• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

22 kişi və top olmaq istəyən qadının ”Mən varkən niyə…” ARZUSU

  • İdman
  • 1 Sentyabr 2014 13:55
  • 1 627 Baxış
22  kişi və top olmaq istəyən qadının ”Mən varkən niyə…” ARZUSU

Bütün adamlar yeni təəssürata meyillidirlər. Xüsusilə də, jurnalistika mühitində olanlar. Mən də istisna deyiləm.

Yeni təəssürat həm də onun üçün önəmlidir ki, beyinə qida verir, düşünürsən və ən əsası, düşündüklərini monitorda əks etdirə bilirsən. Yazı-pozu adamı üçün bundan maraqlı nə ola bilər ki? Keçim əsas məsələyə, yoxsa müqəddimələr uzandıqca uzanacaq. Nə isə. Abzasa mümkün qədər tez nöqtə qoyum ki, yazmaq istədiklərim klaviaturaya keçməmiş ölməsin.

Futbol izləmək qadınlar üçün, adətən, maraqlı olmur. Müxtəlif bəhanələr gətirə bilərlər, amma səbəb birdir – qadınlar açıq rəqabəti həzm edə bilmirlər, mübarizə onların anlamında həmişə gizli getməlidir, axı belədə teatrallıq daha güclü olur: ikibaşlı replikalar, yüz mənalı baxışlar, arxasında acı istehza gizlənən gülümsəmələr, arzuların bir addımlığına aparan göz yaşları, rəqiblərinə iltifat dolu jestlər, sevgililərinə qarşı üzlərindən əskik etmək istəmədikləri laqeydlik maskası. Futbolda bunlar yoxdur – hər şey ortadadır, açıqdır və hər şey bəlli qaydalarla tənzimlənir. Cərimələr də öz yerində. Üstəlik, qələbə də, məğlubiyyət də birgə qeyd olunur. Qadın isə nə qədər gizləməyə çalışsa da, daha çox fərdiyyətçidir, mülkiyyətçidir – ümumi heç nə...

Qadınların futbolla bağlı ən geniş yayılmış rəyləri bu şəkildə özünü büruzə verir: iyirmi iki yekə kişi bir topun arxasınca düşüb qovurlar. Amma əslində, maraqlı olan da elə budur ki, qadını top yerinə qoysaq, ona nəinki iyirmi iki, yüz iyirmi iki min pəsərtişkar belə azlıq edir. Sadəcə, qadın topu rəqib kimi görür. Mən varkən, niyə onun arxasınca düşürlər, niyə diqqət mənə yox, yaşıl meydana yönəlir. Bir sözlə, top qadının ən amansız rəqibidir. Çünki kişilərin futbol azarı bir çox hallarda qadına münasibətdən önə keçir. Qadın həmişə var, futbol isə bəlli saatlarda, bəlli yerdə…

Yenə müqəddimə uzun oldu. Keçim təəssüratlara. Yaşıl meydan, qara xallı dəyirmi ağ top, göy skamyalar, göz mənzərəsini tez-tez dəyişən hərəkət trayektoriyaları, həyəcanlı məşqçilər, çığıran azarkeşlər və başının üstündəki işıqlara meydan oxuyan cavan Ay. Hə, bəs nə bilmişdiniz, futbola qadın baxır. Onun üçün oyundan daha çox detallar maraqlıdır – yıxılan futbolçu rolamı girib, ya zədəsi ağırdır, xərək gələcəkmi, sarı vərəqəni cəzalı necə qarşılayacaq və sair və ilaxır…

Məsələn, dünən "İnter Arena" stadionunda keçirilən “Qarabağ”-“Bakı” qarşılaşmasında mən seçim qarşısında qaldım: kimə azarkeşlik etməli? “Qarabağ” son həftənin qəhrəmanıdır, ona azarkeşlik eləmək maraqlı deyil, çünki qələbə şansı daha çoxdur – meydana ikinci heyətlə çıxsa da. Üstəlik, bütün meydanda “Qarabağ” çığırtıları bakılı fanatların səsini batırır. Deməli, “Bakı”! İndi onlara qələbə daha çox lazımdır. “Qarabağ”la ən azı bərabərliyə nail olmaq onların özgüvənini artıracaq. Hə, mərhəmət hissi - qoy, onların da qapısında bayram olsun. Bir də, nə qədər gülməli səslənsə də, onların ağ-göy zolaqlı geyimləri daha maraqlı görünür. Qadın seçimini etdi. Hərçənd…

İndi də bu hərçənd barədə danışım. Hərçənd, qadın nə qədər mərhəmətli olsa da, o, qalibləri də sevir. Daha doğrusu, qalibiyyətə aparanı. Təbii ki, bütün oyun boyu meydançanın kənarında yolu Avroliqaya düşən Qurban Qurbanovu diqqətdən kənar buraxsam, olmazdı. Heyranlıq və bu heyranlığın yaratdığı qəzəb qığılcımları. Sonuncu barədə bir qədər ərtaflı danışım. Eqoist adamlar heyranlıqlarını özlərinə bağışlaya bilmirlər. Axmaq hissdir, həyatın bütün ritmini pozur, amma belədi də - adi bir qıcıq: çox da ki qalibsən, sən niyə mənim xoşuma gəlməli, beynimi məşğul etməlisən axı. Nə isə… Bir yandan, seçdiyim komandaya – “Bakı”ya azarkeşlik edirdim, o biri tərəfdən Qurban Qurbanova və eyni zamanda, onun yetirmələrinin qələbəsini istəmirdim. Deməli, bərabərlik – nə şiş yansın, nə kabab. Oyunun ilk dəqiqələrindən proqnozumu yanımdakı iş yoldaşım Əziz Əlibəyli ilə bölüşdüm. Azca əsəbiləşdi və gülümsədi. Yəqin, düşündü ki, qadın hara, futbol hara, üstəlik, meydanda “Qarabağ” idi. Amma oyunun gedişində etiraf etdi ki, “Bakı” heç də pis oynamır. “Səhvini” düzəltdim: çox yaxşı oynayır…

İlk dəfə stadionda oldum, maraqlı oyun izlədim, təəssüratlarımı dostlarla bölüşdüm, bir qonaqlıq vədələşməsi aldım, bir xeyli düşündüm, oturub yazdım və başa düşdüm ki, ikinci təəssürat da maraqlıdır.
Çünki heç vaxt heç nə təkrar olunmur.

Bir də başa düşdüm ki, futboldan çox az şey başa düşürəm. Amma bu onu sevməyə və izləməyə mane olmur. Borxes demişkən, biz haqqında heç nə bilməyəcəyimiz şeyləri daha çox sevirik…
Sevgi isə heç də pis şey deyil…

Xəbər lenti

DAHA ÇOX XƏBƏR