• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

30 il əvvəl “humanist hisslər”ə görə dayandırılan qarşılaşma

  • İdman
  • 10 Sentyabr 2014 16:05
  • 1 041 Baxış
30 il əvvəl “humanist hisslər”ə görə dayandırılan qarşılaşma

30 il bundan əvvəl nəinki SSRİ, bütün dünyanın diqqəti bu qarşılaşmada idi. Anatoli Karpov dünya çempionu titulunu qorumaq üçün Harri Kasparovla qarşılaşırdı.

1985-ci ilin 15 fevral tarixində FİDE prezidenti Kampomanes gözlənilmədən matçın dayandırıldığını elan etdi. Həmin vaxt dünya çempionu ilə gənc qrossmeyster düz 5 aydan çox idi ki, şahmat taxtası arxasında baş “sındırırdı”.

Bütün dünyanın diqqət mərkəzində olan bu dramatik qarşılaşma ilə bağlı keçmiş bakılı Harri Kasparovun fikirlərini dinləyək:

“Bizdə bir dünya çempionu var. Başqası bizə lazım deyil”

“Sovet dövründə qrossmeyster olmaq elə də asan deyildi, çünki həmin dövrdə doğurdan güclü şahmatçılar vardı. Bundan əlavə, mənim yaxşı başım, əla müəllimim vardı. İnsanlarla da bəxtim gətirib. Elə ona görə də mən bu planda özümü xoşbəxt hesab edirəm. Deyərdim, çox bəxti gətirən insanam. Məndə o zaman hər şey alınırdı. Bir sözlə, gənc şahmatçının arzuladığı hər şeyə sahib olurdum. Elə alındı ki, şahmat tacına iddialı ola bildim. Bu vaxta qədər mən dünyanı çəhrayı rəngdə görürdüm. O vaxt enerji ehtiyatım mənə sərhədsiz görünürdü.

Lakin hələ 1982-ci ildə, ilk zənglər səslənəndə, bundan sonra necə yaşayacağım haqda düşünməyə başladım. Ölkənin və eyni zamanda dünyanın kifayət qədər güclü, gənc şahmatçısının xaricdə keçirilən turnirlərdə iştirak etməsində nə qəbahət ola bilərdi? Heç nə. Özü də həmin vaxtlar şahmat nəhənglərinin toplaşdığı bütün turnirlərə dəvət alırdım.

Görünür, çinovniklər mənim dünya şahmat tacına namizəd olacağımdan qorxurdu. Onlar mənə deyirdilər ki, bu, hələ sənə lazım deyil. SSRİ-nin dövlət idman komitəsinin şahmat idarəsinin rəhbəri, qrossmeyster Nikolay Kroqius mənə qarşı heç bir şəxsi ədavətinin olmadığını deyərək, birbaşa söyləyib: “Hazırda bizdə şahmat üzrə bir dünya çempionu var. Bizə ikincisi lazım deyil”.

Karpovun səhv qərarı

Karpovla oyuna gəldikdə isə, o, qarşısına mənə “quru” hesabla qalib gəlmək vəzifəsi qoymuşdu. Elə ona görə də, mübarizə bu qədər uzandı. Çünki Karpov daim riskdən qaçır. Hansısa məqamda mən təşəbbüsü əlimə aldım, lakin sonradan onu yenə itirdim. Bu vaxt isə Karpov artıq 5 partiyada qalib gəlmişdi. Hər şey sona yaxınlaşırdı.

Lakin burada elə bir məqam yarandı ki, onu heç cür izah edə bilmirəm. Mən 0-5 hesabı ilə uduzarkən keçirdiyim hissləri xatırlayıram. Sanki içimdə hansısa mexanizm söndürülmüşdü. Lakin 30-cu partiyanın ortalarında məndə özümə qarşı “bu mübarizəni uduzmayacam” inamı yarandı.

Mən hiss edirdim ki, rəqibimə nə isə olub və onda az öncə olan enerji tükənib. O, bütün qüvvəsini sonuncu zərbəni vurmaq üçün toplayırdı. Bu isə səhv addım idi. Bu onda 31-ci partiyada alınmayanda mən 32-ci partiyada qalib gəldim. Onda Karpov məni böyük hesabla məğlub edə bilməyəcəyini anladı.

32-ci partiyadan başlayaraq 17 oyunda Karpovun məni məğlub etmək üçün cəmisi bir real şansı oldu. 41-ci partiyada o bir gediş etməklə buna son qoya bilərdi. Ancaq o, bunu edə bilmədi. Baxmayaraq ki, o, bu partiyaya xüsusi hazırlaşmışdı. Məhz 41-ci partiyadan sonra Karpov məni məğlub edə bilməyəcəyini başa düşdü.

40-cı partiyadan sonra təşəbbüs tamamilə mənim əlimdə idi: mən 44 və 46-cı partiyada qalib gələ bilərdim. 47-ci partiyada qalib gəldikdə isə növbəti hadisələr üçün zəng çalındı. Bir həftəlik fasilə elan edildi. Mən dövlət komitəsinin nümayəndəsi Demiçivin adına məktub göndərdim.

Məktubda yaranmış fasilənin Karpovun maraqlarına xidmət etdiyini göstərdim. Fasilə Karpovun gücünün bərpa olunması üçün nəzərdə tutulmuşdu. Məktubda normal şəraitdə matçın davamını tələb etmişdim.

“Siz başa düşməlisiniz ki, onsuzda qalib gələ bilməyəcəksiniz”

Ancaq bundan sonra cəmisi bir partiya oyandıq. Hamı bilirdi ki, matç uzun müddət davam edə bilməz: iki ay yarım müddətində Karpov bir partiyada da qalib gələ bilmədi. Bu isə çox şeydən xəbər verirdi. Düzdür, mən Kasparovla razılığa gələ bilərdim.

Daha doğrusu onun kürəyi arxasında dayanan, onu müdafiə edən sistemlə. O sistem məni bərabərhüquqlu rəqib kimi görmək, qəbul etmək istəmirdi. Mənə açıq şəkildə deyildi: “Siz istədiyiniz qədər oynaya bilərsiniz. Lakin başa düşməlisiniz ki, onsuz da qalib gəlməyəcəksiniz”.

Bütün qüvvələr səfərbər edildi. Kampomanes təcili olaraq Moskvaya gəldi.1984-cü ilin 15 fevralında “Sport” mehmanxanasının zalında mətbuat konfransı keçirildi. Konfransda məni görmək istəmədiklərini söylədilər.

Kampomanes zaldan çıxaraq matçın dayandırıldığını elan etdi. Mənə belə izah etdilər ki, qarşılaşma “yıxılanı vurmaq olmaz” insani keyfiyyətinə görə yarımçıq dayandırılıb.

Qoy Kasparov desin!

Gözlənilmədən Karpov səhnəyə çıxaraq iştirakçılarda şok effekti verən sadə bir kəlmə işlətdi: “Mən hesab edirəm ki, matç davam etdirilməliydi. Qarşılaşmanı dayandırmaq qərarı məni qane etmir”.

Bunu əlbəttə ki demək lazım deyildi. Matç artıq dayandırılmışdı. Karpov bu sözlərlə mətbuat konfransında qarışıqlıq yaratdı. Çünki nəinki mənim, hətta Kaprovun pərəstişkarları da hesab edirdi ki, şahmat tacı ədalətsiz şəkildə mənim əlimdən alınır.

Hətta zaldan qışqırdılar: “Qoy Kasparov desin!”. Məni səhnəyə dəvət etdilər. Səhnəyə gedərkən bir neçə saniyə ərzində düşündüm ki, baş verənlərdən narazı olduğumu bildirməliyəm. Səhnəyə qalxaraq dedim: “Bu, pis tamaşa nəyə görədir, yoldaş prezident?”

Sonrakı hadisələr öz axarı ilə inkişaf etdi. Payızda Karpova revanş-matçda qalib gəldim və dünyanın 13-cü çempionu oldum.

Qeyd: Bu qarşılaşma ilə bağlı çox maraqlı fikirlər var. Deyilənlərə görə, Karpova SSRİ rəhbərliyinin dayaq durduğunu görən ümumilli lider Heydər Əliyev bakılı Kasparovu onların təzyiqlərindən qoruyub. Məşhur parapsixoloq Tofiq Dadaşov isə Karpov-Kasparov oyununa göndərilib. Kasparovun dediyini xatırlayaq: “Lakin burada elə bir məqam yarandı ki, onu heç cür izah edə bilmirəm. Mən 0-5 hesabı ilə uduzarkən keçirdiyim hissləri xatırlayıram. Sanki içimdə hansısa mexanizm söndürülmüşdü. Lakin 30-cu partiyanın ortalarında məndə özümə qarşı “bu mübarizəni uduzmayacam” inamı yarandı. Mən hiss edirdim ki, rəqibimə nə isə olub və onda az öncə olan enerji tükənib”.

Sizcə, Tofiq Dadaşovun “Sport” mehmanxanasının zalında görünməsi ilə Kasparovun dedikləri arasında sirli əlaqə yoxdur?

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR