• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Olimpiya çempionunun məşqçisi Çindəki qələbənin sirrini açdı – FOTOLAR

  • İdman
  • 30 Avqust 2014 11:15
  • 643 Baxış
Olimpiya çempionunun məşqçisi Çindəki qələbənin sirrini açdı – FOTOLAR

Çinin Nanjinq şəhərində keçirilən Gənclərin Yay Olimpiya Oyunları Azərbaycan taekvondosu tarixinə qızıl hərflərlə yazıldı.

Belə ki, bu mötəbər yarışda 4 taekvondoçu ilə təmsil edilən Azərbaycan 1 qızıl və 1 gümüş medal əldə etdi. Səid Quliyev (-73 kq) olimpiya çempionu kimi Azərbaycan himnini səsləndirən şəxs oldu. Ceren Özbek (-44 kq) isə yalnız finalda məğlub olaraq olimpiadanın gümüş medalına layiq görüldü. Bu medallar Azərbaycanın taekvondo idman növü üzrə Olimpiya Oyunlarından qazandığı ilk medallardır.

Taekvondo üzrə Olimpiya çempionu- Səid Quliyevin şəxsi məşqçisi, eləcə də Azərbaycan Taekvondo Federasiyasının yeniyetmələrdən ibarət yığma komandasının böyük məşqçisi Sənan Həşimov Publika.az-a verdiyi müsahibədə bu uğurun sirrini açıqladı.


Öncə Nanjinqdə keçirilmiş Gənclərin Yay Olimpiya Oyunlarından danışaq…

- Öncə Azərbaycanın taekvondo ailəsini böyük qələbə münasibətilə təbrik edirəm. Bu möhtəşəm qələbədə əziyyəti olan hər kəsə öz təşəkkürümüzü bildiririk. Ölkə prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir ki, Azərbaycan idman ölkəsi kimi böyük nailiyyətlər əldə edir. Həmçinin, Azərbaycan Taekvondo Federasiyasının prezidenti, cənab Kəmaləddin Heydərovun federasiya prezidenti kimi taekvondo idman növünə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində, idmançılarımız ayrı-ayrı mötəbər yarışlarda yüksək nəticələr qazanırlar. Bu dəfəki qalibiyyət də məhz həmin qayğının bir daha təzahürüdür. Federasiyanın vitse-prezidentləri Nağı Səfərova və Niyaməddin Paşayevə dərin minnətdarlığımı bildirirəm. Onlar qələbəyə gedən bu yolda öz köməkliklərini göstərmiş oldular.

Azərbaycanın taekvondo tarixində ilk dəfə olaraq Olimpiya Oyunlarında idmançımız qızıl medal qazandı. Həmin taekvondoçunun şəxsi müəllimi kimi təəssüratlarınız nədən ibarətdir?

- Azərbaycan taekvondosu nəhayət ki, öz sözünü Olimpiya Oyunlarında da dedi. Belə ki, 4 taekvondoçumuzdan ikisi finala vəsiqə qazandı. Medallardan hər ikisi qızıl ola bilərdi, amma biri qızıl, biri gümüş oldu. Təbii ki, bu nəticə taekvondomuz üçün böyük nailiyyətdir. Məhz tələbəm Səid Quliyevin olimpiya çempionu olması isə mənim üçün bir başqa sevindirici haldır. Onun şəxsi müəllimi olaraq ürəyimdə xoş sözlər kifayət qədərdir. Ancaq mən bu dəqiqə onları ifadə edə bilmirəm. Düşünürəm ki, fəxr etməyə dəyər və əziyyətimiz hədər getməyib.

Səidin Olimpiadaya hazırlığı barədə danışaq. Bu mötəbər yarışa necə köklənmişdi?

-Səid bu ilin mart ayında gənclər arasında dünya birinciliyində son saniyələrdə qızıl medalı əldə vermiş, gümüş medal qazanmışdı. O andan etibarən Səid qarşısına məqsəd kimi Olimpiya çempionu olmağı qoymuşdu. Özünü tam şəkildə Nanjinq Yay Olimpiya Oyunlarına kökləmişdi. Təlim-məşqlərdə özünü yaxşı tərəfdən göstərən Səid, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun etimadını doğrultdu. Bir sözlə, çəkilən əziyyət yerdə qalmadı.

Sənan müəllim, qələbəyə nə dərəcədə inanırdınız və bu sizin üçün nə deməkdir?

-Səid olimpiadaya qədər bir çox beynəlxalq yarışların qalibi idi. Nanjinq Olimpiadasına lisenziya verən turnirin gümüş mükafatçısı oldu, həmçinin, eyni vaxtda gənclər arasında dünya birinciliyinin gümüş medalını əldə etdi. Onun belə uğurlu nəticələri bizdə böyük ümidlər yaratmışdı. Allaha şükürlər olsun ki, ümidlərimiz boşa çıxmadı. Bu isə tək mənim üçün deyil, bütün Azərbaycan xalqı üçün, Azərbaycan idmanı üçün, Azərbaycan taekvondosu üçün böyük qələbədir. İnanıram ki, bu, böyük qələbələrimizin başlanğıcıdır.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR