"Baku United" UEFA Kubokunun əsas mərhələsinə yüksəldi
Bizi izləyin

İdman

"Baku United" UEFA Kubokunun əsas mərhələsinə yüksəldi

“Bakılılar” Avropada zəfər yürüşünə davam edir.

Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının təsisçisi olduğu, İngiltərə çempionu "Baku United" klubu UEFA Futzal Kubokunun ilkin mərhələsi çərçivəsində "B" qrupunda sonuncu oyununu keçirib. "Baku United" Bosniya çempionu "Sarayevo" klubuna 6-3 hesabı ilə qalib gələrək UEFA Kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, "Baku United" son tura qədər qrupda keçirdiyi hər iki oyununda Qibraltarın "Qibraltar Skorpionz" və İsveçin "Malmö Siti" klublarına eyni nəticə ilə - 10-0 hesabı ilə qalib gəlib. "Sarayevo" klubu da ilk iki oyundan 6 xal toplamış və beləliklə "B" qrupunun qalibi son turda müəyyənləşəcəkdi.

Oyun Sarayevoda keçirildiyindən ev sahibləri çılğın azarkeşlərin dəstəyi ilə ilk dəqiqələrdən irəli atılaraq 2 qol vurmağa müvəffəq olublar. "Baku United" bu qollardan birinin əvəzini çıxsa da, Bosniya çempionu top fərqini yenidən 2-yə çatdırıb. Lakin ilk hissənin son dəqiqələrində "bakılılar" yenidən fərqi minimuma endiriblər. İkinci hissədə isə meydanda yalnız "Baku United" var idi. Komandamız rəqib qapısından ardıcıl olaraq 4 top keçirərək bu çətin qarşılaşmadan 6-3 hesablı qələbə ilə ayrılıb.

Qeyd etmək lazımdır ki, ötən sezon "Baku United" UEFA Kubokunun əsas mərhələsinə çıxan ilk İngiltərə komandası olaraq, İngiltərə futzal tarixində ilkə imza atıb. Bu sezonda da "Baku United" eyni uğuru təkrarlayıb.

UEFA Futzal Kubokunun əsas mərhələsində isə "Baku United"i daha çətin sınaq gözləyir. Belə ki, komandamız "ölüm qrupu" sayıla biləcək 5-ci qrupa düşüb. Bu qrupda Elit raunda iki vəsiqə uğrunda mübarizədə "Baku United"in rəqibləri Serbiya çempionu "KMF Ekonomak", İtaliya çempionu "Luparense" və Yunanıstan çempionu "Afina 90" klubları olacaqlar. Əsas mərhələnin oyunları sentyabrın 30-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm