Qarla başlayan həlledici “savaş”
Bizi izləyin

İdman

Qarla başlayan həlledici “savaş”

Qarla başlayan həlledici “savaş”

Dənizlinin boynunda qalan cavabdehlik

Fevralın 1-də Azərbaycan Premiyer-Liqasında ikinci dövrəyə start veriləcək. Həlledici mərhələnin ilk turunda maraqlı qarşılaşmalar gözlənilir. Qıs fasiləsindən hansı komandanın necə yararlandığı barədə ilkin təəssüratlara da bu turda sahib olacağıq.

Düzdü, hazırlıqdan yeni gələn komandaların oyun planında müəyyən problemlər olacaq. Çünki yeni transferlərin heyətə adaptasiya olunması üçün vaxta ehtiyac var.

Üstəlik 19-cu tur ərəfəsində Azərbaycana yağan qar stadionların öt örtüyünə də təsir edəcək. Bu da oyun keyfiyyətini aşağı salacaq. İlk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Turun mərkəzi qarşılaşmasının “Qarabağ”la “Xəzər Lənkəran” arasında olacağı şəksizdi. Birinci dövrəni boşa verən “ağ-yaşıllar”ın çempionatın qalan dönəmində nəyə ümid bəslədikləri məhz bu qarşılaşmada aydın olacaq. Üstəlik, təcrübəli Mustafa Dənizli ilə Qurban Qurbanovun dueli də maraq kəsb edən amillərdəndir.

İlk dövrəni lider kimi qapayan “Qarabağ”ın bu qarşılaşmada qalib gəlməsi komandanın çempionluq mübarizəsində əlavə motivasiyası ola bilər. “Xəzər Lənkəran” Antalyanı hamıdan sonra tərk etdi. Bəzi mütəxəssislər hesab edir ki, komandanın ölkəyə gec qayıtması “Qarabağ”la qarşılaşmada “ağ-yaşıllar”ın ziyanına işləyəcək.

Bu qərarın cavabdehliyi də Mustafa Dənizlinin boynundadır. Bizim bildiyimiz odur ki, cənub təmsilçisinin bu mövsüm nəyəsə ümid bəsləməsi üçün məhz “Qarabağ”la qarşılaşmadan üzüağ çıxması vacibdir.

“Qəbələ”nin “Sumqayıt”da qisası var

Günün daha bir qarşılaşmasında “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Sözsüz, “Qəbələ” qış transfer dönəminin ən fəal klubudur. Əyalət komandası Marat İzmaylovu transfer etməklə “məqsədimiz çempionluqdu” mesajını vermiş oldu.

Belə mesajdan sonra “Qəbələ”nin “Sumqayıt”la qarşılaşmada xal itirməyə haqqı yoxdur. Onu da qeyd edək ki, qəbələlilərin “Sumqayıt”dan alacağı intiqam da var. Çempionatın 3-cü turunda Sumqayıtda keçirilən qarşılaşmada “Qəbələ” bu komandaya məğlub olmuşdu. “Sumqayıt”a 2 dəfə məğlub olan komanda çempionluq “dəmi” vura bilməz. Syominini yetirmələri yəqin ki, bunun məsuliyyətini anlayırlar.

Kasıbçılıq AZAL-ın işinə yaraya bilər

Turun digər 3 qarşılaşması fevralın 2-də baş tutacaq. Hər 3 qarşılaşma Bakıda keçiriləcək. “İnter” “Şəfa”da AZAL-ı qəbul edəcək. Kasıbçılığın üzü qara olsun, AZAL maddi imkansızlıq ucbatından qış hazırlığını Azərbaycanda keçirdi. Ancaq ola bilsin ki, elə bu amil “təyyarəçilər”in işinə yarasın. Vaqif Sadıqovun yetirmələri yol yorğunu olan “bankirlər”i xalsız qoymaqla müflis edə bilərlər. Bütün hallarda AZAL-ın rəqibə ciddi müqavimət göstərəcəyi şəksizdi.

“Neftçi” köhnə təəssürata yeni rəng qata biləcək?

Günün daha bir qarşılaşmasında “Neftçi” “Simurq”u qəbul edəcək. “Ağ-qaralar” qış transfer dönəmində demək olar ki, heyətə yeni futbolçu qatmadılar. Təkcə Samir Məsimovdan başqa. Böyükağa Hacıyev “Neftçi”yə növbəti qayıdışını hələ ki, iddialı açıqlamalarla “yuyur”. Hələ ki... “Simurq”la oyun Hacıyevin özünü növbəti dəfə təsdiq etməsi üçün bir imtahandı.

Görək o, qarşılaşmadan sonra da iddialı danışa biləcək? “Simurq”un “Neftçi”yə ciddi müqavimət göstərəcəyinə kimsə şübhə etmir. “Ağ-qaralar”da oyun planında olan problemlər hələ yaydan bəri mövcuddur. Köhnə problemləri köhnə heyətlə aradan qaldırmaq mümkündür? “Simurq”la oyun köhnə təəsürata yeni rəng qata bilər.

Güvencin dilinin də güvənci var?

Fevralın 2-də keçiriləcək daha bir qarşılaşmada “Bakı” öz meydanında “Rəvan”ı qəbul edəcək. Hə, olduqca maraqla qarşılaşmadı. Yox, komandaların gücü baxımından demirik. Güvenc Kurtarın iddialarına əsaslanırıq. “Rəvan”ın türkiyəli çalışdırıcısı Azərbaycana ayaq basandan bəri dil boğaza qoymur. Güvencin dilinin də guvənci var? Bunu “Bakı” ilə oyunda biləcəyik.

1 fevral

Sumqayıt - Qəbələ

Hakimlər:

AFFA nümayəndəsi: Oqtay Abdullayev.

Hakim-inspektor: Şahin Cəfərov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 16.00.

Publika.Az-ın proqnozu:10-30-60

Qarabağ - Xəzər Lənkəran

Hakimlər:

AFFA nümayəndəsi: Şaiq Həmidov.

Hakim-inspektor: Asim Xudiyev.

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00.

Publika.Az-ın proqnozu: 40-30-30

2 fevral

Bakı - Rəvan

Hakimlər:

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

“Bakı”nın təlim-məşq bazasının stadionu, əsas meydança. Saat 13.30.

Publika.Az-ın proqnozu: 60-20-20

Neftçi - Simurq

Hakimlər:

AFFA nümayəndəsi: Qürbət Həsənov.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

“Bakcell Arena”. Saat 15.30.

Publika.Az-ın proqnozu: 50-30-20

İnter - AZAL

Hakimlər:

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Kərim Ağayev.

“Şəfa” stadionu. Saat 17.00.

Publika.Az-ın proqnozu: 40-30-30

Oxumağa davam et
Reklam
Reklam

Gündəm