Azərbaycanlı iş adamını ittiham etdilər: “O, yalnız yatarkən yalan danışmırdı”
Bizi izləyin

İdman

Azərbaycanlı iş adamını ittiham etdilər: “O, yalnız yatarkən yalan danışmırdı”

Azərbaycanlı iş adamını ittiham etdilər: “O, yalnız yatarkən yalan danışmırdı”

“Turan”ın keçmiş baş məşqçisi Naci Şensoy heç vaxt dilini dinc saxlamayıb.

Tovuzda işləyərkən də dilinin bəlasına düşmüş, AFFA tərəfindən cəzalanmışdı. Həmişə həqiqəti deməsi ilə seçilən Şensoy Publika.az-a verdiyi müsahibədə futbolumuzda baş verən hadisələrdən danışdı.

- Naci bəy, Azərbaycan necə gəldiniz?

- 2000- ci ildə Azərbaycan əsilli bir dostum burda işləmək istəyib-istəmədiyimi soruşdu. Dedi ki, Azərbaycan yeni müharibədən çıxıb. Onlara hərtərəfli kömək etmək lazımdır. Sən də oraya get və Azərbaycan futbolunun inkişafına kömək et.

Pul haqda heç nə danışmadıq. Mən de “niyə olmasın” dedim və Vidadi Əhmədovun prezident olduğu “Turan” klubuna getdim. Bununla da Azərbaycan futbol tarixində ilk əcnəbi məşqçi oldum.

Azərbaycan müharibə vəziyyətində idi. İşləmək üçün şərait çox da yaxşı deyildi.

Futbolçular üçün yemək bəzən olur, bəzən olmurdu. Tovuzda işıqlar tez-tez sönürdü. Qaldığımız bazada işıq ümumiyyətlə yox idi . Xatırlayıram, bir dənə “generator” var idi. Amma generatoru çalışdırmaq üçün mazut almağa pulumuz da yox idi. Çox vaxt axşamlar məşq proseslərini şam işığında keçirdik. Futbolçular əşyalarını özləri əlləri ilə yuyurdu. Çünki xadimə və paltaryuyan maşın belə yox idi. Bir neçə dəfə getmək ağlımdan keçdi. Ancaq öz-özümə “əmanətə xəyanət olmaz” deyirdim. Düşündüm ki, mütləq qalmalıyam, ən azından bu mövsümü başa vurmalıyam.

- İlk gəlişinizdə nə qədər işlədiniz?

- 4 ay – yarım mövsüm işlədim. Çünki dediyim kimi, şərait çox həvəskar səviyyədə idi. Sadəcə olaraq, məni ora aparan dostumun ürəyini qırmamaq üçün o mövsümü başa vurdum .

Bundan sonra 2004- 2005-ci illərdə ikinci dəfə Azərbaycanda işləmək üçün qayıtdım. Amma bu dəfə şərait çox peşəkar şəkildə idi. Məni o vaxt AFFA prezidenti olan rəhmətlik Ramiz Mirzəyev dəvət etdi və dedi ki, sənin işini tovuzlular çox bəyənib, gəl, Azərbaycan futbolunun səviyyəsini əl-ələ verib qaldıraq.

Mən də sevə-sevə gəldim. Artıq şərait dəyişmişdi və 1,5 milyon dollarlıq illik büdcə vardı. Bunu da o dövrdəki prezident Tahir Yusifov təmin etmişdi. Amma qarşımızda “Neftçi” , “Karvan”, “Qarabağ”, “Xəzər Lənkəran” və “İnter” kimi 10 -15 milyon dollarlıq büdcələri olan komandalar vardı. Buna baxmayaraq biz həmin mövsümü 4-cü yerdə başa vurduq.

- Naci bəy, Azərbaycan futbolunda danışılmış oyunların olduğunu deyirlər. Sizə “bu oyun verilməlidir” dedilərmi?

- Xeyir olmadı. “Turan”da 3 dəfə işlədim və dediyim kimi, birinci çox qısa davam etdi, ikinci gəlişimdə (2004-2005) liqada iddialarımız var idi və bu cür spekulyasiyalara girmək kimi bir olay olmadı . Üçüncü dəfə isə - 2010-2011 mövsümündə, Musa Süleymanov dövründə yenə sadəcə yarım mövsüm işlədim və bu dövrdə Azərbaycanın bəzi komandalından oyunu uduzmağımızla bağlı təzyiqlər olsa da, bunu reallaşdıra bilmədilər. Çünki Musa Süleymanov mənim xasiyyətimi çox yaxşı bilirdi. O, belə bir təklif gəlsə ona necə cavab verəcəyimi çox yaxşı bilirdi.

- Konkret hansı klublara oyun verməyiniz tələb edilirdi?

- Baxın, hər ölkədə idmanın ən böyük düşməni oyun “alqı – satqısı”dır. Son illərdə mərc oyunlarının ortaya çıxması ilə bu, daha da geniş vüsət aldı. FİFA və UEFA bunlara qarşı çıxaraq böyük mübarizə aparır. Hətta mərc oyunlarını bağlamaq istəyirlər, ancaq dünyanın ən böyük klubları buna qarşı çıxır.

Dünya futbol camiəsi İtaliyada, Yunanıstanda Türkiyədə bu cür oyun “alqı-satqısı” hadisələri ilə qarşılaşıbsa, biz Azərbaycanı necə kənara ata bilərik?! AFFA bu cür olayların qarşısını almağa çalışır.

- “Turan”ın sizə 120 min borcu var idi. Komanda adını dəyişəndən sonra o borc da batdı deyəsən...

- Bilirsiniz, sonuncu dəfə “Turan”da işlədiyim vaxt 2 illik müqaviləm var idi. Amma çox uğurlu olduğumuz bir mövsümdə Musa Süleymanov mənim müqaviləmi birtərəfli şəkildə pozdu.

Mən də belə bir hərəkətə layiq olmadığım üçün Musa Süleymanovdan UEFA-ya şikayət etdim, məhkəməyə verdim, Musa Süleymanovun mənə təzminat ödəməsini tələb etdim. Ancaq məhkəmə işi iki il davam etdi. Musa Süleymanov da “Turan”dan ayrılmışdı. Buna görə məhkəmə işi açılar-açılmaz öz vəkilimə bir təklif irəli sürdüm.

Dedim ki, sənin bu məhkəmə işini udmaq şansın nə qədərdir? O da mənə “mən peşəkar idman vəkiliyəm. İndiyə qədər yüzlərlə belə məhkəməni qazanmışam. Əminliklə deyə bilərəm ki,100 faiz məhkəməni qazanacağıq”.

Mən də ona dedim ki, çox əminsənsə o zaman sən mənə indi 30 min dollar dolar ver, mən də sənə bu məhkəmə işini verirəm. Məhkəməni qazandığın zaman 120 min dollar sənin olacaq. Beləliklə, məhkəməni vəkilimə həvalə etdim.

2 il sonra UEFA mənim haqlı olduğuma qərar verdi. Ancaq “Turan” Premyer Liqadan çıxmışdı və adını dəyişdirmişdi. Bununla da sadəcə, mənim vəkilim yox, “Turan”dan alacağı olan bütün insanlar pullarını ala bilmədilər.

Mən isə ağıllı hərəkət edərək 120 min dollar yox, 30 min dollar aldım. Vəkilim isə bu məhkəmədə 30 min ziyana düşdü.

Onu vurğulamaq istəyirəm ki, mənim məhkəmə işim “Turan”la deyildi, mənə qarşı haqsızlıq edən Musa Süleymanovla idi. Xahiş edirəm, bu məsələ hər kəs tərəfindən belə bilinsin.

- Musa Süleymanovla problemləriniz nədən başladı?

- Musa Süleymanov uğurlu iş adamı və ağıllı biridir. Ancaq o, öz şirkətini idarə etdiyi kimi, futbolu da elə idarə etmək istəyirdi. Məni dəvət etdiyi zaman “Turan”la “Simurq”un 12 xalı var idi, mövsümün yarısı bitmişdi. Bu iki klubdan biri mütləq liqadan çıxacaqdı. Çünki bizdən aşağıda olan MOİK-in sadəcə 5 xalı var idi.

Premiyer Liqadan çıxacağına əmin olan Süleymanov mənə “əgər “Turanı” liqada saxlasan, uğurlu olarsan” dedi.

Mövsümün sonunda “Turan” “Simurq”dan 9 xal çox topladı. “Simurq” isə liqadan düşmüşdü. Ancan AFFA o il sadəcə MOİK-i liqadan saldı, “Simurq”u saxladı .

Musa Süleymanov da çıxıb mətbuata dedi ki, “Naci Şensoy uğursuzdur, mənə ən az kuboku qazanacağına söz vermişdi”.

Mən bunu Musaya necə söyləyə bilərəm?! Axı komanda az qala liqadan düşəcək bir vəziyyətdə idi. Mənə təşəkkür edəcəyi halda, kubok qazanmağı tələb edirlər.

18 yaşlı Akif Tağıyev, 19 yaşlı Cavid Tağıyev, Fərmail Əliyev kimi cavan futbolçularla kuboku necə qazana bilərdim? Həm də “Neftçi”, “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran” kimi “qurd” komandalar var ikən. Buna görə Musa ilə işləmək mümkün deyildi və yollarımız ayrıldı.

- Musa Süleymanov klub daxilində necə biri idi?

Musa Süleymanov tək kəlimə ilə futbol adamı deyildi və çox yalan danışırdı. O, sadəcə yatdığı zaman yalan danışmırdı. Futbolçular da buna görə ondan çox narazı idi. Bu səbəbdən onun haqqında çox da danışmaq istəmirəm. Baxın, mən o klubdan ayrıldım, yenə məşqçiliyə davam edirəm. Bəs o niyə başqa kluba rəhbərlik edə bilmir? Bizdə belə bir söz var, “çünki yalançının şamı işa vaxtına qədərdir”.

- Açıq fikirli olduğunuz üçün başınıza bir hadisə də gəlib. Sizi iki illik cəzalandırmışdılar...

- Bəli, mənə iki il Azərbaycanda işləmək qadağasını AFFA-nın keçmiş baş katibi Fuad Əsədov vermişdi. Çünki mən açıq sözlü bir insanam. Azərbaycanda çatışmazlıqları heç qorxmadan və çəkinmədən deyirdim. Bu da bürokrat mənşəli bir rəhbər olan Fuad Əsədovun maraqlarına uyğun gəlmirdi. O vaxt AFFA-nın prezidenti Ramiz Mirzəyev mənə çox hörmət edirdi. Hətta mənə Torresdən sonra yığmanı çalışdırmağı təklif etmişdi. Amma qismət olmadı, Ramiz müəllim də rəhmətə getdi.

Bunu Fuad Əsədov qısqanırdı və əlindən gələni edirdi ki, mən yığmada işləməyim. İndi mən soruşuram, Fuad Əsədov hardadır? Heç kim bilmir və heç kim maraqlanmır. Ancaq Naci Şensoy 2 il qadağa aldıqdan sonra belə Azərbaycana 3-cü dəfə gələ bildi, “Turan”ı yenidən çalışdırdı. İndi də işləməyə davam edirəm.

- Mustafa Dənizli, Oğuz Çətin, Bülənt Qorxmaz kimi məşqçilər Azərbaycanda uğursuz oldu...

- Müharibədən yeni çıxmış bir ölkənin futbolunda çətin vəziyyətdə çalışdım. Belə bir şəraitdə Azərbaycan futbolunun inkişafı üçün çalışdım, fədakarlıq etdim. Sizin saydığınız məşqçilərlə mənim aramda fərq var. Mən işimə çox ideal bir şəkildə, Azərbaycan futboluna bir şeylər qata bilmək psixologiyası ilə çalışdım. Onlar isə tam əksinə, bir şeylər vermək üçün yox, bir şeylər almaq üçün Azərbaycana gəldilər.

Görürsünüz, onların və mənim aramdakı keyfiyyət fərqi budur. Bax, həyatda da bu belədir, əgər bir insan etdiyi işə əlinin yanında ürəyini və ruhunu versə, o zaman uğur gəlir. Yoxsa, başqa cür uğurun gəlməsi mümkün deyil.

- Azərbaycanda yenidən işləmək istəyərsiniz?

- Azərbaycan futbolunda işləmiş , idman camiəsi tərəfindən çox sevilmiş , təqdir edilmiş bir məşqçi olaraq yenə Azərbaycanda işləməyi çox istəyirəm. Ancaq açıq danışaq, Azərbaycan klublarının rəhbərləri mənim kimi xarakteri olan , sözü üzə deyən bir məşqçi ilə işləməyə müsbət yanaşmırlar, nədənsə çəkinirlər. Çünki psixoloji olaraq mənim kimi bir məşqçi ilə işləməyə özlərini hazır görmürlər. Mən bu vəziyyətdə nə edə bilərəm ki?!

Allah xatirinə, xatırlayırsızsa, Torres hansısa oyuna Azərbaycan yığmasının deyil, Braziliyanın formasında çıxmışdı. Mən də onu tənqid etdim.

Xəqani Məmmədov "Turan" - "İnter" matçından sonra qatarda “İnter” rəhbərliyi ilə araq içərkən, rüşvət alarkən tutuldu. Mən onu necə tənqid etməyim?

İndi isə həmin Xaqani Məmmədov hakimlərin başında Azərbaycan futbolunun yolunu çəkir. Allah xatirnə, mən bu vəziyyətə necə susa bilərdim? O dövrdə "İnter"in başında olan Konkov dedi ki, AFFA "Turan"ı çempion etmək istəyir, AFFA rəhbərliyi mütləq getməlidir. Bu zaman mən "Turan"ın məşqçisi olaraq reaksiya göstərməməliydim?

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm