Qızıllar, gümüşlər və gələcəyə ümidlər
Bizi izləyin

İdman

Qızıllar, gümüşlər və gələcəyə ümidlər

Qızıllar, gümüşlər və gələcəyə ümidlər

Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunları başa çatdı.

Güləş üzrə ölkə yığma komandasının üzvləri Olimpiya oyunlarında tam heyətlə təmsil olundu.

Publika.az xəbər verir ki, Güləşçilərimiz Olimpiya Oyunlarına vəsiqələri bu ilin may ayında Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında əldə etmişdi. Sərbəst güləşçilərimiz 3 çəkidə, yunan-Roma güləşçilərimiz və qadın güləşçilərimiz isə hər biri 2 çəki dərəcəsində Olimpiya Oyunlarına lisenziya qazanmışdı. FİLA-nın reqlamentinə əsasən isə, hər bir ölkə sərbəst və yunan-Roma güləş növlərində maksimum 2, qadın güləşində isə 1 idmançı ilə Olimpiadaya qatıla bilərdi.

Ölkəmizi sərbəst güləş yarışlarında Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), qadın güləşçilərin yarışında Leyla Qurbanova (52 kq), yunan-Roma güləşi üzrə yarışlarda isə Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil etdi.

Güləşçilərimizin hər biri inamlı mübarizə apardı və onlardan 3-ü qızıl, 2-si gümüş medal qazanmaqla Azərbaycanın güləş ölkəsi olduğunu bir daha sübut etdi.

Güləş yarışlarının ilk günündə mübarizə aparan yunan-Romaçılarımız Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) finala qədər inamla irəlilədi. Finalda rəqibindən üstün olan İslambek Dadov qızıl medal qazandı və Olimpiya çempionu oldu. Cabbar Nəcəfov isə gümüş medala layiq görüldü.

Yeniyetmə qızların mübarizəsində təmsilçimiz Leyla Qurbanova (52 kq) finala qədər inamla güləşdi. Ancaq final görüşündə Yaponiyadan olan rəqibinə uduzub, Olimpiya Oyunlarını ikinci sırada tamamladı və gümüş medala layiq görüldü.

Olimpiya oyunlarının son günündə mübarizəyə sərbəst güləşçilər qoşuldu. Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq) həm yarımqrup görüşlərində, həm də final görüşündə uğurla çıxış edərək ölkəmizə bir gündə 2 qızıl medal qazandırdı.

Xüsusilə qeyd etmək lazımdır ki, Olimpiya çempionlarımız keçirdikləri görüşlər ərzində rəqiblərinə birlikdə cəmi 1 xal verdi. Belə ki, İslambek Dadov bütün görüşlərini 13:0, Teymur Məmmədov 39:0, İqbal Hacızadə isə 31:1 hesablı qələbələrlə başa vurdu.

Qeyd edilməli olan daha bir məqam isə, sərbəst növdə mübarizə aparan güləşçimiz Teymur Məmmədovun bu il iştirak etdiyi bütün mötəbər yarışlarda fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmasıdır. Belə ki, 2014-cü il ərzində qatıldığı Avropa və Dünya çempionatları, həmçinin Olimpiya Oyunlarında qızıl medal qazanan güləşçimiz ona bəslənilən bütün ümidləri doğrultdu.

Yeniyetmə güləşçilərimizin Olimpiya Oyunlarında qazandığı bu nailiyyət, bütövlükdə Azərbaycan Güləş Federasiyasının sistemli və düzgün istiqamətli fəaliyyətinin nəticəsi olmaqla yanaşı, Azərbaycan güləşinin gələcəyinin etibarlı əllərdə olduğunun göstəricisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm