mənə hər kəs hirslənirdi. Ancaq təkcə atam həmişə mənim arxamda durdu.

Məşqlərə anamdan xəbərsiz gedirdim. Anam elə bilirdi qızlarla oynamağa gedirəm.

Anam həmişə mənə “Niyə futbol oynayırsan, ayaqların əyri olacaq. Heç bir oğlan səni bəyənməyəcək” deyirdi.

Sonra anam məni basketbola yazdırdı. Bir il basketbol oynadım. Basketbola gedəndə də atam həmişə mənimlə gəlirdi, baxırdı. Amma atam həmişə mənə “qızım basketbolu at, qayıt futbola deyirdi. Elə özümdə də basketbola həvəs yox idi. Sanki qanımda futbolu hiss edirdim, basketbolu yox.

Bundan sonra anama dedim istəmirəm, basketbola həvəsim yoxdur. Yenidən futbolla məşğul olmağa başladım. Bir dəfə oyunumuz olanda bütün ailəm məni izləməyə gəlmişdi. Mən də anama göstərmək istəyirdim ki, qızı necə yaxşı futbol oynayır. İnanın ki, qol vurduğum zaman anam sevincdən yerində dura bilmirdi. Bundan sonra mənim necə yaxşı futbol oynadığımı gördü və bir də buna görə məni danlamadı.

- Oğlanlarla futbol oynamağı sevirdim dedin. Bəs oğlanlarla oynayarkən onlarla dalaşırdın?

- (gülür) Xeyir, mənim qardaşım olmadığı üçün onları özümə böyük qardaş kimi görürdüm. Çox yaxşı anlaşırdıq.

- Oğlanlarla oynadığın zaman, qız dostların bunu sənə irad tutmurdular?

- Yox, heç nə demirdilər. Mənim qız dostlarım da çox az idi. Qızlar həmişə məni sıxışdırırdılar. Elə buna görə də oğlanlarla oynayır, onlarla dostluq edirdim. Oynadığım oğlan klubunda da biz bir ailə kimi olmuşuq. Komandadakıların çoxu türk olduğu üçün türkcə danışırdıq. 3-4 alman var idi.

- Hazırda Azərbaycanın U-21 millisinin üzvüsən?

- Bəli, amma indi məni çağırmırlar. Əlaqə saxlamışam, mənə deyiblər U-21-in təlim- məşq toplanışları az olur.

Qəlyan məsələsi oldu bir ara. Qəlyan çəkərkən çəkdirdiyim şəkli vermişdilər saytlarda. Onu kim qoyub bilmirəm, amma çox üzüldüm. Belə hallar Avropada normaldır. Bunu hər futbolçu edir. Bilmirdim ki, Azərbaycanda çox pis qarşılanacaq. Bəlkə bu da mənim milliyə dəvətimə bir əngəl oldu.

Təkcə buna görə, insanın karyerasına zərbə vurmazlar. Mən əsla siqaret çəkmirəm. Heç qəlyanı da çəkmirəm.

- Bəs o video necə mətbuatına əlinə keçib?

- Yenə deyirəm, əslində qəlyan çəkən biri deyiləm. Dostlar mənə israr etdilər ki, gedək. Mən də getdim. Sadəcə zarafatyana bir dəfə çəkdim və dostlarımla “instagram”da paylaşdım. Bir gün Azərbaycan mili komandasında çıxış edən qızlardan biri mənə dedi ki, sənin bu videonu götürüb xəbər ediblər. Sənin haqda heç də yaxşı danışmırlar. Daha sonra bu videonu “instagram”dan sildim. Amma artıq gec idi, zarafatla etdiyimi ciddi qəbul ediblər.

- Maraqlıdır, Leyla Solmaz əslən türkdür, yoxsa azərbaycanlı?

- İkisi də... (gülür)

- Necə yəni?

- Atamla anam Türkiyənin Çorum şəhərindən Almaniyaya gəliblər. Amma əslimiz- kökümüz Azərbaycana dayanır. Düzdür, ailədə azərbaycan dilini bilən yoxdur. Ailəm 25 ildir Almaniyada yaşayır. Mən dilimizi bilirəm. Amma uzun müddətdir bu dildə danışmadığım üçün bəzi sözləri unutmuşam. Mən də millidəki qızlardan öyrəndim.

- Heç evdə Azərbaycan dilində sözlər işlədirsənmi?

- Çox olur. Evdəkilərə də bəzi sözləri öyrətmişəm (gülür).

- Azərbaycan milli komandasından təklif necə gəldi?

- “VFL Sindelfingen”də oynadığım zaman (4 il öncə) Azərbaycanın U-17 milli komandasından mənə təklif gəldi. O zaman millini çalışdıran Sissi Rayt məni görüb bəyənmişdi. Ailəmə bunu deyəndə mənimlə qürur duydular. Dərhal razılıq verdilər.

Azərbaycanda qızlar arasında keçirilən dünya çempionatı zamanı atam ilk dəfə Bakıya gəldi və əlində Azərbaycan bayrağı tutaraq oyunumu stadiondan izlədi.

- Leyla, sənə səni sevdiyini söyləməyə çəkinən oğlanlar olubmu?

- Olub. Məsələn məni bir oğlan iki ildir ki, sevir. Amma məndən həmişə qorxub. O da mənim kimi əslən azərbaycanlıdır.

- Niyə qorxur?

- Onun qəlbini qırar, hirslənərəm deyə...

- Leyla, imicin niyə fərqlidir. Daha çox oğlanlar kimi geyinirsən.

- Elə məni sevən oğlan da başqa cür olduğum üçün sevdi məni. O da hər oğlan kimi deyil.

- Bəs sən necə birini sevə bilərsən?

- Ürəyi təmiz, gözəl xarakteri olan, bir sözlə, yaxşı biri olsun. Qalanı vecimə deyil.

- Futbol oynamağına qadağa qoysa?

- O zaman onu tərk edərəm. Çünki futbolu buraxsam, o da məni bir gün buraxar. Futbol məni əsla buraxmaz

- Daha neçə il futbol oynamağı düşünürsən?

- Dəqiq bilmirəm, amma 30- 35 yaşa qədər futbol oynaya biləcək gücdəyəm.

- Deyilənlərə görə, milli komandadakı qızların bəzisi lezbiandır. Bu haqda eşitdinmi?

- Eşitmişəm, amma hər kəsin öz həyatı var. Doğru olmasa belə, bu, onun seçimidir.

- Amma onların arasında sənin də adın hallanırdı.

- Yox, ola bilməz, adımın bu məsələdə hallandığını eşitməmişəm. Mənim nə qız sevgilim var, nə də oğlan. Sadəcə oğlan dostlarım var. Mənim indi yeganə sevgilim futboldur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm