Çilingər oğlunun arvadına bir gecə üçün 5 milyon təklif etdilər – FOTOLAR
Bizi izləyin

İdman

Çilingər oğlunun arvadına bir gecə üçün 5 milyon təklif etdilər – FOTOLAR

Devid Bekhem İngiltərənin keçmiş futbolçusudur. O, karyerası boyunca İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Yunayted”, “Preston Nors End”, ABŞ-ın “Los Anceles Qalaksi”, İtaliyanın “Milan” klublarının formasını geyinib.

UEFA Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, Superkubokunu qazanıb. Bekhem 20 illik futbolçu karyerası ərzində 19 dəfə zəfər əldə edib. Bunun da 10-u ölkə çempionluğudur.

Publika.az “II taym” layihəsi çərçivəsində 6 il (2000-2006) İngiltərə millisinin kapitanı olmuş Devid Bekhem haqqında məlumat verəcək.

O, 4 ölkədə çempion olan ilk ingilis futbolçusudur.

Çilingər ailəsində doğulub

Əsl adı Devid Robert Cozef Bekhemdir. Onun adı İngiltərə futbolunun şərəf lövhəsinə salınıb. Futbolçu 1975-ci il mayın 2-də Londonun Leytonstoun əyalətində anadan olub.

Onun atası Devid Edvard Alan çilingər, anası Sandra Ceorcina Uestin isə saç ustası olub. Uşaqlıqda futbola həvəsi olan Bekhem məktəb komandalarında oynamaqla məşhurlaşıb.

Bekhemin ana babası yəhudi olub. İngilis oyunçu bu səbəbdən özünü yarıyəhudi hesab edir. Bekhemin valideynləri “Mançester Yunayted” çılğın azarkeşi olub və müntəzəm olaraq Old Trafford stadionuna gediblər. “Mançester Yunayted”ə olan sevgi ona valideynlərindən keçib.

Milyonlar qazandıran klublar

O, Bobbi Şarltonun futbol məktəbinə yazılıb və “Barselona”nın təlim-məşqində iştirak edib. Hələ 12 yaşı olarkən Bobbi Şarltonun “yeni qabiliyyətlər” mükafatına layiq görülüb. İlk mükafatı Barselonadakı Nou Camp stadionuna gəzinti bileti olub.

Bekhem uşaqkən atasının çalışdırdığı “Ricuey Rovers” klubunda da oynayıb. Beckhemin liqada ilk çıxışı 1994-cü ildə “Preston Nors End” komandasında ehtiyat heyətində olub.

Bekhem “Mançeter Yunayted”dəki 27 illik məşqçilik karyerasını başa vuran Ser Alek Ferqüssonun kəşf etdiyi futbolçulardan biridir. Belə ki, 14 yaşında “Mançester Yunayted”in futbol akademiyası ilə müqavilə imzalayıb.

1993-cü ildən “Mançester Yunayted”in əsas heyətində çıxış edib. İngilis klubunda 265 oyuna 62 qol vurub. Bu klubla 6 dəfə ölkə çempionu olub, 2 dəfə İngiltərə Kubokunu qazanıb və UEFA Çempionlar Liqasının qalibi olub. Bekhem “M.Y” ilə müqaviləsi davam edərkən – 1994-1995-ci illərdə “Preston Nors End”də top qovub. Bekhem bu klubda 5 oyun keçirib və 2 qol vurub.

2003-cü ildə isə “Qırmızı şeytanlar”la vidalaşmalı olub.

2003-cü ildə 35 milyon avro qarşılığında Bekhem “Real Madrid” klubuna transfer olunub. “Real Madrid”in heyətində 1 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Superkubokunu qazanıb. Klubun heyətində 116 oyunda 13 qol vurub.

2007-ci ildə “Kral klubu”ndan ayrılan Devid Bekhem ABŞ-ın “Los Anceles Qalaksi” komandası ilə 5 illik müqavilə bağlayıb. Bu müqavilə kluba 250 milyon dollar başa gəlib. “Los Anceles”in heyətində 2 dəfə MLS Kubokuna sahib olub. Bu klubun heyətində ingilis yarımmüdafiəçi 6,5 milyon dollar qazanıb.

2011-ci ilin dekabrında Bekhemin müqaviləsi başa çatıb və o, klubla yenidən 2 illik müqavilə imzalayıb. Bekhemin “Los Anceles Qalaksi” klubunda son oyunu “Houston Dinamo” klubu ilə olub. O, bu oyunda son saniyələrdə əvəzlənib. Bu klubun heyətində Devid Bekhem 98 oyun keçirib və 18 qol vurub. 2012-ci ilin əvvəlində “Los Anceles Qalaksi” klubundan ayrılıb.

“Los Anceles Qalaksi”də çıxış etdiyi müddətdə Bekhem İtaliya “Milan”ında icarə əsasında – 2 dəfə 2009, 2010-cu illərdə 3 aylıq çıxış edib. Devid Bekhem Milanın heyətində iki dəfə İtaliya çempionatının bürünc medalını qazanıb.

Maaşını kimsəsiz uşaqlar fonduna bağışlayıb

Bekhem 2013-cü ildə Fransanın PSJ klubu ilə beş aylıq müqavilə imzalayıb. Bekhem PSJ-dən aldığı maaşın hamısını kimsəsiz uşaqlar üçün yardım fondlarına bağışlayıb. Bu klubun heyətində Bekhem 1 dəfə Fransa çempionu adına layiq görülüb.

Klub karyerasının sonu

Karyerasını bu klubda 2013-cü ildə başa vurub. Karyerasında son oyunu 18 may 2013-cü ildə Fransa çempionatında PSJ – Brest matçı olub. PSJ-nin 3-1 hesablı qələbə qazandığı bu oyunda Bekhem əsas heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.

PSJ 38 yaşlı oyunçu ilə daha bir ilik müqavilə imzalamaq istəsə də, Bekhem futbol oynamaq istəmədiyini bildirib.

Millidəki çıxışları

Devid Bekhem İngiltərə milli futbol komandasının heyətində ilk oyununu 1 sentyabr 1996-cı ildə Moldovaya qarşı keçirib. Həmin gün milli komandanın heyətində ilk dəfə debüt edib. Devid Bekhem İngiltərə yığmasında 115 oyunda 17 qola imza atıb. Onun millidə son matçı 2009-cu ilin oktyabrında olub. 2000-2006-cı illərdə 58 matçda İngiltərə yığmasına kapitanlıq edib.

Planetin ideal cütlüyü

1999-cu ildə Viktoriya Karolayn Adams ilə ailə qurub. Viktoriya kifayət qədər normal imkana malik ailədə böyüyüb. Onun atası satıcı, anası isə fermer olub. Viktoriya ailə qurmazdan öncə model işləyib. “Spice girls” qrupu onun həyatında silinməz izlər buraxıb. Viktoriya və Devid Bekhem planetin ideal cütlüklərindəndir. Onların 3 oğlu, 1 qızı var.

İlk döyməsi oğlunun adı olub

Bekhem hər zaman uğurlu çıxışları ilə yanaşı döymələri ilə də diqqət çəkib. Bədənində ilk döymə 1999-cu ildə müşahidə olunub. “Spice Girls”ün sabiq solisti Viktoriya ilə nikahdan ilk oğlu Bruklin anadan olanda o, oğlunun adını qotik xətlə belinə yazdırmışdı. Daha sonra isə futbolçunun tatuların sayı sürətlə artdı.

Zibilyığan nəslinin yetirdiyi ulduz

2009-cu ildə İngiltərənin Milli Arxiv İdarəsində olan 1911-ci ilə aid əhalinin sayı barədə məlumatlar internet vasitəsilə açıqlanmışdı.

Məlumatda bildirilib ki, ulu babası, daha dəqiqi, babasının babası zibilliklərdən lazımlı əşyaları toplamaqla məşğul olubmuş.

Bekhemdən Suriyalı uşaqlara dəstək

Devid Bekhem UNİCEF-in xoşməramlı səfiridir. Bu yaxınlarda Suriyadakı durumla bağlı mətbuat qarşısına keçən Devid Bekhem dünya ictimaiyyətinə səslənərək suriyalı uşaqların acınacaqlı vəziyyətini unutmamağa çağırıb.

Bekhem qeyd edib: "Bu münaqişə uşaqların deyil. Lakin onlar bu ağır yükün əzabını çəkir. Onları qorumaq üçün bizə kömək etməyinizi istəyirik. Sizlərin edəcəyi yardımlarla uşaqlar üçün xəstəliklərə qarşı vaksinlər almaq, təhsillərini davam etdirmələrinə şərait yaratmaq mümkün olacaq”.

Haqqında kitab yazılıb

İngiltərə milli komandasının və “Milan”ın futbolçusu Devid Bekhem haqqında kitab yazılıb. Kitabı ABŞ-da yayımlanan “Sports Illustrated” jurnalının yazarı Qrant Uol qələmə alıb. “Bekhem təcrübəsi” adlanan kitabda əsasən futbolçunun transfer hüquqlarının məxsus olduğu “Los Anceles Qalaksi” klubu rəsmilərinin və komanda yoldaşlarının müsahibələri yer alıb.

Nəşrdə 34 yaşlı yarımmüdafiəçinin 2007-ci ildə 250 milyon dollar müqabilində “Los Anceles Qalaksi”yə transferinə toxunulub. Bundan başqa, ingilis futbolçunun şəxsi həyatından da söz açılıb. Kitabda onun həyat yoldaşı Viktoriya ilə yaşayışı, həmçinin məşhur aktyor Tom Kruzla dostluğu barədə də yazılıb.

Tom Kruz və Devid Bekhem: dost yoxsa sevgili?

Qeyd edək ki, Tom Kruzun Keyt Holmsla 5 illik evliliyinin bitməsi ilə bağlı bəzi iddialar ortaya atılmışdı. Bunlardan ən şok effekti yaradanı isə Hollivudun ən məşhur maqazin saytlarından olan "Dramarama" yazıb. Saytın iddiasına görə, Keyt Holms ərini ailə dostları olan futbolçu Devid Bekhemlə bir yataqda yaxalayıb.

Məlumata görə, iki tanınmış kişi arasındakı münasibətlərin dostluq çərçivəsini keçdiyini və onların arasında intim münasibət yarandığını hiss edən ulduz boşanmağa qərar verib.

Amma qeyd etdiyimiz kimi, bu sadəcə bir iddia idi və heç sübutunu da tapmadı.

Planetin ən varlısı

Devid Bekhem planetin ən varlı futbolçuları siyahısına başçılıq edir. Mətbuatda yayılan məlumatlara görə, futbolçunun varidatı 280 milyon dollardan çox təşkil edir.

“BBC”nin məlumatına görə, Devid Bekhem bu sıralamada iki digər ulduzu qabaqlayıb – Lionell Messi (“Barselona”) və Kristiano Ronaldonu (“Real”).

Bekhemin adı “Forbes” jurnalı 2011-ci ilin ən yüksəködənişli idmançılarının siyahısında, adətən, ön sıralarda olub. (Devid Bekhem (futbol) - 46 milyon dollar)

Bekhem cütlüyünün İngiltərə, ABŞ, Dubay və Fransadakı evlərində 50 işçi çalışır.

Bundan əlavə, futbolçu maşın kolleksiyasına maraq duyur. Onun 40 avtomobili var. Bekhemin bu günədək sahib olduğu 40 avtomobil arasında “Porsche 911 Cabriolet”, “Rolls-Royce Drophead Coupe”, “Range Rover Sport”, “Jeep Wrangler”, “Aston Martin Vanquish” də var.

Biznesə qoşulub

Bekhem 2011-ci ildən biznesə girişib. Viktoriya Bekhem alt paltarları kolleksiyasını satışa çıxarandan sonra Devid də kişilər üçün alt paltarları və parfümeriya istehsalına başlayıb. Futbolçu “Bodywear” adlı alt paltarları və “Homme” adlı odekolonun satışlarına başlayıb.

Xatırladaq ki, 2007-ci ildə “Emoprio Armani” modalar evinin reklam siması olan Bekhem şirkətin gəlirlərinin iki dəfə artmasına səbəb olmuşdu.

2.5 milyonluq qəsrini 12 milyona satdı

1999-cu ildə yeni ailə quran Devid və Viktoriya Bekham cütlüyü ingilis qraflığında yerləşən məşhur “Hertfordşir qəsri”ni 2.5 milyon dollara almışdı.

Cütlüyün bu evinə Bekhemin bu malikanəsinə ingilis kral ailəsinin Londonda sarayı olan “Bekingem Sarayı” adına və Bekhemin soyadına uyğun olaraq "Bekinqem Sarayı" adlandırılıb.

Futbolçu İngiltərədəki karyerasını başa vurduqdan sonra Bekhemlər ailəsi bu evi satmalı olub.

Mülkün yeni sahibləri ərazi üçün 12 milyon dollar ödəyib. Malikanənin satılmasına səbəb məşhurların son illər orada yaşamamaları olub. Bekhemlərə yaxın mənbənin verdiyi məlumata görə, qəsrin satışı ailə üçün "yeni eranın başlanğıcı"nı simvolizə edir.

Bekhemin xanımının şok açıqlaması

Dünyanın ən məşhur futbolçularından olan Devid Bekhemin model xanımı Viktoriya Bekhem şok açıqlama verib.

O, ingilis mediasına verdiyi müsahibədə həyat yoldaşı Devidə hər zaman sadiq olduğunu söyləyib: “Ərimi çox sevirəm. Hər zaman ona sadiq qalmışam. Məni istəyən, mənə sahiblənmək istəyən kişilər çox olub. Lakin mən heç vaxt ona xəyanət etməmişəm. Hətta bir dövlətin prezidenti mənimlə yatmaq üçün 5 milyon avro təklif etmişdi. Məndən “yox” cavabı alanda çox məyus oldu".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm