Topaz Premyer Liqasında 2-ci tur həyəcanı
Bizi izləyin

İdman

Topaz Premyer Liqasında 2-ci tur həyəcanı

Bu gün və sabah Topaz Premyer Liqasında 2014/15 mövsümünün 2-ci turunun oyunları keçiriləcək. Publika.az xəbər verir ki, turun 2 oyunu Bakıda, 3-ü paytaxtdan kənarda baş tutacaq.

Turun mərkəzi oyunu ötən mövsümün iki ən yaxşısı – çempion və gümüş mükafatçı arasında olacaq. Eyni zamanda turun açılış oyunu olan qarşılaşmada “Qarabağ” “İnter”i qəbul edəcək. Amma görüş ənənəvi olaraq, Tofiq Bəhramov adına Respublika stadionunda yox, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Çünki Ağdam klubu və mərkəzi arena rəhbərliyi bu stadionun qazonunu Avropa Liqasının pley-off oyunu çərçivəsində keçiriləcək vacib qarşılaşma üçün qorumaq istəyir.

Çempionla gümüş mükafatçı yubiley - 40-ci oyuna çıxacaq. Əvvəlki görüşlərdə Ağdam təmsilçisi böyük üstünlüyə malikdi. Son iki matçda böyük hesabla qalib gələn “Qarabağ” ötən mövsümün 4 oyununda rəqibinə xal verməyib. 4 ildi qalib gələ bilməyən “İnter” son 15 matçda rəqibindən 3 xal ala bilməyib. Bütövlükdə, 39 oyunun 18-də ağdamlılar, 9-da bakılılar qələbə qazanan tərəf olub. Daha 12 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində də "atlılar"ın diqqətçəkən üstünlüyü var - 46:26.

"Qarabağ" bu görüşdə də favorit hesab olunur. Amma istisna deyil ki, baş məşqçi Qurban Qurbanov Avroliqaya görə bəzi aparıcı futbolçuları qorusun. Baxmayaraq ki, ilk turda "Sumqayıt" üzərindəki qələbəsi silinən Ağdam klubu limiti pozduğu üçün texniki məğlubiyyətlə üzləşmişdi. Mövsümə "Qəbələ" üzərindəki 4:0 hesablı möhtəşəm qələbə ilə başlayan Kaxaber Sxadadzenin komandası isə rəqibin diqqətinin daha çox Avroliqada, oyunçularının yorğun olmasından yararlanıb, növbəti zəfərinə imza ata bilər.

Avroliqadakı çıxışını davam etdirən digər təmsilçimiz “Neftçi” bu tur “Bakı” ilə üz-üzə gələcək. Məlum səbəblərdən bu paytaxt derbisində əvvəlki ajiotaj gözlənilmir. Çünki bu yay çox ciddi maliyyə problemləri ilə üzləşən "zolaqlılar" demək olar ki, bütün aparıcı futbolçularını itirib və kubokun qalibi ilə oyuna da öz akademiyasının gənc və yeniyetmə yetirmələri ilə çıxacaq. Bu üzdən "ağ-qaralar"ın bu dəfəki derbidə asan qələbə qazanmaq ehtimalı yüksək qiymətləndirilir. Böyükağa Hacıyevin komandasının ilk turda "Araz Naxçıvan"a 0:3 hesablı məğlubiyyəti də belə bir qələbənin vacibliyini labüd edir. Yəqin ki, paytaxt klubu mövsümün startında iki ardıcıl məğlubiyyət yaşamağı planlaşdırmayıb.

Bu oyunda yenicə Azərbaycana qayıdan Nikolas Kanalesin köhnə-yeni klubunda ilk matçına çıxması ehtimalı da yüksəkdi. Serbiya "Partizan"ı ilə Avroliqa matçı öncəsi digər futbolçulardan daha çox, onun oyun təcrübəsi qazanmasına ehtiyac var. İlk turda oynamayan "Bakı"nın da əksər futbolçuları üçün bu görüş debüt xarakterli olacaq. Komandanın baş məşqçisi təyin olunan İbrahim Uzuncanın startda bu posta nə dərəcədə layiq olub-olmadığı da qismən hiss olunmalıdı.

47-ci paytaxt derbisi öncəsi “Neftçi” böyük üstünlüyə malikdi. Lakin son mövsümün 4 qarşılaşmasında meydan sahibi olan komanda qalib gəlib. "Ağ-qaralar" geridə qalan 46 oyunun 26-da 3 xala sevinən tərəf olubsa, "Bakı"nın 11 qələbəsi var. 9 qarşılaşmada qələbəni bayram etmək heç bir kluba qismət olmayıb. Topların fərqində də "Neftçi" öndədi - 64:40.

Mövsümə AZAL-la səfər heç-heçəsiylə start verən “Xəzər Lənkəran” bu tur doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Oğuz Çətinin komandası yeni mövsümdəki ilk ev oyununda qələbə siftəsini rəsmiləşdirmək arzusundadı. "Qarabağ"la oyundakı məlum hadisəyə görə hazır 3 xala sahib çıxan "Sumqayıt"ın bu oyunda da şansı yüksək qiymətləndirilmir. Amma ötən mövsüm bir sıra sürpriz nəticələrə imza atmış Aqil Məmmədovun yetirmələrinin futbol ictimaiyyətini növbəti dəfə təəccübləndirməsi də istisna deyil.

Lənkəran təmsilçisi əvvəlki 10 oyunun yarısında qələbə qazanıb. Böyük üstünlüyə malik cənublular son 3 matçda xal itirməyib. Daha dörd görüşdə heç-heçə qeydə alınıb. Sumqayıtlılar yalnız bir dəfə 3 xalı bayram ediblər. Topların fərqində də cənub təmsilçisi üstündü - 18:10.

Bazar günü öncə "Simurq"la AZAL üz-üzə gələcək. İlk turda məlum səbəblərdən "Bakı" ilə oyunu baş tutmayan Zaqatala klubu yeni mövsümdə siftə edəcək. Georgi Çixradzenin komandası doğma meydan amilindən maksimum yararlanıb, qələbə qazanmaq arzusundadı. Amma mövsümün açılış turunda "Xəzər Lənkəran"dan xal almış AZAL da səfərə məğlub olmaq üçün getmir. Tərlan Əhmədovun komandası çətin səfərdən ən azı 1 xalla dönməyə çalışacaq.

Bu komandalar arasındakı əvvəlki oyunların son 3-də AZAL qol vurmayıb. Bakılılar ardıcıl 7 görüşdə qələbə də qazana bilmir. Lakin ümumi balansda üstünlük onların tərəfindədi - 8 qələbə. "Simurq" isə 5 dəfə 3 xal qazanıb. Daha 9 qarşılaşmada tərəflər meydanı sülhlə tərk ediblər. Topların fərqi bakılıların xeyrinədi - 26:21.

Nəhayət, turun qapanış matçında "Qəbələ” doğma divarlar arasında “Araz Naxçıvan”la qarşılaşacaq. Bəribaşdan qeyd edək ki, bu komandalar tarixləri ərzində heç vaxt görüşməyiblər. İlk dəfə üz-üzə gələn tərəflərin duelində favorit Qəbələ təmsilçisi göstərilir. Çünki baş məşqçi Dorinel Muntyanu xeyli transferlər həyata keçirərək, güclü heyət formalaşdırıb. Düzdü, ilk turda bölgə təmsilçisi səfərdə "İnter"ə 4 cavabsız qolla uduzsa da, bu oyunda həmin acı məğlubiyyəti unutdurmaq mümkündü. Baxmayaraq ki, rəqib daha çox müdafiə futboluna üstünlük verməsi ilə tanınan Əsgər Abdullayevli "Araz Naxçıvan"dı. Naxçıvanlılar ilk turda "Neftçi" üzərindəki möhtəşəm qələbədən ruhlanıb növbəti sensasiyasına imza atmağa çalışacaq. Qonaq komandanın ən azı bir xal üçün mübarizə aparacağı şübhə doğurmur.

Topaz Premyer Liqası

2-ci tur

16 avqust (şənbə)

18:00. Qarabağ - İnter

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov.

AFFA nümayəndəsi: Qürbət Həsənov.

Hakim-inspekor: Xaqani Məmmədov.

Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

19:00. Neftçi - Bakı

Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.

Hakim-inspekor: Rövşən Əhmədov.

Bakı. “Bakcell Arena” stadionu.

20:00. Xəzər Lənkəran - Sumqayıt

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Nail Nağıyev.

AFFA nümayəndəsi: Rauf Hüseynli.

Hakim-inspekor: Əhmədağa Cabbarov.

Lənkəran: “Xəzər Lənkəran” mərkəzi stadionu.

17 avqust (bazar)

19:00. Simurq - AZAL

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov.

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.

AFFA nümayəndəsi: Abbas Hüseynov.

Hakim-inspekor: Füzuli Nəcəfov.

Zaqatala şəhər stadionu.

20:00. Qəbələ - Araz Naxçıvan

Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspekor: Kərim Ağayev.

Qəbələ şəhər stadionu.

Bombardir:

2 - D.Janelidze (Araz Naxçıvan)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm