Azərbaycan Bolqarıstana qarşı
Bizi izləyin

İdman

Azərbaycan Bolqarıstana qarşı

Azərbaycan Bolqarıstana qarşı

Bu gün futbol üzrə Azərbaycan millisi növbəti matçına çıxır.

Publika.az xəbər verir ki, millimiz AÇ-2016-nın seçmə mərhələsinə Bolqarıstana qarşı keçirəcəyi ev oyunu ilə start verəcək.

Qarşısına 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qzanmaq vəzifəsi qoyulan yığmamızın ilk oyununda hansı nəticə qazanacağı maraqla gözlənilir. Matçın Bakıda keçirilməsi komandamız üçün əsas üstünlüklərdən hesab olunur.

Azərbaycan və Bolqarıstan yığmalarının ilk dəfə rəsmi turnirdə yolları kəsişir. Baxmayaraq ki, bu komanda millimiz üçün tanış rəqibdi. Sadəcə, millimiz bundan əvvəl bolqarlarla bir qayda olaraq, yoxlama oyunlarında qarşılaşıb. Təəssüf ki, həmin oyunların da statistikası rəqibin xeyrinədi.

Azərbaycan və Bolqarıstan yığmaları ilk dəfə 2000-ci ilin 26 iyul tarixində Varna şəhərində qarşılaşıb. Yoxlama oyununda Bolqarıstan 2:1 hesabı ilə qalib gəlib. Həmin oyundakı yeganə qolumuzun müəllifi isə Ramiz Məmmədov olub. Təəssüf ki, bu, bolqarlarla görüşlərdə vurduğumuz yeganə qoldu. 2002-ci ilin 20 fevralında Sofiyada baş tutan qarşılaşmada da Bolqarıstan 3:0 hesabıyla üstün olub. Yalnız 2004-cü ilin 17 noyabrında Bakıda keçirilmiş son yoxlama oyununda yığmamız uduzmayıb - 0:0. Bir sözlə, Azərbaycan millisi üçün bolqarlar indiyə qədər arzuolunmaz rəqiblərdəndi.

Bolqarıstan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 72-ci yeri tutur. Düzdü, FİFA reytinqindəki mövqeyinə əsasən millimiz bolqalardan elə də geri qalmır. Çünki Azərbaycan hazırda bolqarlardan cəmi bir pillə geridə - 73-cü pillədə qərarlaşıb. Vaxtilə dünya və Avropa çempionatlarının iştirakçısı olmuş rəqibimiz son illərdə əvvəlki nüfuzunu itirsə də, yenə komandamızla müqayisədə kifayət qədər güclü rəqibdi.

Bolqarlar 7 dəfə dünya çempionatının iştirakçısı olub. 1994-cü ildə isə bu komanda dünya dördüncüsü olub. DÇ-dəki uğurlarının çox olmasına baxmayaraq, millimizin rəqibi Avropa çempionatında cəmi iki dəfə (1996 və 2004-cü illərdə) iştirak edib. Lakin bolqarlar mübarizəni elə qrup mərhələsində dayandırmalı olublar.

Bolqarıstan millisinə yerli mütəxəssis Lyuboslav Penev başçılıq edir. 45 yaşlı məşqçi 2011-ci ildən etibarən bu yığmanı çalışdırır. 2009-cu ildən məşqçilik edən mütəxəssis yığmadan öncə Sofiya ÇSKA-sında, "Liteks"də də işləyib. O, bu ildən etibarən eyni zamanda "Botev"i də çalışdırır.

Göründüyü kimi, yığmamızı növbəti seçmə mərhələnin startında heç də zəif rəqib gözləmir. Buna baxmayaraq, Azərbaycan millisi yeni tsiklə qələbə ilə başlamağa borcludu. Əvvəla ona görə ki, qarşılaşma Bakıda, doğma azarkeşlərin gözü qarşısında keçiriləcək. İkincisi, baş məşqçi Berti Foqts, AFFA rəhbərliyi başda olmaqla, komanda üzvləri də tarixdə ilk dəfə AÇ-nin final mərhələsinə çıxmaq iddiasındadı. Bu iddianın boşuna olmadığını isə məhz startda bolqarlar üzərindəki qələbə ilə isbatlamaq olar.

Bolqarıstanla oyun Azərbaycan millisinin 2014-cü ildə 5-ci oyunu olacaq. Yığmamız bu il ilk rəsmi oyununa çıxır. Əvvəlki dörd qarşılaşmanın hamısı yoxlama oyunları çərçivəsində baş tutub. Mart ayında Dubayda Filippinə 1:0 hesabıyla qalib gələn futbolçularımız mayda San-Fransiskoda baş tutan görüşdə ABŞ millisinə 2 cavabsız qolla uduzub.

Avqustun 20-də Bakıda baş tutan Özbəkistanla qarşılaşma 0:0 hesabıyla başa çatıb. Sentyabrın 3-də Moskvada keçirilən Rusiya ilə oyunda isə millimiz 0:4 hesablı məğlubiyyətlə üzləşdi ki, bolqarlarla görüş öncəsi belə bir yenilginin komandamızın üzvlərinə psixoloji cəhətdən mənfi təsir edəcəyini düşünənlər var.

Amma ümid edək ki, Moskvadakı biabırçı məğlubiyyət futbolçularımızı ayıldacaq və onlara müsbət mənada kömək edəcək. Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 208-ci matçına çıxacaq. Oyunların 38-də qələbə qazanmışıqsa, 56-da da heç-heçə ilə təsəlli tapmışıq. 113 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 146 qol vurduğumuz halda, öz qapımızdan 352 top çıxarmışıq.

AÇ-2016-nın seçmə mərhələsi

H qrupu

9 sentyabr

21:00. Azərbaycan - Bolqarıstan

Hakimlər: Alon Yefet, Danni Krasikov, David Elias Bitton, Nissan Davidi.

Əlavə köməkçi hakimlər: Liran Liani, Roy Reynşreyber (Hakimlər briqadası İsraildəndi).

Hakim-inspektor: Krister Fallström (İsveç).

UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya).

Bakı. “Bakcell Arena”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm