Qurban Qurbanov “Qarabağ”ın vəhhabiləri” söhbətini bağladı – FOTOLAR
Bizi izləyin

İdman

Qurban Qurbanov “Qarabağ”ın vəhhabiləri” söhbətini bağladı – FOTOLAR

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Gündəlik Teleqraf” qəzetinin “Brifinq” layihəsinin qonağı olub.

“Gündəlik Teleqraf” qəzetinin və “Publika.az” saytının əməkdaşlarının suallarını cavablandıran Qurban müəllim hədəflərindən bəhs etdi, qalmaqaldan uzaq durmasının sirrini açdı. Baş məşqçi Q.Qurbanov internetdən özünü tamamilə uzaq durmasının səbəblərinə də aydınlıq gətirdi. O, qadınların futbolla maraqlanmasına münasibətini bildirdi, “Qarabağ”dakı futbolçuların dini baxışı ətrafında geniş müzakirələrə redaksiyamızda son qoydu.

“Onlar məndən başqa heç kimə qulaq asmazlar”

Natiq Muxtarlı: Qurban müəllim, eyforiyadasınız?

- İnşallah, yox.

N.Muxtarlı: Bu sualı ona görə verdim ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinə düşəndən sonra siyasətçilərdən tutmuş aktyorlara, müğənnilərə, sadə azarkeşlərədək hər kəs “Qarabağ”ın uğurundan danışanda təbriki belə ünvanlayırdılar: “Təbriklər Qarabağ, təbriklər Qurban Qurbanov!” Kim olsa, başı gicəllənərdi...

- Hər şey normaldır. Düşünürəm ki, eyforiyada olmalı da deyilik. Çünki bu, bizim işimizdir. Biz buna iş kimi yanaşırıq. İdmanda biri qalib, biri məğlub olmalıdır. Bunu nəzərə alıb irəliləyirik.

N.Muxtarlı: Amma “Bakı” ilə oyunda futbolçularda eyforiya hiss olundu...

- Ona eyforiya deməzdim, sadəcə, böyük oyunlardan çıxıb bu oyuna köklənə bilməmək problemi ola bilərdi.

Aygün İlqarqızı: Futbolçularınızın xarakterlərinə görə narahat olduğunuzu demişdiniz...

- Çoxdan bəzilərinin xarakterinə görə narahatam. Bunu bir daha hiss elədim.

N.Muxtarlı: Avroliqanın qrup mərhələsinə düşmək, mənə elə gəlir ki, həm uzun, həm də çox çətin oldu.

- Doğrudan da, uzun oldu, amma düşünürəm ki, bir tərəfdən də bizim üçün maraqlı oldu. Mənim üçün də böyük təcrübə idi. Bəlkə, Avroliqaya birbaşa düşsəydim, onda eyforiyada olardım. Amma get-gedə təcrübənin çoxalması, böyük komandalarla oyunlar, məğlubiyyət və qələbələri hiss etmək işimizin xeyrinə oldu.

N.Muxtarlı: Amma əsl çətinlik bundan sonra başlayır. “Qarabağ” bu uğuru təkrarlamasa, təsadüf kimi qələmə veriləcək. Çətinlik bundadır, yükün altından necə çıxacaqsınız?

- Çətinlik ola bilər. Ümumən uğurlardan sonra futbolçuların xarakterində problem olur. Bütün bunlara hazıram.

Nərgiz Ehlamqızı: Futbolçuların psixoloji hazırlığı ilə şəxsən özünüz məşğul olursunuz?

- Demək olar ki, bütün məsuliyyəti öz üzərimə götürürəm. Çünki futbolçularla daha çox təmasda olan mənəm. Başqa kiməsə desəm ki, futbolçuların psixologiyası ilə məşğul ol, onda həm özüm narahat olaram, həm də onlar məndən başqa heç kimə qulaq asmazlar.

“Azərbaycanda keyfiyyətli futbolçu tapmaq çətindir”

Amil Hacıyev: Kimi oyuna kökləmək daha rahatdır: yerliləri, yoxsa legionerləri?

- Hərənin özünəxas çətin və asan dili var.

A.İlqarqızı: Legionerlərlə necə anlaşırsınız? Tərcüməçi vasitəsilə ünsiyyət istənilən səviyyədə alınır?

- Futbol dili, demək olar ki, birdir. Bəzi terminlər həm azərbaycanlılara, həm də legionerlərə tez çatır. Yaxşı tərcüməçimiz var. O, fikirlərimi tam izah edə bilir.

A.İlqarqızı: Bəs tərcüməçi əsəbinizi futbolçulara necə çatdırır?

- Onu kənardan görmək lazımdır (gülür).

N.Muxtarlı: Dias “Qarabağ”a gələndən təxminən bir ay sonra belə açıqlama vermişdi: Qurban Qurbanov mənə böyük qardaş kimidir. Hörməti dərhal necə qazanırsınız?

- (Gülür) Ağıllı futbolçular bəzən öz açıqlamalarında bunu tez ifadə edirlər. Amma məncə, həqiqəti deyib. Həqiqətən, mən təkcə məşqçi kimi yox, bir yoldaş kimi onlara fikrimi çatdırıram, gələcəkləri üçün çalışıram. İstəyirəm ki, bütün işləri uğurlu olsun və daha yaxşı futbolçu kimi yetişsinlər. Bəlkə, buna görə belə bir fikir formalaşıb.

N.Muxtarlı: Qurban Qurbanov əvvəllər deyirdi ki, strategiyam yerli futbolçularla çempion olmaqdır. Braziliyalılarla çempion olandan sonra əmin oldu ki, yerli futbolçularla çempion olmaq mümkün deyil?

- Yerli futbolçuların dəyərini bilməliyik. Yerli futbolçularla hər dəfə çempionluğun bir addımlığında qalmışıq. Ümumən götürsək, bütün komandalarda legionerlərin sayı çoxdur. Azərbaycanda 9 milyon əhalinin içində hazırda keyfiyyətli futbolçu tapmaq çətindir. Digərləri ilə başabaş mübarizə aparmaq üçün mütləq bir neçə legionerə ehtiyacımız var. Ola bilər ki, gələcəkdə yerli futbolçularla belə uğur əldə edək.

Dilqəm Əhməd: Sizi məşqçi həmkarlarınızdan kimlər təbrik elədi? İlk təbrik edən kim oldu?

- Demək olar ki, hamı təbrik etdi. Kimi mesaj göndərdi, kimi zəng elədi. Amma ilk kimin təbrik etdiyini xatırlamıram.

A.İlqarqızı: Bəs AFFA-dan təbrik gəldi?

- AFFA-dan oyundan dərhal sonra təbriklər gəldi. Səhəri günü Rövnəq müəllim (AFFA-nın prezidenti Rövnəq Abdullayev - N.E.) zəng edib təbrik elədi.

Amil Hacıyev: “Qarabağ” çempion olanda sonuncu oyunda mən orada idim, Sizin göz yaşınız vardı. Çempion olmaqla Avroliqanın qrupuna düşmək eyni hisslər idi?

- Fərqli hisslərdir. Demək olar ki, hər il eyni ssenari təkrar olunurdu. Avropa arenası başqadır, daxili çempionat başqa. Sadəcə, Avropada bu hissləri iki ayın içində, amma çempionatda il ərzində keçirirsən. Çempion olmaq mənə başqa cür təsir elədi.

D.Əhməd: Hamı düşünür ki, sizə Azərbaycan millisinin baş məşqçisi postu təklif olunacaq. Bəziləri isə deyir ki, hələ tezdir, “Qarabağ”ı uğura aparmaq lazımdır. Bəs özünüz necə düşünürsünüz, təklif gözlənilirmi, gəlsə, qəbul edərsinizmi?

- Açığı, hazırda bu barədə düşünmürəm. İşimi nəzərə alsaq, bu, mənim üçün böyük təcrübədir. İl boyu komandanı daim oyuna hazırlamaq, oyuna çıxmaq məşqçilik təcrübəsi üçün böyük köməkdir. Milli komandanın ola bilər ki, il ərzində 5-10 oyunu olsun. Bu, daha rahat olar. Böyük klublara gedib təcrübə toplamaq şansı da çox olar. Amma hazırda belə bir təklif yoxdur. Bu barədə düşünmürəm. Əlbəttə, hər bir məşqçi istəyər ki, milli komandanın başında olsun. Bu, bir imicdir, böyük təcrübədir. Klubdan başqa milli komandanın baş məşqçisi olmaq əlavə və çox fərqli təcrübədir. Masa arxasında təkliflər olanda geniş müzakirələr olacaq. Tam razılığa gələndən sonra belə bir təklifi qəbul etmək olar.

N.Muxtarlı: Berti Foqts demişdi ki, Qurban Qurbanov məndən sonra millinin baş məşqçisi olacaq. Artıq buna işarə vurulub. Amma bilirsiniz ki, millinin baş məşqçisi olmağınızın tamamilə əleyhinəyəm. Məşqçi kimi Sizi itirmək istəmirəm. Səbəbini deyim: Avroliqa oyununda meydana 8 legionerlə çıxan Qurban Qurbanov milli komandada 11 yerli futbolçunu oynadacaq. Əminsiniz ki, yerlilərlə nəyəsə nail olacaqsınız?

- Mən heç bu gün də əmin deyiləm ki, 8-10 legionerlə meydana çıxsam, uğur əldə edə bilərəm. Futbolda mümkünsüz heç nə yoxdur. Get-gedə düşünürəm ki, bizim futbolçuların təcrübəsi də artır. Amma bu suala milli komandada baş məşqçi olsam, tam cavab verə bilərəm, uğur əldə etmək olar, ya yox.

“Qarabağ”a qarşı bir az fərqli münasibətin şahidi oluram”

A.İlqarqızı: Qalmaqaldan uzaqsınız. Özünüzü necə qoruyursunuz? Haqqınızda kiminsə dediyi fikri şərh eləməkdən imtina etməklə buna nail olursunuz?

- Qalmaqaldan doğrudan uzağam. Qalmaqal elə bir şeydir ki, buna başladınsa, bu, daima uzanır. Bakı kiçik şəhərdir, hamı bir-birini tanıyır, bütün futbol ictimaiyyəti, futbol mütəxəssisləri, veteranlar haqda məlumatım var. Belə bir sual mənə gələndə, təxmini bilirəm ki, o insan necə insandır, bu sözü işlədə, deyə bilərmi, yaxud bundan mənə ziyan gələrmi? Hər birini tanıdığıma görə belə suallardan uzaq dururam.

D.Əhməd: Legionerlər təmsil etdikləri rayonu görüblərmi? Ağdamı görüb tanımaq imkanı əldə edə biliblər?

- Görənlər də var. Amma yeni gələn legionerlər görməyib. Qalanları görüb, hətta orada oyun da oynamışıq.

N.Ehlamqızı: Belə iradlar səslənir ki, bizim azarkeşlər bir o qədər də sadiq deyil. Oyunu yarımçıq tərk edirlər. Azarkeşlərdən razısınız?

- Bizim azarkeşlər “Zalsburq”la Bakıda keçirilən oyunda göstərdilər ki, azarkeşlik edə bilirlər, çox çılğındırlar və komandaya sadiqdirlər. Həqiqətən, azarkeşlərin bizim evdəki oyunda qələbə qazanmağımızda böyük köməyi oldu. Hər şey çempionatımızdan asılıdır. Çempionatımızda azarkeşlərin sayı çox olsa, get-gedə azarkeş mədəniyyəti də formalaşacaq. Avropa oyunlarında azarkeşlərimiz yaxşı nəticə, qələbə görmək istəyir. Bizim azarkeşlər özlərini oyuna hazırlayanda komandanı sona kimi, hətta məğlub olanda da dəstəkləyir.

N.Ehlamqızı: “Qarabağ”ın oyunlarına həm “Neftçi”, həm “Xəzər-Lənkəran”ın azarkeşləri, həm də sıravi insanlar gəlir. Bu, komandanın oyununun, yoxsa Qarabağ amilinin nəticəsidir?

- Düz qeyd elədiniz ki, son vaxtlar “Qarabağ”a simpatiya çoxalıb. Bəzi rayonlarda oluruq, şəhərdə olanda da komandamıza və hətta özümə qarşı insanların fikri başqa cürdür. Həm Qarabağ adı, həm də son vaxtlar yaxşı təbliğatın aparılması “Qarabağ”a qarşı insanlarda fərqli hiss yaradıb. Komandaya qarşı sevgi var. Bu sevgiyə görə hər bir azarkeşə minnətdarlığımı bildirirəm. Get-gedə “Qarabağ”a qarşı bir az fərqli münasibətin şahidi oluram.

A.İlqarqızı: Bir dəfə demişdiniz ki, qadınların stadionda futbol izləməsinin əleyhinəyəm. İndi qadınlar məhz “Qarabağ”a və Qurban Qurbanova görə stadiona gəlir. Özünüzü günahkar sayırsınız?

- Olmasa, daha yaxşıdı (gülür). Bu gün azarkeşlik bizdə tam formalaşmayıb. İstər-istəməz, biri söyüş söyür, biri nalayiq ifadə işlədir, insanlar eyni deyil. Biri hirsindən ağzından söz qaçırır. İstəmirəm ki, xanımlarımız o söyüşləri eşitsin. Ona görə demişdim ki, qadınların stadiona gəlməsinin əleyhinəyəm. Hətta mən futbol oynadığım dövrdə qardaşımın da stadiona gəlməsini istəmirdim. Azarkeş belədir ki, yeri gələndə futbolçunu da söyür, nalayiq ifadələr işlədir. Qardaş da eşidəndə reaksiya verəcək, dava düşəcək.

A.İlqarqızı: Övladınız “Qarabağ”ın oyunlarına baxmağa gəlir?

- Oğlum gəlib baxır.

Rəbiqə Nazimqızı: Bəs ailənizdəki xanımlar televiziyadan oyunları izləyirlər? Qadın olaraq futbola maraqları varmı? Yoxsa, Sizə görə baxırlar? Evinizdə xanımların futbola münasibəti necədir?

- Özlərindən soruşsam, deyəcəklər ki, sənə görə baxırıq, futbolu sevirik. Amma dəqiq bilmirəm, bəlkə də, heç xoşlamırlar futbolu (gülür).

A.İlqarqızı: Evdə televizorun pultu kimin əlində olur?

- Bəzən qızım bu işdə mənə qalib gəlir.

N.Ehlamqızı: Oğlunuzun peşəkar futbolçu olmasını istərdiniz?

- Hazırkı duruma və Azərbaycan reallığına baxsaq, istərdim ki, futbolçu olsun. Dəfələrlə demişəm ki, mənim üçün daha vacib olan onun insani keyfiyyətləridir. Həkim, futbolçu ola, başqa sahədə də çalışa bilər, amma insani keyfiyyətlər çox önəmlidir.

“Səs tonumu qaldırıb, narazılığımı bildirmək çoxları üçün ən ağır cəzadır”

N.Muradova: Futbolçu olmaq prestijdir, yoxsa daha yaxşı qazancdır?

- Ümumən prestiji nəzərə alıb oynasa, ondan futbolçu çıxmaz. Qazancı düşünsə, yenə də yaxşı futbolçu ola bilməz. Futbol elədir ki, ona düzgün yanaşma tərzini müəyyənləşdirə bilsən, heç xəbərin olmadan prestij də, dolanışıq da olacaq.

D.Əhməd: Avropa klublarından hansının baş məşqçisi olmaq istəyərdiniz?

- Bu haqda düşünsəm, bu, mənim işimə mane ola bilər. Reallığa baxsaq, Azərbaycan futbolçularına Avropa klublarından diqqət azdır. Təbii ki, belə situasiyada azərbaycanlı məşqçiyə də münasibət fərqli olmayacaq.

A.İlqarqızı: “Qarabağ”ın büdcəsi dünyanın aparıcı klublarının büdcəsi qədər olsa, transfer edəcəyiniz ulduz futbolçu kim olar?

- Bizim şəraitimiz büdcəmizin Avropa klublarının büdcəsi qədər olmasına imkan vermir. Büdcəni çoxaldıb hansısa ulduz futbolçunu almaqdansa, stadionlar, bazalar tikmək, infrastruktur qurmaq lazımdır.

A.İlqarqızı: Fərz edək ki, onlar var...

- Onlar olandan sonra indi fikrimdə tutduğum ulduzlar olmayacaq.

N.Muxtarlı: Qurban Qurbanov futbolçulara futbol oynadığı vaxt öyrəndiklərini öyrədir, yoxsa başqa metodlardan istifadə edir?

- Məncə, o vaxt öyrəndiklərimdən futbolçulara dediklərim çox cüzidir. Çünki indi futbol tam fərqlidir və indi başqa şeylər tələb olunur. O vaxtla bu vaxtı müqayisə etmək doğru olmaz.

R.Nazimqızı: Futbolçuya ən sərt cəza üsulunuz nə olur?

- Futbolçuların mənə olan münasibəti, həqiqətən, bir az başqadır. Bəlkə də, mənə məşqçi kimi baxmırlar. Bəlkə, biri yoldaş, biri dost kimi baxır. Səs tonumu qaldırıb, narazılığımı bildirmək çoxları üçün ən ağır cəzadır.

N.Ehlamqızı: Hansı musiqiyə qulaq asanda gərginliyiniz azalır?

- Açığı, musiqiyə qulaq asmağa vaxtım yoxdur.

N.Muradova: Kitab oxumağa da vaxt tapmırsınız?

- Oxuyanda da futbola aid kitablar oxuyuram.

“Neçə dəfə olub, yanılmışam”

A.İlqarqızı: Sosial şəbəkələrdə də yoxsunuz. Amma adınıza açılmış bir neçə səhifə var...

- Özüm yoxam. Azərbaycanda İphone telefonlar dəbdədir, artıq 10 gündür o telefondan imtina etmişəm. İnternetə giriş imkanı məhdud olan telefon almışam. İnternet vaxtımı, həqiqətən, çox aparırdı.

R.Nazimqızı: İnternetdə nəyə baxırdınız ki?

- Biri deyirdi ki, hansısa saytda Natiq Muxtarlı belə yazıb, ona bax (gülür).

N.Muradova: Necə dincəlirsiniz?

- Daha çox futbol oynamaqla, övladlarımla gəzintiyə çıxmaqla. Elə indi Şamaxıdan gəlirdik, bir günlük istirahətə getmişdik. Əslində, mənim istirahətim komandanın qələbəsidir. Qələbə qazananda 1 illik enerji toplayırsan (gülür).

N.Ehlamqızı: Hakan Şükür futbolçu idi, indi siyasətçi, deputat oldu. Sizdə belə bir istək yoxdur?

- Siyasətə böyük marağım yoxdur. Açığı, elə bir dövrdə məşqçiliyi seçmişəm ki, başqa şey haqda düşünməyə vaxt yoxdur. Daim işin içində olmalıyıq ki, Azərbaycan futboluna faydamız dəysin. Hələ elə böyük işlər əldə etməmişik ki, futbolu kənara qoyub, siyasətə keçək.

R.Nazimqızı: Futbolda Sizi nə özünüzdən çıxarır? Kənardan izləyənlər deyirlər ki, Qurban Qurbanov olduqca təmkinli biridir, onun mimikasından hiss-həyəcanını sezmək çətindir. Son dönəmlərdə hirsləndiyiniz olubmu?

- Hər oyunda, hətta qalib gəldiyimiz oyunlarda da hirslənirəm. Öz narazılığımı isə soyunub-geyinmə otağında, yaxud oyunu analiz edəndə bildirərəm. Bəzən oyun zamanı formalaşan fikirlə oyunun video yazısına baxanda gördüklərim fərqli olur. Ona görə də sərt qərarlarımı video-yazıya baxandan sonraya saxlayıram. Neçə dəfə olub yanılmışam. Oyunda epizodu başqa cür görmüşəm, video-yazıya baxandan sonra anlamışam ki, yanılmışam.

N.Ehlamqızı: Futbolla bağlı kitab yazmaq istəmirsiniz?

- Açığı, belə düşüncələrim var, görək də.

N.Muradova: Futbolçulu karyeranızın hansı dönəmində məşqçi olmaq qərarına gəldiniz?

- Rusiyada oynadığım dönəmdə məndə belə fikirlər oldu. Bakıya gələnə qədər orada qeydlərimi aparmağa başladım. 31 yaşımda belə bir fikrə düşdüm.

Vasif Həsənli: Yaddaqalan qolunuz hansıdır?

- Yaddaqalan qollar olub. Azarkeşlərin yadında Serbiyaya vurulan qol qalıb. Səhv etmirəmsə, milli komanda tarixində səfərdə ilk xalımızı qazanmışdıq.

N.Muxtarlı: Tural İsgəndərov, deyəsən, bacınızın oğludur?

- Bəli.

N.Muxtarlı: Tural İsgəndərovdan xəbər çıxmadı. İstedadı olmadığına görə onu oynatmırsınız, yoxsa qohumunuz olduğu üçün qınaqdan çəkinirsiniz?

- Həqiqətən, gənc yaşlarında istedadı var idi. Oynatmamağımda haradasa dayısı olmağımın rolu var.

N.Muxtarlı: Qohumlar narazılıq etmirlər, dayı nə gündə lazımdır?

- Rayondan uzaqdayam, onları ayda-ildə bir dəfə görürəm, birtəhər yola veririk (gülür).

“Qurbanın içdiyi, siqaret çəkdiyi vaxt da olub”

N.Muxtarlı: İndi verəcəyim sualı əvvəlcə redaksiyada müzakirə elədik. İkitirəlik yarandı: kimi dedi ki, sual verilməlidir, kimisi də dedi ki, verilməməlidir. Mənə görə cəmiyyətdə bu məsələyə birdəfəlik nöqtə qoymaq üçün məhz bu sual indi Sizə verilməlidir. Özünüz də bilirsiniz ki, “Qarabağ”da oynayan futbolçuları və Qurban Qurbanovu hansısa dini tamayüllü hesab edirlər. Bəlkə Qurban Qurbanov konkret olaraq dini baxışlarını açıqlasın və məsələ də bununla bitsin, cəmiyyətdə də bu məsələnin müzakirəsi bağlansın.

- Çox söz-söhbət olur, bunun niyə olduğu mənə çatmır. Biz nəyi düz eləmirik və nəyi pis edirik? Hamımız özümüzü müsəlman sayırıq. Biz Məhəmməd peyğəmbərin (s.ə.s.) yolunu gediriksə, dediklərini etməyə, dinimizi təbliğ etməyə çalışırıqsa, pis fikir və əməllərdən, dedi-qodudan, spirtli içkidən, insan orqanizminə ziyan olan hər bir şeydən uzaq olmaq istəyiriksə, bunun nəyi pisdir?

N.Muxtarlı: Sualı belə qoyaq: Qurban Qurbanov dindardır, yoxsa hansısa dini təriqətin üzvüdür?

- Çalışıram ki, dinin tələb etdiyi vacib əməlləri yerinə yetirim, müsəlman kimi yaşayım və müsəlman kimi də dünyadan köçüm. Mənim o dərəcədə elmim də yoxdur ki, bunu hərf-hərf açıqlayım. Mənim bildiyim odur ki, vəhhabi təriqəti, ümumiyyətlə, yoxdur. Bu, sadəcə uydurmadır. Kimisi saqqal saxlayır, kimisi saxlamır. Hərəyə bir ad qoşsan, gəlib hara çıxacaq? Bunların hamısı boş şeylərdir. Buna önəm də vermirəm. Peyğəmbərin (s.ə.s.) üstünə su da atıblar, döyüblər də, yeri gələndə tüpürüblər də, amma o, Allahın rəsulu kimi onun dediklərini yerinə yetirməyə başlayıb. Dini hansı formada insanlara çatdırmaq lazımdırsa, öz işi ilə məşğul olub. Onlar belə şeylərə səbr ediblərsə, qoy minlərlə adam desin ki, Qurban “filankəsdir”. Heç bir pis yolun yolçusu deyiləmsə, kiməsə pislik etməməyə, düzgün və təmkinli, təmiz olmağa çalışıramsa, qoy kim nə danışır danışsın. Kimin haqqında danışmırlar ki? O tip fikirləri ortaya atanları zəif insan sayıram. Önəm vermirəm, yəqin ki, bu məsələ ilə bağlı məndən indiyə kimi bu qədər geniş açıqlama eşitməmişdiniz. Bundan sonra nə qədər istəsələr danışa bilərlər. İndi elə dövrdə yaşayırıq ki, bilirlər Qurban hara gedir, hardan gəlir. Hamı bilir ki, kim hansı yolun yolçusudur. Ən zəif insanlar bilmədiyini danışan, böhtan atan insanlardır.

A.İlqarqızı: Bu tip söhbətlər “Qarabağ”ın imicinə zərbə vurmaq üçün atılan addım ola bilər?

- Bəlkə də, düşünülmüş fikirlərdir. Əgər biz, rəhbərlik, futbolçular, məşqçilər olaraq bir-birimizə inanırıqsa, media nümayəndələri, dövlət məmurları bizi tanıyırsa, bizim narahat olacaq bir işimiz yoxdur. 40 yaşımız var, bioqrafiyamızı 40 dəqiqə içində danışa bilərik. Amma böyük ümidlərlə “Çempionlar Liqasının qrupuna düşək”, “çempion olaq” kimi xəyallar qururuq. Axırda özümüzlə nə aparacağıq? Ən azından pis ideya və fikirlərdən, kiminsə dalınca danışmaqdan uzaq olaq. Qalan şeylər inşallah düzələr. Qurbanın içdiyi, siqaret çəkdiyi vaxt da olub, Qurban onda yaxşı olub, indi o vərdişlərdən uzaqdır deyə, pis oğlan olub?

N.Muradova: Neçə yaşında ibadətə gəldiniz?

- Gözümü açandan anamı namaz qılan görmüşəm. O vaxtlar namaz qılmasam da, yaxşı əməllər etməyə çalışmışam. İbadətə Rusiaydan Bakıya dönəndən sonra, 31 yaşında başladım.

Qələmə aldı:

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm